Bakıda qadın uşağına əsəbiləşib zəhərli dərman içdi

Ötən gün Daxili İşlər Nazirliyinin paytaxt şöbələrinin əməkdaşları tərəfindən iki intihar cəhdi qeydə alınıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Xəzər rayonunda qadın azyaşlı uşağı ilə münaqişə edib, sonra isə intihara cəhd edib. Hadisə mayın 27-nə keçən gecə Binə qəsəbəsində baş verib.

1983-cü il təvəllüdlü qəsəbə sakini Amanti İsmayılova azyaşlı oğluna qəzəblənərək, gənə əleyhinə dərman (kreolin) içib. Nəticədə A.İsmayılova 1 nömrəli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Qadının vəziyyəti hazırda qənaətbəxşdir.

Faktla bağlı Xəzər Rayon 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Dünən gecə isə daha bir intihara cəhd hadisəsi Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Zaur Zahirov qohumları ilə münaqişədən sonra intihara cəhd edib. O, üstünə kerosin tökərək özünü yandırıb.

Xoşbəxtlikdən onun yaxınları faciənin qarşısını ala biliblər. Z. Zahirov üçüncü dərəcəli yanıq xəsarəti ilə 5 saylı Şəhər Klinik Xəstəxanasının yanıq mərkəzinə yerləşdirilib.

Xəstənin vəziyyəti ağır qiymətləndirilir. Hazırda rayon istintaq orqanı kişini intihara sövq edən səbəbi araşdırır.

 

Müstəqil.Az

Share: