Bu sevgi nağılı burada bitdi… – Şəfa Əliyeva

BELİMİ ƏYƏ-ƏYƏ
 
Baxıram dönə-dönə,
Döndüyümüz döngəyə.
Başım üstəki göyə,
Bulud almış kölgəyə.
 
Arzular qalaq-qalaq,
Üstünü basıb alaq.
Yığıb bəlkə yandıraq,
Belini əyə-əyə.
 
Keçir ömürdən,gündən.
Ömrü böldüm yarı tən.
Hər gün deyinirəm mən,
Qəlbimə dəyə-dəyə..
 
 
Şikayətim sənədir
Qurduğun səhnəyədir.
Sözüm qəlbimi didir
Dilimə döyə-döyə.
 
***
Üzü qara qaldı bu məhəbbətin.
 
Elə gözəlsən ki,elə əlçatmaz,
Günəş həsrət təki cismim saraltmaz.
Heyif,dərmanlar da köməyə çatmaz,
Üzü qara qaldı,bu məhəbbətin.
Köksün yara aldı bu məhəbbətin.
 
Həm zəhər dadırdı,həm də ki,baldı.
Günahsız bəndənin günahın aldı.
Mənzili eləcə yarıda qaldı,
Üzü qara qaldı,bu məhəbbətin.
Köksün yara aldı bu məhəbbətin.
 
İstəsəm dadına çata bilmirəm
Fikrimdən bir an da, ata bilmirəm.
Onu düşünmədən yata bilmirəm,
Üzü qara qaldı,bu məhəbbətin,
Köksün yara aldı bu məhəbbətin.
 
Dəvətsiz gəlmişdi elə də getdi,
Fələk taleyimə bildiyin etdi.
Bu sevgi nağılı burada bitdi,
Üzü qara qaldı,bu məhəbbətin,
Köksün yara aldı bu məhəbbətin.
 
***
Hara getdin…
 
Hara getdin ay sevincim
Bu dünyaya yad kimiyəm
Mən özümlə barışmıram.
Sazın qırılmış simiyəm.
 
 
Hara getdin ay sevincim?
Tənhalığa dost olmuşam.
Sən gedəli çox olsa da,
Sənsizlikdən yorulmuşam.
 
 
Hara getdin ay sevincim?
Düşünüb səni anıram.
Fələk aldı səni məndən,
Göynəyib buna yanıram.
 
 
Hara getdin ay sevincim?
Qayıt geri, sözüm qalıb.
Sən gedəli yollarında,
Yumruq boyda özüm qalıb.
 
 
Hara getdin ay sevincim?
Məhkumluğum bitmədimi?
İnsaf elə, görün hərdən
İztirabın yetmədimi?!
Şəfa Əliyeva

 

Share: