Tarix yazan qəhrəmanlar… – Əntiqə Qonaq yazır

Tarix yazan qəhrəmanlar

                                     

VƏTƏNƏ OĞUL BORCU

 

“Oğul düşmən çəpəridir”- demiş ulularımız. Bəlkə də, çoxumuz bu hikmətli deyimin mahiyyətinə varmamışıq. Başqa-başqa yozumlarda anlamışıq. Ta bu günümüzədək. Beyinlərimizdəki son 28-30 ilin nisgil dolu, həsrət dolu, qəzəb dolu, qələbəyə üsyankarcasına mübariz ruhla dolu düşüncələrimizi alt-üst edərək BÖYÜK BİR QƏLƏBƏ TARİXİnə köklənmiş hiss və duyğularımız fonunda bu dəyərli deyimin nə qədər hikmət dolu olduğunun fərqinə vardıq. Bəli, oğullarımız məhz 44 günlük bu zəfərlə tamlanmış savaşda düşmənə çəpər ola bildilər. Şücaətləri ilə, qorxmazlıqları ilə, cəsarətləri ilə, vətən sevdasıyla dolu şir ürəkləri ilə düşmənə sipər oldular və onları torpaqlarımızdan qovub çıxardılar. Düşmənin gözünə tikan, qəlbinə saplanmış bıçaq oldular. Onlara sözün həqiqi mənasında hərb dərsi keçdilər. Bu proses hələ də davam edir.

 

Vətən müharibəsi zamanı Qarabağın işğal olunmuş ərazilərinin düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlarda iştirak edən igid oğullarımızdan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin protokol sektorunun məsləhətçisi Fərhad Allahverdizadədir. Fərhad sentyabrın 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə gedərək könüllü ordu sıralarına yazılmış və müharibə başlayandan ön cəbhədə düşmənə qarşı şücaətlə vuruşmuşdur. Pulemyotçu olan Fərhad Allahverdizadə Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Qırmızı Bazar yüksəkliyi və s. istiqamətlərdə torpaqlarımızın işğaldan azad olunması uğrunda mərdliklə vuruşmuş, düşmənin çox sayda canlı qüvvəsini məhv etmişdir. Döyüşlər zamanı yaralansa da, yarası sağalar-sağalmaz yenidən ön cəbhəyə yollanmış, düşmənə qarşı ölüm-dirim savaşında daha da amansız olmuşdur. Hal-hazırda o, döyüş yoldaşları ilə birlikdə düşməndən azad edilmiş ərazilərimizdəki postlara nəzarət edirlər.

Sin descripción disponible.

Tanıtım: Allahverdizadə Fərhad Əli oğlu 1988-ci il avqustun 3-də Bakıda anadan olub. 2006-2010-cu illərdə Xəzər Universitetində ingilis dili üzrə sinxron tərcümə fakültəsində təhsil alıb. 2011-2013-cü illərdə Şimali Kipr Doğu Akdeniz universitetində beynəlxalq iqtisadi münasibətlər üzrə magistraturada oxuyub. 2013-2016-cı illərdə həmin universitetin marketinq fakültəsinin magistraturasında ixtisas biliklərini artırıb. Daha sonra Ukraynada Taras Şevçenko adına Kiyev Milli universitetdə ali hüquq təhsili alıb. Elə həmin ildən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin protokol sektorunda çalışır.

Sin descripción disponible.

Fərhad hələ məktəb illərindən nümunəvi davranışı, yüksək əxlaqi keyfiyyətləri, nizam-intizamı, əla təhsili ilə yaşıdlarından fərqlənib. Məsuliyyət hissini heç bir zaman unutmayıb, qarşısına qoyduğu məqsədə çatmaq üçün bütün gücünü və vaxtını sərf edib. Həmişə özünü xalqına, millətinə layiq oğul kimi yetişdirməyə çalışıb. Vətənpərvərliyi, ali dəyərlərə hörmət və ehtiramı ilə diqqəti cəlb edib. Birinci Qarabağ savaşında uşaq olduğundan böyüdükcə müharibə və onun iştirakşıları barədə, torpaqlarımızın işğalı və düşmənin dinc əhalimizin başına açdığı amansız, qəddarcasına olaylar barədə daha çox bilgi toplamağa çalışıb. Ermənilərin xalqımıza qarşı törətdiyi vəhşilikləri və dəhşətli işgəncələri öyrəndikcə düşmənə qarşı nifrəti birə-on artmış, qisas hissi qəlbinə dinclik verməmişdir. Buna görə də erməni vandallarının xalqımıza etdiyi soyqırımı, qeyri-insani hərəkətləri dünya ictimaiyyətinin nəzərinə çatdırmaq üçün fəaliyyətə başlamışdır.

Sin descripción disponible.

Doğu Akdeniz universitetində bu fəaliyyətini daha da genişləndirərək ətrafına xeyli ictimai fəal toplamışdır. O, Şimali Kipr Türk Cümhuriyyətində magistr təhsili alarkən diaspor fəalı kimi də müəllim və tələbə yoldaşlarının dərin hörmət və rəğbətini qazanmışdır. “Kreativ Gənclər” Xaricdə Təhsil Alan Azərbaycanlı Tələbələrə Yardım İctimai Birliyinin sədri və kitabxana.net portalının türk dünyası üzrə əlaqələndiricisi kimi çox geniş ictimai fəaliyyət göstərmişdir. Yalnız təhsil və karyera barədə düşünməklə müasir gəncliyin üzərinə düşən vəzifələrin öhdəsindən gəlmək qeyri-mümkündür. Şəxsiyyətin formalaşmasında, onun dünyagörüşünün artmasında çoxşaxəli ictimai fəaliyyət çox vacibdir. Fərhad bunu dogma Vətəndən uzaqlarda olarkən daha dərindən dərk etmiş və təhsildən kənar vaxtlarını bütünlüklə ölkəsi üçün faydalı işlərə sərf etmişdir. Tələbə-gənclərin güclü potensiala malik olduqlarını, lakin bu bazadan yetərincə yararlanmadıqlarını nəzərə alaraq ictimai fəaliyyətə onları da cəlb etmiş, birlikdə müxtəlif layihələr həyata keçirməyə başlamışlar. Tələbə-gəncləri bir amal ətrafında birləşdirərək onların təşkilatlanması, problemlərinin həlli istiqamətində lobbiçilik fəaliyyətlərinin gücləndirilməsi və genişləndirirlməsi, Şimali Kipr və Türkiyədə milli diaspor quruculuğu, bununla da Azərbaycan həqiqətlərinin təbliğinə nail olmaq onların əsas amalı olub. Belə ki, Şimali Kiprdə Azərbaycanımızla bağlı keçirdikləri müxtəlif tədbirlərdə soydaşlarımızla bərabər həm də Kipr türkləri, dünyanın 90-a yaxın ölkəsindən bura oxumağa gələn əcnəbi gənclər, turistlər iştirak etmiş, ölkəmiz haqqında, onun milli dəyərləri və adət-ənənələri haqqında məlumatlandırılmışlar. Ən başlıcası isə Qarabağın işğalı, Xocalı soyqırımı, 20 yanvar faciəsi, Dünya Azərbaycanlılarının həmrəyliyi günü, Novruz bayramı, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı elmi-praktik konfranslar, foto sərgilər, kitab təqdimatları, yürüş və piketlər, film nümayişləri, idman yarışları ölkəmizdən kənarda Azərbaycanımızın mövcud durumu barədə geniş və müfəssəl məlumat verməyə imkan yaratmışdır. Bununla da, Fərhad ətrafına topladığı fəal tələbə-gənclərlə birlikdə Vətən qarşısında mənəvi borclarını qismən də olsa verməyə çalışmışlar.

Fərhad sövq-təbii hiss edirdi ki, Qarabağda haqq-ədalət öz yerini tapacaq, mənfur düşmən torpaqlarımızdan qovularaq çıxardılacaq. Azərbaycanın haqq işi qalib gələcəkdir. Amma ağlına belə gəlməzdi ki, o, Qarabağın azadlığı uğrundakı müharibənin iştirakçısı olacaq. Əlinə silah alaraq yurdun igid oğulları ilə çiyin-çiyinə erməni vandallarına qarşı vuruşacaq. Nə xoş ki, həmin gün gəldi və Fərhad uçaqlıqdan bəri içini didib-dağıdan, ona bircə an da olsun rahatlıq verməyən arzusuna qovuşdu…

Sin descripción disponible.

…Məhz sentyabr ayında düşmənin növbəti təxribatına güclü hücumla cavab verən ordumuzun sıralarında könüllü olaraq vuruşmaq, düşməndən azad edilmiş torpaqlarımızın bir qarışında belə əməyi olmaq, şəhid qanlarıyla suvarılmış müqəddəs ərazilərimizin keşiyində durmaq, yaralı Qarabağımızı göz bəbəyi kimi qorumaq digər əsgər və zabitlərimizlə bərabər Fərhadın da bir oğul kimi borcudur. Bu borcu isə onlar şərəflə verirlər.

F.Allahverdizadə ilə birlikdə nazirliyin daha iki əməkdaşı da könüllü olaraq müharibəyə gedib. Onlar nazirliyin məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinin baş məsləhətçisi Nizami Hüseynli və Dövlət Sosial Müdafiə Fondunun daxili nəzarət departamentinin əməkdaşı Coşqun Zamanlıdır.

Ali Baş Komandan İlham Əliyevin əmri ilə müzəffər ordumuz Azərbaycanın zəfər tarixini yazdı və bütün dünyaya haqqın, ədalətin məhz bizim tərəfimizdə olduğunu sübut etdi. Bu tarixi qələbədən və xalqımıza qalibiyyətin sevincini yaşadan şanlı ordumuzdan hələ çox danışılacaq və yazılacaq…

 

Əntiqə Qonaq,

 əməkdar jurnalist

 

Müstəqil.Az

Share: