Gəncədə zorlanan qızla bağlı yeni xəbər var

Gəncə şəhərində 2005-ci il təvəllüdlü, sağlamlıq imkanları məhdud olan, yetkinlik yaşına çatmayan qızın zorlanaraq hamilə qalmasına dair ailə üzvləri tərəfindən “916” Çağrı Mərkəzinə müraciət daxil olduqdan sonra Ombudsman tərəfindən Gəncə Şəhər Prokurorluğuna sorğu göndərilərək məsələ dərhal nəzarətə götürülüb.

Müstəqil.Az xəbər verir ki, Ombudsman Aparatından verilən məlumata görə, yeniyetmənin ailə üzvləri qızın müalicəsinin Bakıda davam etdirilməsi üçün yenidən müraciət ediblər. Hazırda zərərçəkmişin müalicəsi Bakıda davam etdirilir. Aparatın əməkdaşları yeniyetmənin ailə üzvləri ilə mütəmadi əlaqə saxlayaraq, onun səhhəti, psixoloji durumunu nəzarətdə saxlayırlar.

Ombudsman Aparatının nümayəndəsi bu barədə belə deyib:

“Ailə ilə əlaqə saxladıq. Anası Ə.P.-nin sözlərinə görə, Ə.G. 17 martda təcili tibbi yardım avtomobili ilə Respublika Klinik Xəstəxanasına gətirilib. Martın 19-u isə 28 həftəlik hamiləlik sonlandırılıb. Hazırda yeniyetmə reanimasiya şöbəsindədir”.

Ana bildirib ki, Gəncədə olanda qızının psixoloji vəziyyəti daha da gərginləşib. Onun sözlərinə görə, övladının vəziyyəti günü-gündən ağırlaşıb.

Ana qızının reanimasiyadan nə vaxt çıxacağını bilmir. O, bu barədə istəklərini dilə gətirib:

“İstərdim ki, burada müalicəsi bitdikdən sonra qızım psixoloji xəstəxanada da müalicə alsın. Başına gələnlərdən sonra ruhi vəziyyəti daha da pisləşib”.

Müstəqil.Az

Share: