Amansız ölümü heç kim ona yaraşdırmadı

Elçin Hüseynbəyli 

Eh, Fərqanə!.. Onu sevənlərin dediyi bu sözlərdə kədərdən çox, qınaq var. Çünki vaxtsız və amansız ölümü heç kim ona yaraşdırmadı və heç kim də ölümü bağışlamadı. Ən çox da ağrıyan, göynəyən yaxın rəfiqələri və dostları oldu (təbii, ailə başda gəlir).

Tam səmim deyirəm ki, mənim üçün həyatda olan itkilərədən ən ağrılısı, bəlkə də, Fərqanənin həyatdan getməyiydi. Ondan əvvəl isə, yəni səhhəti lap ağırlaşanda rəfiqələri şeirlərini paylaşmışdılar. Anasının ruhuna yazdığı misraları oxuyub kövrəlmişdim, hətta bunu evdəkilər də hiss eləmişdilər.
Dəyişə bilmədi bu illər məni,
Elə həmənkiyəm sadəlövh, fağır.
Xəbərin oldumu başına dönüm,
Bir dərdə düşmüşəm özümdən ağır.
Desəm ki, Fərqanə ölməyib, yaşayır, deyəcəksiniz ki, şablon fikirlərdir. Olsun! Həmişə orjinal olmaq mümkün deyil. Amma bəlkə bu sözləri ona görə deyirəm ki, Fərqanə mənim üçün bir obrazdır. Obrazlar isə əbəbdiyaşar olur.
Onunla uzun müddət – 10 ilə yaxın bir redaksiyada işlədik. Çox səmimi, istiqanlı, ürəyiymşaq, hürkək və sadəlövh idi. O, səhvlərinə də səmim qəlbdən inanırdı. Bir dəfə şair dostlarımızın şeirlərindən bir neçə misra xoşuma gəlməmişdi. Bunu Fərqanəyə də demişdim, həmin adam da eşidib məndən incimişdi. “Sən gərək mənim sözlərimi ona deməyəydin!” “Doğrudan! Noolar ki, deyəndə!? Zəif idi dənə, həmin şeiri. Özüm də ona dedim ki!…”
Fərqanə ailəcanlıydı. Nəvələrini həddən artıq sevirdi. Fəxrlə deyirdi ki, Sevgi (ilk nəvəsi) sənin əsərlərinin adını əzbər bilir. “Mən baş redaktor olduğuma gərə, hə?” – gülə-gülə deyirdim. “Yox, vallah, özü əzbərləyib…” Mən Qarabağ ləhcəsində danışmağı xoşlayıram və elə bilirəm ki, “J” hərfini işlətməsəm, bu, doğulduğum torpağa xəyanət olar. Fərqanə də heç zaman Salyan ləhcəsini unutmadı. Mən poeziyımızada güclü ruhu və duyumu olan az-az şairlər tanıyıram, qadın yazarlarımız içində isə ondan güclüsünü görmədim. O, kədərdən də yazanda gözəl yazırdı. Yəni kədəri gözəl qələmə alanda kədər də gözəlləşir, yəqin. Anasının ruhuna yazdığı məşhur şeir kimi… Həyatı sevirdi! Ölümü kim sevir ki!? Və sona qədər də ölümlə savaşdı! Savaşın mübarək, qəzan mübarək, Fərqanə!!!
Share: