Fərqanə yaza bilmədiyi misralarını da dodaqlarının bir küncünə sıxıb getdi…

Zaman elə sürətlə ötüb keçir ki, iliklərinə qədər işləyən ölüm soyuqluğunun nə vaxt son nəfəsini dartıb dodaqlarının arasından aldığından belə xəbərin olmur.

 

Bəzən düşünürəm ki, insanlarından da çox vəfasız olan dünyaya bel bağlamadan yaşamağı öyrənəsən, gərək. Amma nə olursa olsun acılığı ilə, verdiyi əziyyətlərinə rəğmən həyatı yenə sevirik …

Necə ki, insan onu üzən, yaralayan kimsəni qarşılıqsız olaraq sevməkdən vaz keçə bilmir, ağrıyır, amma yenə də uzaqlaşa bilmir…

Fərqanə xanım da arzularının çiçəklədiyi bir vaxtda köçdü bu dünyadan…

Onu son mənzilə yola salan zaman donuq baxışlarım və köksümdə atışını itirmiş döyüntülərin necəliyinin fərqinə varmadan buludlanan gözlərimdən yanağım boyu leysan axırdı… Cansız vücudunu qucaqlayan qərənfillərlə birlikdə başının üstündə diz çöküb için-için ağlayan oğlunun ana həsrəti də yaxıb qovururdu içimi…

Bir həftə öncə göndərdiyi  mesajlardakı insana hüzur, sakitlik verən səsindəki titrəyişlərin anlamını indi qavramağa başlayırdım…

Canındakı ağrılar sanki o səsə qarışıb tanıdığı hər kəsdən imdad, hələ bir az da yaşamaq üçün zaman istəyirdi… İllərdir özünküləşdirib sevməyə, əzizləməyə çalışdığı xəstəliyi ilə birlikdə ətrafına da təbəssüm paylamağı da bacarırdı bu boyu bəstə, özü böyük qadın.

Artıq Yazıçılar Birliyinin qapısından içəri daxil olanda mülayim bir səsi, tədbir boyu mehriban bir təbəssümü axtaracağıq, desəm yalan olmaz.

Ətrafa göz gəzdirdikcə içi insanla dolu, amma Fərqanə xanımsız bomboş olan o evdəki yataq otağına gözüm sataşdı. Aylar öncə zərif kürəklərini əzən bu yumşaq yataqda onunla olan son görüşümüz film kadrları kimi gözümün önündən bir-bir keçdi, gözlərimdəki yaşlarla birlikdə axdı… axdı…

Vaxt çatmışdı… O, aramızdan əbədi ayrılırdı. Doğmalarının çiynində yene xanım-xatun kimi, mülayim, sakit, əbədi yolçuluğuna çıxmağa hazırlaşırdı. Qızlarla qucaqlaşıb kədərimizi bölüşüb hönkür-hönkür ağlayarkən  sağ tərəfimdə səssiz-səmirsiz, göz yaşları ilə onu uğurlayan gənc şair Qabil Ədalətə sataşdı gözlərim… Bu gənc ikinci anasını itirməyin ağrısını yaşayırdı o gün.

Bəlkə də o günki göz yaşları idi, bizi doğmalaşdırırdı onunla, bir qardaş-bacı səmimiyyəti qazandırırdı bizə.

O gün yaşadığım ağrı ilə birlikdə içimi ən çox titrədən, yaddaşıma həkk olunan onu doğmaları qədər sevən o çarəsiz və həsrət dolu göz yaşları idi…

Kiçik bir ömrə böyük bir sevgi sığdıra bilmişdi  Fərqanə xanım. Özüylə birlikdə yaza bilmədiyi misralarını da dodaqlarının bir küncünə sıxıb getdi. Əvəzində ona ana deyən bir çox gəncin xatirəsinə, misralarına köçdü.

Vida anı çatmışdı…Bir ruh buz dönmüş bir vücuddan ayrılıb ayağa qalxaraq son dəfə arxasıyca əl sallayıb  Günəşə gülümsəyərək mavi səmaya tərəf qanadlanmağa başladı…

Mənə elə gəlirdi ki  hamı eşidirdi, duyurdu , yolboyu Fərqanə xanımın həzin, həyatla savaşmaqdan yorulmuş, gücsüz qalmış son pıçıltılarını:

“Mən də çoxaldacam qəmin birin də,
Çalacaq qulağı desəm yerin də,
Günlərin birində, günün birində,
Xatirə gecəmə gələcək dostlar.
Çoxunu gözləyər bu qəribəlik,
Anam tələsəcək əlində çəlik,
Bütün zal susacaq bir dəqiqəlik,
Xatirə gecəmə gələcək dostlar.
F.Mehdiyeva”
Yolun açıq,məkanın cənnət olsun Fərqanə xanım… Sən həmişə bizimləsən!
Aysel Xanlarqızı Səfərli
Müstəqil.Az
Share: