Son günlər COVID-19 ştamı ilə gündəlik xəstələnmə sayının sağalma sayını üstələməsi ciddi narahatlıq doğurur.

Müstəqil.Az “MediaPost” -a istinad edərək xəbər verir ki, bunu tibb eskperti, professor Adil Qeybulla deyib. O, pandemiya ilə mübarizənin gedişində mənfi dinamikanın artmasının səbəbini belə izah edib:

“SMS icazəsi başlayandan yaxın qohumlar, dostlar kütləvi olmasa da, görüşüblər, ev ziyafətləri təşkil ediblər, birgə süfrə açıblar və s. Hətta SMS icazəsi dövründə hamı maskalardan istifadə etməyib. Bakı kəndlərində, şəhərdəki bina məhəllərində insanların müəyyən icasəziz hərəkət azadlığına (həyətlərdə gəzintilər, söhbətlər və s.) və bu zaman karantin qaydalarının pozulmasına göz yumulub.

Bina evlərində bayıra çıxan insanların liftdən istifadə zamanı lift düyməsinə, divarına, dəstəklərə toxunması, liftin içərisində birgə hərəkət zamanı ağız-burun aerozolundan yoluxma da nəzərdən qaçırılmamalıdır.

Həmin proseslərdə yoluxmalar bu gün özünü göstərir. Əlbəttə, insanların ünsiyyətə olan ehtiyacı başadüşüləndir, lakin bu karantin qaydalarının ciddi şəkildə pozulmasıdır.

Bütün baş verənlər vətəndaş məsuliyyətinə bağlıdır. Polis hər nüansa nəzarət edə bilməz. Burada əsas nəzarətçi şüur və məsuliyyətli olmadır. Karantin qaydalarının yumşaldılması ilə insanların küçələrə axışması, baş verənləri sanki unutması, sosial məsafə gözləməməsi, maskadan istifadə etməməsi, şəxsi gigiyena qaydalarını gözləməməsi, əldə olunan nailiyyətləri heçə endirir, yeni reinfeksiya dalğasının əsasını qoyur.

Biz hələ karantinin qaydalarının yumşaldılması ilə baş verən yoluxmaların nəticəsini yaxın həftələrdə müşahidə edəcəyik”.

Professorun sözlərinə görə, yaranmış situasiyadan birinci çıxış yolu karantin qaydalarını ləğv etmək, əvvəlki illərdəki respirator virus infeksiyalarına olan münasibəti sərgiləmək, hər şeyi taleyin ümidinə buraxmaqdır:

“Bu halda total xəstələnmə baş verir, nəticədə hamı tibbi yardım ala bilmir, atipik pnevmoniya ilə ağırlaşan xəstələrin əksəriyyəti dünyasını dəyişir, sağalanların bir qismində əlillik (ağ ciyərlərin pnevmosklerozuna bağlı) yaranır. Sonuncuların gələcəkdə, postpandemik dövrdə reabilitiasiyası, onlara ağ ciyər transplantasiyası məsələsi kimi problemlər ortaya çıxır. Bu zaman kollektiv immunitet formalaşır (sağalanların qanında əks-cisimlər yaranır), virusun yaşamaq üçün məskəni (canlı hüceyrə) qalmadığından yoxa çıxır. Nəzərə alaq ki, xəstələnib sağalan şəxsdə reinfeksiya təhlükəsi yoxdur! Bu yol kütləvi tələfata aparan, təhlükəli və milli təhlükəsizliyimizi təhdid edə biləcək yol olardı”.

A.Qeybulla bildirib ki, ikinci yol karantin qaydalarını yenidən sərtləşdirmək, virus tamalamilə yoxa çıxana, yaxud vaksin tapılıb immunizasiya aparılana qədər sərt şəkildə davam etdirməkdir:

“Nəzərə almaq lazımdır ki, qarşıdan yay gəlir, istilər getdikcə artacaq. Belə istilərdə, xüsusilə yayda insanların uzun müddət sərt qaydalarla hərəkət azadlığının məhdudlaşdırılması, “evdəqal” rejimi xeyli problemli görünür. Kütləvi depressiya, psixoloji sarsıntılar, istivurma halları arta bilər, xroniki xəstələrin vəziyyətinin kəskinləşməsi halları geniş xarakter ala bilər. Kondisionerlərin kütləvi istismarı bir tərəfdən elektrik problemi yarada bilər, digər tərəfdən kondisioner xəstəliyi (legionellosis, soyuqdəymələr) arta bilər. Bununla yanaşı, sosial həyatı uzun müddət dondurmaq insanların yaşam şərtlərini pisləşdirə, ölkə iqtisadiyyatına sarsıdıcı zərbələr vura bilər. Düşünürəm ki, bu da effektiv yol hesab edilə bilməz”.

Ekspert üçüncü yolun ən optimal variant olduğunu söyləyib: “Üçüncü yol, karantin qaydalarını insanların hərəkət azadlıqları istiqamətində yumşaltmaq, lakin karantin şərtlərinə əməl edilməsinə sərt nəzarətin həyata keçirilməsi ola bilər. Bu zaman, ticarət obyektlərinin, ərzaq mağazalarının, satış obyektlərinin, xidmət sahələrinin, bərbərxanaların fəaliyyətinə icazə verilir, lakin onların fəaliyyət qaydaları ilə bağlı xüsusi təlimatlar hazırlanır. Vətəndaş məsuliyyəti artırılır, karantin qaydalarının pozulmasına administrativ və ictimai nəzarət gücləndirilir. Karantin qaydasını pozan hər kəs üçün ictimai qınağın artırılması, ictimai pressinqin gücləndirilməsi üçün mexanizmlər düşünülür. Elektron KİV-lər, media insanlara məsuliyyətli olmağın önəmi, karantin qaydalarının mahiyyəti və zərurəti haqda usanmadan təbliğat işini davam etdirir”.