Yaltaqlığın elmi-konseptual əsaslarına giriş – Şahin BAĞIROV

Karantin, bilavasitə, psixoloq səriştəmi də üzə çıxardı. Və özüm üçün qeyd etdiyim psixoloji tezislərimdən aktual olanları sizinlə bölüşmək qərarına gəldim. Qeyd edək ki, bu tezislər müşahidələrim əsnasında ərsəyə gəlmişdir. İlk öncə Yaltaqlıq Sindromuyla bağlı qənaətlərimi eksklüziv olaraq sizə təqdim edirəm:

Siyasi nəzəriyyə yaltaqlığın bir siyasi türyuk olaraq müxtəlif tipologiyalarını fərqləndirir. Ən geniş yayılmış tipologiya yaltaqlıq şkalası üzrə artım tempinə görə fərqləndirilmədir. Onun aşağıda qeyd olunan 3 növü var:
1.Mülayim yaltağlıq (sürünən) ;
2.Sürətli yaltağlıq (dördnala çapan);
3. Hiperyaltağlıq (ifrat) ;
Mülayim yaltaqlığa o kəslər aid olunur ki, il ərzində yaltaqlıq şkalası üzrə onun dozası 10% dən çox artmır və bu cür yaltaqlıq mülayim və ya sürünən yaltaqlıq adlandırılır. Bəzi siyasi mənbə və cərəyanlarda (Məs: atalar sözlərində, əxlaq kodekslərində) belə yaltaqlığı fərdin inkişafı üçün faydalı hesab edirlər.
Sürətli yaltaqlara o kəslər aid edilir ki, il ərzində yaltaqlıq şkalası üzrə onun dozası 10% dən 20%-ə qədər artır və bu cür yaltaqlıq sürətli – dördnala çapan yaltaqlıq adlanır. Belə yaltaqlıq yaltaqlar arasında ciddi gərginlik yaradır. Ən azından ölkənin məddahlıq sisteminə ciddi təsir göstərir. Mülayim yaltaqlar üçün yatırım qoyuluşu azalır. Sürətli yaltaqlıqda çox şey, xüsusilə, şərəf və ləyaqət qiymətdən düşür. Satqınlıq və xəbərçilik həyat normasına çevrilir…
Hiperyaltaqlara isə o kəslər aid edilir ki, yaltaqlıq şkalası üzrə il ərzində onun dozası 100% dən artıq artır və ölkədə İfrat (hiper) yaltaqlıq meydana çıxır. Bu yaltaqlığın dozası faizlə yox, dəfələrlə artır. Çünki faizlə götürüləndə əndazəsi şkalada əks oluna bilmir. Hiperyaltaqlıq bəzən 1000%-də ola bilər. Hiperyaltaqlıq üzrə rekord göstəriciyə Şimali Koreya daxildir. Belə ki, 2008-ci ildə burada qiymətləndirmədə artım qeydə alınaraq 231 milyon % təşkil edirdi. Hiperyaltaqlıq təşəkkül tapan ölkələrdə mülayim və sürətli yaltaqlıq demək olar ki yox olur. Əhali öz münasibətlərini qaş-göz üsulu ilə həyata keçirir. Abır-həyalı insanlar periferiyada qalır, insanların özünüifadəsi təşkil oluna bilmir, kəskin aşağı düşür.
Müşahidələrimə əsaslanaraq, xarakterinə görə də yaltaqlığı 2 yerə bölmək mümkündür:
a)Gözlənilən
b)Qəfil
Gözlənilən yaltaqlıq irsi də ola bilir. Həm də müəyyən dövr üçün əvvəlcədən proqnozlaşdırılır və müəyyən olunur. Belə yaltaqlıq zamanı prosedur əyilə-əyilə həyata keçirildiyindən onun cəmiyyətə ciddi zərəri gözlənilmir.
Qəfil yaltaqlıq isə ani anda baş verir. Birdən-birə qiymətləndirmədə sıçrayış baş verir. Hətta 10%-lik olan mülayim yaltaqlıq belə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdirir. Abırlı insanların əhvalına və immun sisteminə mənfi təsir göstərir.
P.S. Rəqabətli bazar şəraitinin hökm sürdüyü ölkələrdə açıq yaltaqlıq prosesləri də baş alıb gedir. Bu şəraitdə yaltaqlığın dozası qiymətləndirmə şkalasında qeyri bərabər sürətdə yüksəlir, nəinki cəmiyyətdə, yaltaqlar arasında tarazlıq pozulur Lakin belə olmasına baxmayaraq bazar mexanizminin fəaliyyət prinsipi pozulmur.

129 baxılıb
mersin escort