KÜRDƏN XƏZƏRƏ TÖKÜLƏN ÖMÜR… – Xatirə Xatun yazır

 

KÜRDƏN XƏZƏRƏ TÖKÜLƏN ÖMÜR
 
Babam haqqında neçə vaxtdır qələmə almaq istədiyim, amma heç cür reallaşdıra bilmədiyim bəzi faktları, nəhayət ki, bir yerə yığa bildim. Əmim – babamın indi sağ qalan yeganə övladı bir neçə dəfə mənə ,,bir gün bizə gəl, sənə deyiləsi sözlərim var,”-desə də, heç cür imkan tapa bilmirdim.Amma hiss edirdim ki, bu çox vacib söhbət olacaq və əmimin mənə danışacaqlarını ondan başqa bilən ikinci bir kəs yoxdur, olmayacaq da…Ömrə də ki etibar yox…Ömür demişkən, istədim ki , cəmi 56 illik qısa, amma şərəfli bir həyat yolu keçən babamı siz də tanıyın.Onu Cənub zonasının indi artıq yarpaq tökümünü yaşayan yaşlı nəsli gözəl xatırlayır, adı harda çəkilsə, ,,Allah ona rəhmət eləsin, gözəl insan idi, əsl həkim idi”, – deyə hörmətlə yad olunur.,,Kimlərdənsən, bala?-sualına ,,doktor Səfərəliyevin nəvəsiyəm “, -deyə cavab vermək çox qürurverici bir hiss yaşadırdı. Ona görə ,,yaşadırdı” deyirəm ki, babamı – düz 51 il bundan qabaq dunyasını qəfildən dəyişən bu peşəkar həkimi tanıyanların da boyuk hissəsi artıq haqqa qovuşub…Məhz o üzdən istədim ki , nisbətən orta və gənc nəsil də onu-Kür qırağından gəlib Xəzər sahilində yurd- yuva quran şair- doktor Səfərəliyevi tanısın…
Həkim –podpolkovnik Səfərəliyev Pilağa Şirindil oğlu
15 avqust 1913 –cü ildə Səlyanın Arbatan kəndində bərəçi Şirindil kişinin ailəsində dünyaya göz açmışdı.Mirzağa adlı bir qardaşı, Səriyyə adlı bir bacısı da olub.Mirzağa 37 –ci ildə repressiyaya məruz qalaraq uzaq Sibirə sürgün olunur.Orda bir rus xanimla evlənib ailə qurur.Bu evlilkdən bir oğlu, iki qızı dünyaya gəlir.Oglu tanınmış kino rejissor Oleq Safaraliyev indi Moskvada yaşayıb işləyir.Qızları isə Səlyanda həkim kimi fəaliyyət göstərirlər.Bacısı Səriyyə qonşu Biləsuvar rayonuna gəlin gedir.Məşhur Azərbaycan yazıçısı Əlibala Hacızadə bu xanımın nəvəsidi-babamın bacısı oğlu Qüdrətin ogludu.
Orta məktəbi kənddə bitirən babam Azərbaycan Tibb İnstitutuna daxil olur. Mehdi Hüseynzadənin bacısı Pikə xanım ilə bir qrupda oxuyub, xatirələri var, amma əmim unudub indi… 1938-ci ildə institutu bitirib təyinatla əvvəlcə Kirovabad , sonra isə Lənkəran şəhər xəstəxanasına göndərilir.Elə ömür- gün yoldaşını da Lənkərandan seçir. Və bu evlilikdən 4 oğul dünyaya gəlir.Müharibə başladıqda hərbi həkim kimi cəbhəyə yollanır.1942-ci ildə Krım ətrafı qızğın döyüşlərdə 90-a yaxın yaralını döyüş meydanından cıxararkən ağır yaralanır. Bu şücaətinə görə ,,Döyüş xidmətlərinə görə” medalı ilə təltif olunur.Sağaldıqdan sonra 1942-cü ilin iyun ayında Sovet ordusunun tərkibində hərbi həkim kimi İrana göndərilir.1942-1946-cı illər arası İranda Sovet Ordusunda xidmət edir.Tehranda Stalin, Ruzvelt, Çörcill üçlüyünə qarşı ( Tehran konfransına qədərki zamanda )alman kəşfiyyatının törətmək istədiyi təxribatın qarşısının alınmasında şəxsən və böyük xidmətləri olumuşdur.Orduda xidmət edən Svetlana adlı bir həkimin əslində bu peşədən cox uzaq biri olması doktor Səfərəliyevin diqqətindən yayınmır.Məhz bu şübhələr nəticəsində qadının alman kəşfiyyatçısı olması məlum olur.1946-cı ildə ordudan tərxis olunduqdan sonra Kirovabadda, Zəngilanda , Ermənistanın Kirovakan şəhərlərində hərbi qospitalda baş həkim kimi öz peşə fəaliyyətinə davam edir.Ən sonda isə yenə də taleyini bağladığı Lənkərana qayıdır və ömrünün sonuna kimi burada yaşayıb sevimli işi ilə məşğul olur.İki oğlu –Yaşar və Rəfail müharibədən qabaq, digər iki oğlu Fəzail və Şirindil isə müharibədən sonra dünyaya göz açmışlar.Yaşar 12 yaşında faciəli surətdə həlak olur.Dənizdə batır…Rəfail 1983 –cü ildə 42 yaşında, Fəzail isə 2009-cu ildə 62 yaşında həyatdan köçmüşlər.Sağ qalan yeganə oğlu Şirindil isə hazırda istefada olan polis işcisi kimi Bakı şəhərində yaşayır.
Babam eyni zamanda ara-sıra seirlər, qəzəllər də yazırmış.Əski əlifba ilə yazdığı qalın bir şagird dəftəri əlyazmaları məndə durur, amma oxuya bilmirəm. Bu arada, bu sahə üzrə bir mütəxəssisə ehtiyacım var.
Anamı özü seçib atam üçün.Tibb texnikumunda dərs deyirmiş, bir tələbə qızı gözü tutub, “ondan yaxşı gəlin olar”,- deyib.Anam da həm gözəl, həm savadlı, həm də olduqca sakit, mülayim təbiətli bir qız imiş.Düsünürəm ki , bu kriteriyalar bütün zamanlarda bir gəlin namizədi üçün bəyəniləndir. Babam da belə düşünüb və günlərin bir günü xəstə üstə çağırılıb.Gəlib görüb ki,xəstə kim olsa, yaxşıdır? Oğlu üçün gözaltı elədiyi həmin o tələbə qız.Zarafata salıb qızın atasına –qısa bir müddətdən sonra quda olacağı bu yüksək vəzifəli, zəhmli, ciddi talış oğluna deyib ki, bir şərtlə sağaldaram – gərək bu qızı mənə verəsən.Bu gün bunları sizə yazan, çatdıran mənim valideynlərimin evlilik tarixçəsi belə başlayıb.71 yaşlı anam indi də ona dərs deyən qayınatası haqqında danışanda üzünə bir gəlin çəkingənliyi qonur, ruhuna rəhmət və salavatlar yollayır.Deyir, bir dəfə də xətrimə dəymədi, həmişə qayğımı,nazımı çəkdi.Elə xəstələrinin də… Olub ki, doktor evə gələn xəstənin imkansızlığını hiss edib…Yazdığı reseptə dərmanın pulunu da büküb verdiyi hallar da olub…. Cəmi iki il bir yerdə yaşayblar.Qızı olmadığından, ya nədənsə məni həddindən çox istəyərmiş.Zatən gördüyü ilk və tək nəvəsi də elə mən olmuşam…Boynundan düşürməzmiş, azca narahat olsam , ozü müalicə edərmiş.Nənəm ondan gizlin türkəçarə edərmiş, gəlib biləndə deyinırmiş ki , həkim arvadısan,gör nələrlə məşğulsan.Təəssüf ki , tale ona nəvə sevincini doya- doya yaşamağı qismət eləmədi.Mənim 1 yaşım olanda qəfil ürək tutmasından 56 yaşında dünyasını dəyişdi.Ömür –gün yoldaşı gözəl Dilşad xanım da ondan sonra cəmi 4 il yaşadı.O da 52 yaşında sevimli ərinin yanına köçdü.Sonra atam, ondan sonra əmim…
Bir az uzun oldu ,bəlkə, amma bunları yazmaq bir ehtiyac idi mənim üçün…İşıqlı adamlar unudulmamalıdı.Ona görə ki, onlardan örnək almalı çox şey var. Zamanın fərqi yoxdu- bu, min il qabaq da belə olub, min il sonra da belə olacaq…Nə qədər yaşamaq öz əlimizdə deyil, amma necə yaşamaq, gedəndən sonra yaddaşlarda necə qalmaq öz əlimizdədir. Əslində ömür dedikləri doğum və ölüm tarixləri arasındakı o kicicik tire işarəsidi- kim o xəttə nə yükləyə bildisə, bu dünyadan aparacağı da elə odur.Odur ki elə yaşayaq ki, bizi tanıyanların yadında, yaddaşında gözəl qalaq, nurlu qalaq, əbədi qalaq…
XATİRƏ SƏFƏRƏLİZADƏ (XATUN)
9 MAY ,2020 , saat 1.45-2.43
Müstəqil.az
Share: