İLQAR İSMAYILZADƏ ŞƏXSİYYƏTİ, yaxud Muğan tarixinin fundamental araşdırıcısı

Bölgələrdə elə tədqiqatçılar vardır ki, elm və ədəbiyyat mərkəzlərində yaşayanlar onlara həsəd aparırlar. Bölgədə yaşayanlar üçün tədqiqat imkanları nə qədər məhdud olsa da, şəxsi fədakarlıq və zəhmət bahasına böyük işlər görənlər çoxdur.

Mənim yaşadığım Cəlilabad bölgəsi Rəşid Əsgərov, Elşad Əmənov, Rza Rzayev, Ələsgər Mirzəzadə, Mahmudağa Qasımov kimi tarixçilər yetişdirmişdir. Bölgənin ədəbi mühiti də zəngindir. Bu rayonda Seyid Miryusif ağa, Abbasağa Azərtürk, Mirzəli Hüseynzadə, Misir Alarlı kimi məşhur şairlər yaşayıb-yaratmışlar. Cəlilabad Muğanın mərkəzində yerləşən bir bölgədir. Bu bölgə yaxşı araşdırılmamış qədim tarixi, hələ tam öyrənilməmiş etnoqrafiyası və toplanılmamış folkloru ilə diqqət çəkir. Necə deyərlər, elm üçün münbit bir yer olan Cəlilabadı elə cəlilabadlılar özləri araşdırır, bir-birinin ardınca maraqlı kitablar ərzəyə gətirirlər. Belə tədqiqatçılardan biri İlqar İsmayılzadədir.
İlqar Əcəbəli oğlu İsmayılzadə 1976-cı il mayın 30-da Cəlilabadda anadan olub. Atası mərhum Əcəbəli İsmayılov Çünzəli kəndində doğulmuş, Cəlilabad rayonunda müxtəlif vəzifələrdə çalışmışdır. İlqarın babası isə əslən Şuşalı olsa da, Çünzəlidə yaşamış və burada da dünyasını dəyişmişdir.
İlqar İsmayılzadə orta məktəbi başa vurduqdan sonra ali təhsil almaq üçün İrana getmiş, Beynəlxalq İslam Elmləri Universitetində İslam mədəniyyəti və maarifi üzrə bakalavr təhsilinə yiyələnmişdir. 1999-2003-cü illərdə Beynəlxalq əl-Mustafa Universitetində Quran və Hədis elmləri üzrə magistraturada oxumuş, 2008-ci ildə Quran Elmləri Universitetində Müqayisəli təfsir elmləri üzrə doktoranturanı, 2014-cü ildə Beynəlxalq əl-Mustafa Universitetində ilahiyyat elmləri üzrə doktoranturanı bitirmişdir. 2011-2012-ci illərdə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda baş laborant işləmiş, sonra ərəb-fars dilləri üzrə tərcüməçi kimi çalışmışdır.
İlqar İsmayılzadə Azərbaycan, ərəb və fars dillərində 120-ə yaxın elmi araşdırmanın müəllifidir, 22 kitabı ərəb və fars dillərindən Azərbaycan dilinə çevirmişdir. Onun 200-dək elmi və elmi-kütləvi məqaləsi çap olunmuşdur. İxtisasca ilahiyyatçı olmasına baxmayaraq, müxtəlif elm sahələrinə, o cümlədən tarixə dair yazılar yazır, kitablar çap etdirir.
2020-ci ilin sonlarında İlqar İsmayılzadənin bölgə tarixi ilə bağlı 2 fundamental araşdırması işıq üzü görüb. Bunlardan biri “Həməşəra tarixi” adlanır. Bu kitabda gedən məlumatlar da daxil olmaqla işıq üzü görən “Yurdumun tarixi (Qədim Muğan və Həməşəra, keçmiş Astraxanbazar və müasir Cəlilabad barədə tarixi araşdırmalar)” kitabında bölgənin qaranlıq keçmişinə aydınlıq gətirilir. Cəlilabad bir müddət Astraxanbazar, ondan qabaq isə Həməşəra adlanmışdır. Bu bölgənin zəif öyrənilmiş tarixi müəmmalarla doludur. İlqar İsmayılzadə bu qaranlıq tarixə işıq salmağa çalışır: “Həməşəra Odlar Yurdu Azərbaycanın bir parçası sayılan Muğan düzünün ən böyük şəhəri, həm də Muğan şəhərinin xarabalağa çevrilməsindən sonra ikinci paytaxtı olmuşdur. Əldə olan tarixi məxəzlərə əsasən, Muğan diyarında Muğan, Bəcrəvan, Həməşəra, Mahmudabad, Biləsuvar, Bərzənd və Varsan kimi şəhərlər mövcud olmuş və Muğan diyarı bu gözəl şəhərləri, eləcə də ürəkoxşayan coğrafi mövqeyi, gözəl təbiəti, müxtəlif və çoxçeşidli nemətləri, sərin bulaqları, xüsusilə də mülayim təbiətli insanları ilə hər zaman diqqət mərkəzində olmuşdur”.
İlqar İsmayılzadə kitabında oxuculara təqdim etdiyi zəngin ədəbiyyat siyahısından özü də məharətlə faydalanmışdır. “Yurdumun tarixi” kitabı bölgə ilə tanışlıq fəsilləri üzərində qurulsa da, burada indiyədək araşdırılmamış faktlar öz əksini tapmışdır. Muğanın Bəcrəvan, Bərzənd, Pilsəvar, Mahmudabad, Həməşəra, Varsan kimi qədim şəhərləri, həmçinin müasir rayonları olan Cəlilabad, Biləsuvar, Masallı, Sabirabad, Saatlı, Salyan, Germi, Parsabad, Aslandüz, İslamabad, Cəfərabad haqqında bilgilər olduqca maraqlıdır. Muğanda mövcud olmuş dinlər, inanclar, xüsusən Tanrıçılıq ideyaları da maraqlıdır. Ayrı-ayrı mənbələrdə – kitablar və salnamələrdə Muğan haqqında olan fikirlər bir yerə cəm edilmişdir. Həməşəra haqqında isə ətraflı məlumat verilir, bu barədə aparılan araşdırmalar xatırlanır. Bölgənin Astraxanbazar və Cəlilabad adlandığı dövrlərdəki tarixləri xarakterizə olunur, Cəlilabadın 117 kəndi haqqında məlumat verilir, toponimləri araşdırılır. Cəlilabadın tarixi ilə bağlı yazılmış bütün əsərlərin biblioqrafik icmalı verilir. Bölgənin tanınmış simaları haqqında olan oçerklər də oxunaqlı bir dillə qələmə alınmışdır. Cəlilabadın tarix tədqiqatçılarını “canlı ensiklopediya” adlandıran İlqar İsmayılzadənin öz adını da məmnuniyyətlə bu siyahıya daxil etmək olar.
Bölgədə yaşayan və bölgə tarixini fundamental şəkildə araşdıran İlqar İsmayılzadə öz kitabları ilə bu sahədə gələcəkdə aparılacaq tədqiqatlar üçün təməl hazırlayıb. Onun araşdırmaları bir çox mübahisəli məsələlərə də aydınlıq gətirir. Kitablarda verilmiş xəritələrin və tarixi şəkillərin isə dəyərini vermək çətindir.
Sonda bir şəxsi fikrimi də bildirmək istəyirəm: Təəssüf ki, İlqar İsmayılzadənin “Həməşəra tarixi” və “Yurdumun tarixi” kitabları kütləvi tirajla işıq üzü görməyib. Elə bilirəm, bu cür dəyərli elmi araşdırmaların akademik səviyyədə nəşrinə ehtiyac var. İnanıram ki, bu kitablar Azərbaycan tarixini, etnoqrafiyasını və folklorunu araşdıran tədqiqatçılar üçün əvəzsiz mənbə olacaq.
Bilal Alarlı (Hüseynov),
filologiya üzrə fəlsəfə doktoru

Share:

Author: Müstəqil AZ