“Bu, insan yaşayışı deyil…”

Uzun iş saatları, xoşagəlməz iş yerləri, aşağı əmək haqqı və instusional müdafiə tədbirlərinin faktiki olaraq yoxluğu-bunlar Avropa xəyalları ilə Polşaya üz tutmuş azərbaycanlı əmək miqrantlarının güzəranıdır.

Müstəqil.AZ xəbər verir ki, Polşadakı azərbaycanlı miqrantların güzəranı haqda oc-media.org portalının reportajında bəhs edilir.

“12 saatlıq iş günündən sonra mən evə qayıdıram, tələsik nəsə yeyirəm və yatmağa gedirəm. Bu, insan yaşayışı deyil. Mənim güzəranım hər gün eyni keçir”,-Polşadakı azərbaycanlı miqrantlardan Kamran (ad dəyişdirilib) deyir.

O, Azərbaycandan Polşaya 2018-ci ildə gedib, hazırda Polşanın cənub-şərqindəki Skoçuv şəhərində, Çexiya ilə sərhədin yaxınlığında avtomobil sənayesi üçün hissələr istehsal edən zavodda qablaşdırıcı işləyir. Həftədə 6 gün, gündə 12 saat olmaqla…

Bu zavodda azərbaycanlılar, ermənilər və ukraynalılar yan-yana işləyir. Onlar yerli işəgötürənlərin nəzərində ucuz və etibarlı işçi qüvvəsidir. Kamran keçmiş jurnalistdir, Skoçuvda qısamüddətli yaşayış icazəsi verən viza ilə yaşayır. Deyir ki, Azərbaycanda aldığı 600 manat maaşla arvadını və iki uşağını saxlaya bilmirdi.

“Mənim Azərbaycanda ümidim kəsilmişdi. İndi isə mən heç olmasa Bakıya, ailəmə pul göndərə bilirəm, ümid edirəm ki, tezliklə onları da bura gətirə biləcəyəm”,-o deyir.

Məqalədə deyilir ki, azərbaycanlı miqrantlar Avropada əsasən Almaniyaya üz tutur, lakin Polşa iqtisadiyyatının sürətli artımı Azərbaycandan bu ölkəyə getdikcə daha çox miqrantı cəlb edir. Polşa Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə bu ölkədə yaşayan azərbaycanlı miqrantların sayə dəfələrlə artıb.

Azərbaycan vətəndaşları Avropada işləmək üçün viza almalıdır. Kamran izah edir ki, onun həmvətənləri üçün vizanı vasitəçilər düzəldir. Bu vasitəçilər bir işçini göndərmək üçün təxminən 2 min avro haqq alırlar.

Amma bir çox əmək miqrantları şikayətlənirlər ki, Polşaya gələndə onlara vəd olunan işləri vermirlər. Kamran deyir ki, bir çoxları pis iş şəraitinə malik zavodlarda işləməyə məcbur olurlar. Bir çox zavodlar və fabriklər insan sağlamlığı üçün olduqca zərərlidir, məsələn, gön-dəri fabriki. Orada işləyən bir çox gürcülər kimyəvi maddələrin təsirinə dözməyib fabriki tərk ediblər.

İşçilər normal iş günündən artıq işləməyə məcburdur. İşədüzəltmə agentlikləri işəgötürənlərlə əlbir olur və Polşa qanunvericiliyindən “yan ötürlər”, öz xidmətlərinə görə 8 saatlıq iş günündən artıq işləyən işçilərə görə haqq alırlar. Kamranın müqaviləsinə əsasən o, 8 saatlıq iş günü üçün ayda 660 dollar almalıdır. Lakin deyir ki, gündə 12 saat işləyir və vaxtından əlavə işlədiyi üçün ona əlavə pul ödəyirlər. Bu, təxminən 100 dollar əlavə qazanc deməkdir. Qazandığının 550 dollarını hər ay Bakıya, ailəsinə göndərir.

Avropa Miqrasiya Şəbəkəsindən Aqata Zurav deyir ki, Polşada miqrantlar həmkarlar təşkilatlarına və miqrantların hüquqlarını qoruyan təşkilatlara üzv olmağa maraq göstərmirlər. Onlar ehtiyat edirlər ki, qanuni hüquqlarını tələb etməyə başlasalar hüquqi problemlərlə üzləşərlər, çünki iş icazələri konkret işəgötürənə bağlıdır.

“Polşada miqrantlar öz qanuni hüquqlarının qeydinə qalmırlar. Onlar ancaq pul haqda düşünürlər”,-Polşada azərbaycanlı miqrantlar üçün iş kontraktları təşkil edən Elşən ( ad dəyişdirilib) deyir. Bildirir ki, ötən il Azərbaycandan 100-dən çox miqrant iş axtarmaq məqsədi ilə ona müraciət edib. Müraciət edənlər tikinti şirkətlərində və fabriklərdə işlə təmin olunublar.

“Ukraynalılar, özbəklər, qazaxlar, azərbaycanlılar, hindistanlılar quşçuluqfabriklərində və heyvan kəsimi məntəqələrində iş tapırlar, çünki belə yerlərdə şərtlər yerli sakinlər üçün çox mürəkkəbdir. Polyaklar oralarda işləmək istəmirlər”,-Elşən deyir.

Teymur adlı azərbaycanlı isə Varşavaya 2017-ci ildə ailəsi ilə birlikdə köçüb. Deyir ki, Azərbaycanda aylıq maaşı 700 manat idi. Bu pula isə yaşamaq, ailə saxlamaq mümkün deyil. Əvvəlcə ailəsi ilə birlikdə Kanadaya getməyi planlaşdırıb. Agentlik ona zəruri sənədlərlə və iş tapmaqda kömək etməyi vəd edib. Lakin daha sonra deyiblər ki, imkanları ancaq Polşaya çatır.

“Mən artıq onlara 4500 avro (hər ailə üzvü üçün 1500 avro) vermişdim, demişdilər ki, Polşada aylıq maaşı 1000 avroya iş tapacaqlar. Lakin vəd edildiyi kimi olmadı, mən dönərxanada 560 dollar maaşa işləyirdim. Bu pulun 380 dollarını ev kirəsi verirdim. Bu maaşla ailəmi saxlaya bilmirdim”,-o deyir.

Nəhayət Teymur tikinti şirkətində başqa iş tapır, amma əvvəlki iş yerində onun maaşını kəsiblər, 300 avronu verməyiblər.

Bu ildən Azərbaycan hökumətinin diasporla iş üzrə Komitəsi Polşada azərbaycanlı əmək miqrantlarına pulsuz hüquqi yardım təşkil edib. Lakin komitənin nümayəndəsi Rəsul Məmmədov oc-media.org-a deyir ki, indiyədək iş yerlərində diskriminasiya ilə bağlı cəmi 3 şikayət daxil olub. Hərçənd belə hallar çoxdur və miqrantlar öz hüquqlarını qorumaq üçün şikayət etməkdə maraqlı olmurlar…

Müstəqil.AZ

Share: