Fərqanə təbəssümü – Kənan Hacı yazdı..

Ağlıma belə gətirə bilmirəm ki, o, artıq bu dünyada yoxdur, həlim, yumşaq təbəssümüylə qarşımıza çıxıb hansısa dərdimizə anamız, bacımız kimi həyan olmayacaq… Məhz ana, bacı insanın dərdinə bu cür ürəkdən yanardı, təsəlli ilə onun könlünü ovuda bilərdi.

Onun haqqında keçmiş zamanda danışmaq mənim üçün çox çətindir. Belə gedişlər həm də bizim həyatımızdan nələrisə həmişəlik özüylə birgə aparır, işıqlı adamlar uzaqlarda qeyb olduqca dünyanın işığı da tədricən azalır…

Fərqanə Mehdiyevanı ilk dəfə səhv etmirəmsə, Qəşəm Nəcəfzadənin rəhbərlik etdiyi “Pərvanə” Ədəbi Məclisində görmüşdüm. Məşğələlərdən birində çıxıb bir şeir oxudum, indi xatırlamıram, kimsə iradını bildirdi. Sözün açığı, bir az pərt oldum. Keçib yerimdə əyləşdim. Arxadan həlim, yumşaq bir səs eşidildi: “Çox yaxşı şeir idi, sən yaxşı yazırsan. Tez-tez gəl bu məşğələlərə”. Bu, Fərqanə xanımın səsi idi.

İndi bu sətirləri yaza-yaza qəhər boğazımda düyünlənir. Mən xəstəliklə çarpışanda ən çox narahatlıq keçirən, ürək-dirək verən Fərqanə xanım özü xəstəliyə təslim oldu… Xatırlayıram, hər dəfə Yazıçılar Birliyinin dəhlizlərində rastlaşanda səhhətimlə maraqlanırdı. Mən təzə evə köçəndə necə sevinirdi!.. İki il idi ki, onların yolunu gözləyirdim… Fərqanənin, Aləmzərin, Narıngülün, Şəfəqin… Fərqanə xanım deyirdi mütləq gələcəyik. Narıngül deyirdi iş-gücdən baş açılmır, vallah. Aləmzər deyirdi gərək qızları yığıb gətirəm. Şəfəq nə deyirdi? Eləcə gülümsəyirdi…

Aləmzər Sadıqqızının o gecəki fəryadını unuda bilmirəm… “Fərqanəəəəə”. Ədəbi mühiti silkələdi bu nalə… O gecə sübh açılınca Əsəd Cahangirgildə oturub Fərqanədən danışdıq. Gözümüzə yuxu getmədi…

Mən indi Fərqanənin şeirlərini yenidən oxuyucunca düşünürəm ki, o, öz taleyinə mirzəlik edirmiş. Alın yazısını vərəqlərə köçürürmüş…

Fərqanə Azərbaycan poeziyasında qadın şairlərin ən qüdrətlisi idi.Onun adı ədəbiyyat tariximizdə hər zaman xatırlanacaq. Poeziyası tədqiqat obyektinə çevriləcək, haqqında yazılar, şeirlər yazılacaq, verilişlər çəkiləcək. Amma…

Amma Fərqanə bir daha olmayacaq… Biz Fərqanə təbəssümü üçün həmişə darıxacağıq…

Dünyadan köçdüyün gün ağlaya bilmədim. Bu yazını yazanda doyunca ağladım, əziz şairim…

Dünyada nə varsa, yalandı vallah,

Dünyada tək bircə qalan şəkildi. – demişdin….

Dünyada qalan bir də sözdü. Hər söz qalmır dünyada. Sənin poeziyan köklü-köməcli Azərbaycan şeirinin bir zərif budağıdır…

Share: