Hamısı “pokazuxadı – Husame Bin Sərxan yazdı

Görünən odur ki, koronavirusun özü yox, fəsadları çox evlər yıxacaq, başlar aparacaq. Elə vəziyyətdi, ölkənin özünü satan manus və manusələri belə dövlət yardımından bəhrələnmək istəyindədi. Çünki dilənçilik xislətlərindədi.

Elə milli sahibkarımız da bu gündədi. Dövlət məmurumuz hamısından beş-betərdi. Adı aztəminatlı qoyulan cındırlardansa danışmağa dəyməz. Kimdi bu aztəminatlılar: pensiya, müxtəlif növ müavinat, təminat, zəmanət alanlar… İşbaz və demaqoqlar… Lakin, Azərbaycan cəmiyyətində elə bir təbəqə vardır ki, nə aztəminatlı, nə çoxtəminatlı təbəqəsinə uyğunlaşa bilmir. Çünki səmimidi, utanqacdı, məğrurdu, ələbaxan deyil, – acından ölər, amma susar. İt dəftərində adı olmayan bu təbəqənin aqibətin bilən varmı? Operativ qərərgah, TƏBİB, ƏƏSMN nədən bu kateqoriyayla bağlı konkret bir söz demir.

Nədən möhtərəm Prezindentimiz bu təbəqəylə bağlı məlumatlandırılmır? Axı bu təbəqəyə aid insanların nəinki spirt, sabun, maska almağa imkanı öz yerində, hamamı, isti suyu belə yoxdu. ÜST-ün təlimatına görə mütəmadi dezinfeksiya, isti suyla əlləri yumaq ən vacib məsələlərdi. Bizim evdə hamamdan-hamada isti su olur, onuda odunla qızdırırıq. İçdiyimiz, məişətdə istifadə etdiyimiz suyun tərkibindənsə danışmağa dəyməz. Bəyəm, dövlət və hökumətimizi təmsil edən məmur və infeksionistlər bunu bilmir? Bilirlərsə, bunun adı nədir?

Axı ÜST-ün təlimatı bilmərrə Bil Qeytsin, Prezidentlərin, Məmurun,Oliqarxın həyat tərzinə və imkanlarına hesablanıb. Bir sözlə, bəşəriyyətə qarşı müharibə elan edilib və əksər dövlət başçıları bu müharibəyə razılıq verib. Təbii ki söhbət böyük dövlətlərdən gedir. Bizdə nələr baş verir? Bunu anlamaq çox çətindi. Çünki ölkə vətəndaşlarına münasibət ikilidi. Bu isə ədalətsizlikdi. Bizə yaraşan ədalət belə olmalıydı: tibb işçiləri xaric, ölkədə maaş, pensiya, müavinat dəftərinə qol çəkən (yəni kartı olan) hər kəsin ödənişi sıfırlanmalıydı. (Necə ki, Prezident və Vitse-prezident bir illik əmək haqqılarını fonda köçürtdülər.) Dövlət səviyyəsində elan edilməliydi bu məsələ. “Sıfırlamadan” sonra adambaşına, məsələn 100 manat pul verilməliydi. Prezident və ailəsi daxil. Belə olardısa, hər kəs vəziyyətin ciddiliyini anlayar və hökumətin tələblərinə müti qul kimi boyun əyərdi. Çox hallarda dünyanın dövlətimizə və millətimizə qarşı sərgilədiyi ikilistandartlardan bəhs edirik, amma öz daxilimizdəki bu bəladan qurtulmaq istəmirik. Haqq-hesaba soxduğumuz mərhəmət, xeyirxahlıq kimi dəyərlərdənsə danışmağa dəyməz. Hamısı “pokazuxadı”. Vallah, Prezidenti, vitse-prezidenti və onların yaxın ətrafını aldatmaqla, müstəqilliyimizin kökünü qazıyırıq.

Share: