Fərqli zamanların olmayan ara məsafəsi…

… Kitabı oxuyub başa  çatanda gəldiyin ilk qənaət belə olur ki, sanki min illərdir hər şey əvvəlcədən planlaşdırılmış şəkildə davam etməkdədir. Zaman keçəndən sonra elə bil hər şey öz ilkinliyinə qayıtmaq istəyir. Təkcə insandan başqa… Əslində şeytanlaşan insan təbiətin tarazılığını pozandır…Fərqli zamanlarda cərəyan edən hadisələrin olmayan ara məsafəsində ilkinliyinə, saflığına qayıtmaq istəməyən insandır…

 

…Hə, “Qanıq, Hasan, bir də Qaragöz” romanından söhbət gedir. Bu haqda bir az sonra…

Son vaxtlar gücümü, içimdəki yaşamaq və həyat eşqimi mütaliəyə həsr edirəm. Oxumağa daha çox vaxt ayırıram. Səmimiyyətimə oxucunun da inanmağını istəyirəm; mən ədəbiyyat nümunəsi oxuyanda, yaxud bədii nəsə yazanda saflaşıram, Tanrının məni hansı formada, duyğuda yaratdığı məqama yüksəlirəm, uşaq oluram, saf oluram, yüngülləşirəm. İçimdə illərin toplandığı qayğılar, gördüklərim, müşahidələrim, təsadüf etdiyim olayların içindəki ağrı-acılar, qarışıqlıqlar tamamıilə yox olur. Kəpənək qanadına bükülə, ruh kimi pərvaz edə, xəyalən buludlara qədər ucala bilirəm. Əlbəttə söhbət həqiqi ədəbiyyat nümunəsindən gedir, söz yığınından, əllaməçilikdən, özünə vurğunluqdan bəhs edən, təmənna dolu əsərlərdən yox.

O əsərlərdən bəhs edirəm ki, oxucunun mənəvi qidasıdır və həmin əsərlər oxucunu aurasında saxlaya, təşnə ola bilir. Mən özümü əsl oxucu sayıram və istəyirəm ki, buna da oxucularımız səmimi olaraq inana bilsin. Məni tərpədə bilməyən, yaddaşıma hopa bilməyən əsər yarımçıq qala bilir, səhifələnmir, oxunmur. Onu da etiraf etməliyik ki, bu gün oxucuların sayı azala  bilər, amma dəyər verən, diqqətli oxucular isə elə, məhz  bu azlıqda qalanlardır…

Mövzuya uzun-uzadı giriş verməyim bəlkə də, yorucu olacaq, amma haqqında bəhs etdiyim bir romanının məziyyətləri ilə tanış olduqdan sonra oxucu mənə haqq verə bilər, düşünürəm. Çünki mən sözün həqiqi mənasında əsl ədəbiyyat nümunəsindən bəhs edəcəyəm.

 

Son vaxtlar məndə mütaliə etmək üçün xüsusi bir maraq və məqam yaranıb, vaxt çoxluğu var. Dənizdə oluram və boş vaxtlarımı gəminin kapitan körpüsündəki istirahət məkanında və kayutamda kitablarla keçirirəm, eyni zamanda ara-sıra yazıram da. Bu dəfə yazdığım və sizlərin ixtiyarına verdiyim bu ürək sözlərim kimi…

Yenə də əlavə edim ki, son yaradıcılıq işlərimi nəzərə almasaq, mütaliəyəyə daha çox vaxt ayırıram, yorğunluğumu yox edir, mənəvi dünyamı zənginləşdirir, həmin əsərlərin mənə verdiyi zövq ilə keçmişimə, xatirələrimə qayıda da bilirəm. Bu qəbildən olan, oxuduğum  sonuncu roman isə tanımmış qələm adamı, jurnalist, Mətbuat Şurasının sədri Əflatun Amaşovun qələmə aldığı, nəşr etdirdiyi ilk romanıdır.

“Qanıq, Hasan, bir də Qaragöz” adlanan bu roman bəlkə də Əflatun bəyin ilk dərc olunan romanı olsa da, ilk irihəcmli bədii əsəri deyildir. Elə buna görə də  tanınmış qələm adamının romanını oxumaq üçün tərəddüd də etmədim. Publisistikasının dili, oxuduğum digər yazıları ilə gözlədiyim və izlədiyim bu məşhur imza ilə təqdim olunan romanı oxumağa bir qədər də tələsdim. Oxudum da.  Kitabı müəllif özü hədiyyə etdi. Dənizdə uzaq səfərdə idim. Sosial şəbəkədən əsər haqda xəbər bilən kimi də zəng edib, kitabınızı oxumaq istəyirəm, dedim, məmnuniyyətlə hədiyyə edə biləcəyini dedi.

Və sahilə yan alan kimi müəlliflə görüşə getdim. Qəbulunda bir neçə nəfər olduğundan, gözləyənlərə mənimlə görüşü  çox qısa olacağını dedisə də, əslində bir saata yaxın söhbətimiz alındı. Ölkənin baş jurnalistinə jurnalist marağından irəli gələrək ünvanladığım suallara cavabları maraqlı olduğundan söhbətimiz uzandı. Qəbul otağında oturanların səbrinin daralacağını bildikdə, söhbətimizi sonraya saxlayası olduq.

…Kitabı dənizdə oxudum. Kitabdakı hadisələr dəniz səviyyəsindən xeyli yüksəklikdə baş versə də, özümü hadisələrin içində, həmin məkanda və zamanda hiss etdim. Bu, əsərin mükəmməl süjet xəttindən, hadisələrin başvermə anlarının fərqli zamanlarda olmasına baxmayaraq, bu ara məsafəni hiss etməməkdə idim. Bütün bunlar sanki əsərin içərisində cərəyan edən dramatik hadisələrin iştirakçı olmamdan irəli gəlirdi. Mən bir oxucu kimi əsərə aludə olmamışdım, romanın fəsillərinin hər birində  ayrı-ayrı qəhrəmanlarının yanında dururdum. Lap elə Qanıqın da, Qaragözün də taleyinə acıdığım anlar olurdu. Mənə elə gəlirdi ki, bu dəqiqə kayutadan çölə, gəminin üst göyərtəsinə keçsəm qarşımda mavi, ləpələnən dəniz yox, ucalıq, dağlar, soyuq sulu bulaq, sərhəd xətti, əli silahlı yeni hökumət adamlarını, ağzı və sözü bütöv el və tayfa ağsaqqalını görəcəm.

Oxucunu, əmin edirəm, əsəri əldə edib oxusalar, mənim keçirdiyim hissləri keçirməli, yaşamalı olacaqlar. Mən bu əsəri oxumaqla o günlərə, elə müasir vaxtlara da varmış olurdum, həm də içimdə bir əminlik vardı, “Qanıq, Hasan, bir də Qaragöz” adlanan romanın iç qatına, obrazların ruhuna və xarakterinə yad deyiləm. Mən o romanın içindəyəm – düşüncələrimlə, yaşantılarımla, xatirələrimlə, fantaziyamla. Canavar, canavardan dönmə Qanıq, gecənin və şaxtanın, quduz heyvanın vahiməsindən titrəyən uşaq, bir ailəni, nəsli pisniyyətlilərdən xilas etmək, yaşatmaq üçün anında qərar verən ağsaqqaldan da məndə nəsə var, daha doğrusu, haqqında bəhs etdiyim əsərdən əsərdən mənim yaşamaq istədiyim anlara çox şeylər köçüb qalıb. Mən bu əsərdə ətrafadakı bütün səsləri eşidir, duyurdum, əsərdəki obrazlarla birlikdə yaşayırdım. İztirab çəkirdim əsərdəki dərd yükü ilə məşəqqət çəkənlər kimi. Heç bilmirəm, fikirlərimi düzgün ifadə edə bilirəmmi? Təkcə bunu deməyi özümə borc bilirəm: o yazar rahat nəfəs ala bilər ki, oxucunu inandıra və əsərinin məzmununda yaşada bilir.

Əsərin bədiiliyi ilə yanaşı bir tarixiliyi, coğrafiliyi də maraq kəsb edir. Mənim doğulub boya-başa çatdığım məkandan xeyli uzaqda baş verən olaylarda, özümün də bilmədiyim, fərqinə vara bilmədiyim bir yaxınlıq, doğmalıq var.

Əflatun müəllimin uşaq yaddaşı çox möhkəm olub. Gördükləri, eşitdikləri uzun illərdən sonra bir sanballı romanın fəsillərində hər kəsi ağuşuna alaraq o yerlərin sakini edə bilir. Xalqın yaddaşına hopanlar gələcək nəslə ötürülür. Bu, əslində bir millətin, elatın çox-çox uzaqlardan bu günə qədər gəlib çıxan yaşantılarıdır…

Faiq BALABƏYLİ

 

 

 

Share: