“Düşmən əlimi sıxır, dost ürəyimi”

Şəfəq Sahiblinin sevgi yaşantıları…

Artıq imzası oxuculara tanış olan Şəfəqin dövri mətbuatda çap olunmuş şeirləriylə mən də tanışam. “Könlüm susuz səhradır”,”Biçilmiş çiçəklər”şeirlər kitablarını oxumuşam.İndi əlimin altında olan şeirlər ilə tanış olub təsirlənirəm.
Ən yaxşı cəhət budur ki, bu şairə könlünün susuz səhrasında çiçək bitirə bilir. Bu çiçəklər, bu güllər ancaq onundur, həsrətdən solğun düşsə də, vesal susuzluğundan yanıb həşəm olsa da bu şeirlərin hiss və duyğuları səni dalınca çəkib aparır, qəlbi riqqətə gətirir.
Şəfəqin əksər şeirləri sevgi şeirləridir, daha doğrusu, aldanmış sevginin gileyləri, iztirabları,pıçıltılarıdır.Necə ki, özü deyir :
Sözün gözlərində
yaş donub.
Ayrılıq qar kimi yağır,
dilimdən
qərib-qərib üşüyən adına.
Gəl-gəl barı,ay insafsız,
unutmaq öyrət,
unutduğun qadına...
“Uzaqdan-uzağa” adlanan bu şeirdə ,misal çəkdiyim bu parça maraqlıdır:

…Küləyə qovuşum,əsim
Uzaqdan-uzağa;
Gözünə baxım,
Qollarımı adadım,
Dodağımda bal dadım
Uzaqdan -uzağa…

Bütövlükdə bu şeir xəyalı bir görüşün əyani fotosunu çəkir sankı.Bu şeirlərin çoxunda qəribə bir məkan var, bu məkan itmir, batmır,unudulmur.Çünki bu aldadılmış sevginin qəhrəmanı da həmin son görüş yerində əriyib,qeyb olub,itib qalıb.

Məni əldə çıraq gəzib
İtdiyim yerdə tapanım gəlsin.

Bəlkə elə o məkan “Sahil küçəsi” şeirində təsvir olunan məkandır:

Yağan yağışlar yuyar
Cığırımı,izimi.
Bu küçədə gəzirəm
İndi özüm-özümü.

Şəfəqin şeirlərində lirik”məni” göynədən gileylər, iztirablar,etiraflar poetik mənasını tapa bilir.
Sənə tərəf illərlə qaçdım
Günüm çatmadı.
İstədim unudam 
Gücüm çatmadı.

Və ya;

Sənə yetmir əlim,
Qəlbim lalə-lalə
qan ağlayır bu gecə.

“Gileydən uzaq sevgi yaşantısı var” deyən aşiqin yəqin ki, sevgi ümidləri tükənməyib.

“Vətən həsrətli bayatılar”,”kiçilmə, qadın”şeirləri Şəfəqin yaxşı qələm məhsullarındandır.
Mən bu şairə uğur diləməklə arzulayıram ki,o,qələminə,sözünə ciddi yanaşsın,gözəl şeirlər ilə öz oxucularını sevindirsin.

Musa Yaqub

2010

Share: