Masallıdakı güllələnmə ilə bağlı RƏSMİ MƏLUMAT

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Masallı rayonunda “Azərişıq” ASC-nin güllələnərək xəsarət alan əməkdaşları ilə bağlı məlumat yayıb.

Hadisə zamanı xəsarət alanlardan ikisinə ambulator yardım göstərilib:

“Digər yaralı isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. O, körpücük sümüyünün güllə yarası ilə əməliyyat olunub. Hazırda vəziyyəti stabildir”, – məlumatda bildirilib.

Bildirək ki, Masallı rayon Yeddioymaq kəndində 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov “Azərişıq” ASC-nin 3 əməkdaşını odlu silahla yaralayıb. Nəticədə 1989-cu il təvəllüdlü Ayaz Mirzəbala oğlu Rəcəbov sol bazu sümüyünün odlu silahdan yaralanması, yumşaq toxumaların sıyrılması, 1990-cı il təvəllüdlü Orxan Mehman oğlu Baxşıyev isə sol əlin arxa səthinin odlu silahdan yaralanması diaqnozu ilə xəstəxanaya çatdırılıb. Xəstəxanada lazımi tibbi yardım göstərilən A.Rəcəbov və O.Baxşıyev ambulator müalicə üçün evə buraxılıb. 1983-cü il təvəllüdlü Ramal Sudeif oğlu Bağırovun müalicəsi Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Müstəqil.AZ

Share: