GECƏ SÖHBƏTLƏRİ- Əyyub QİYAS yazdı

Anamı itirdikdən sonra üzümə ülgüc vurmadım, amma bir neçə il əvvəl də nədənsə saqqal saxlamışdım və yazıçılar birliyinin dəhlizində onunla qarşılaşdım. Məni görən kimi: “Allah rəhmət eləsin!” – dedi, bir anlıq çaşıb qaldım və heyrətlə: “Kim rəhmətə gedib ki?!” – soruşdum. Pərt oldu. Onun sifətinin pərtliyini görəndə, saqqallı olduğum yadıma düşdü, gülümsədim, əlini yüngülcə sıxıb: “Taqsır məndədir, heç saqqal vaxtıdır?” – deyərək, könlünü aldım. Sonra söhbət edə-edə pillələri qalxıb, “Ulduz”a getdik.

Bir dəfə FC-də işsizliyimlə bağlı status yazmışdım, o da “gülüş” smayliki qoymuşdu və bu, məni hiddətləndirmişdi, bir az incimişdim ondan. İki kəlmə sərt söz də yazmışdım. Bu incikliyimi ona bildirəndə ilk dəfə xəstə olduğunu mənə söylədi. Sarsıldım. Könlünü almağa çalşdım…

Ondan incimək, küsmək, onun xətrinə dəymək mümkün deyildi. Hər kəsə can yandıran, hər kəsə ürək qızdıran idi Fərqanə. Ürəyi də xəfif idi, sözləri də, şeirləri də. Həm də bir az xoşbəxt idi – hamı çox istəyirdi xətrini. Bu qədər həyat eşqi, yaşamaq enerjisi olan birinin quş kimi uçub aramızdan getməyinə inana bilmirəm. İnanmaq olmur zatən…

“Vatsap”ıma göndərdiyi 4-5 şeir var, amma o bizi tərk edəndən sonra “ŞƏKİL” şeirini lap tez-tez dinləyirəm. Bu sətirləri yazanda nəsə ağlımdan keçdi, telefona baxdım: Son danışığımız 27 aprel 2018-ci ildə baş tutub. Gecə saat 3-17-dən başlayan söhbət, göndərdiyi şeirlər… “Təndir”, “Məktub”, “Şəkil”, Alim Qasımovun ifasında “Aman ovçu” mahnısı… və nələr… nələr…

Sonra FC-dəki yazışmalarımıza baxdım, lap axırcı dəfə “Novruz bayramı” təbriklərimiz var… Yenə gecə 2-28-də.

Yuxarı qalxıram: kitabının adını məsləhətləşir, mən də “ŞƏKİL” variantı üzərində təkidlə dayanıram… Nəsə…

Məncə AYB-nin hərarətini qoruyanlardan, saxlayanlardan biri, bəlkə də biricisi idi Fərqanə. Ondan sonra yəqin o qocaman divarlar bir az soyuq olacaq.

Məlum karantin səbəbindən dəfnində iştirak edə bilmədim, bu da məni bir yandan üzdü. Sumqayıtdakı “Dədə Qorqud” sarayının qarşısındakı dayancaqda Bakıya getmək üçün saat yarıma qədər maşın gözlədim, sonra evə qayıdası oldum.

Əziz Fərqanə, nömrəni silməyəcəm telefonumdan, özün bilirsən, gecələr oyaq oluram, nə vaxt istəsən zəng vura bilərsən… Səni dinləmək həmişə xoş idi…

Əlvida mənim, ŞƏKİL bacım!

Sənin xatirənə ehtiramla, Əyyub QİYAS!

12 may 2020.

 

Share: