“Başa düşürsənsə xəzəl dilində…” – Rəfiqə Abbasova

Rəfiqə Qasım qızı Abbasova 6 may 1954-cü ildə Şəmkir rayonunun Çinarlı qəsəbəsində ziyalı ailəsində dünyaya göz açıb. O,1972-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub, 1978-ci ildə təhsilini yüksək qiymətlərlə başa vuraraq həkimlik ixtisasına yiyələnib və hal-hazırda həkimlik fəaliyyətini davam etdirir.


Bir neçə şeir kitablarının müəllifidir.


Ailəlidir. 3 övladı, 6 nəvəsi var.

 

Müstəqil.Az bu gün doğum gününü qeyd edən həkim,şair Rəfiqə Abbasovanı təbrik edir, şeirlərini təqdim edir:

 

NEYLƏYİM

Hərdənbir keçmişi seyr eliyəndə,
Dünəni bu günə qatım, neyləyim.
Sinəmdə dərdlərim qövr eliyəndə,
Silib,birdəfəlik atım, neyləyim.

Hərdən sızıldayır, ağrıyır solum,
Dərdimin boynuna dolanır qolum,
Dərgahına qədər uzanır yolum,
Baş atıb dərdlərə yatım, neyləyim.

Gecələr gündüzdən pay da umuram,
Yatacağam deyə gözü yumuram,
Ürəyim,”keşik”də özüm dururam
Gecəni gündüzə qatım,neyləyim.

EYLƏMİŞƏM

Qırx çiçək dərmişəm, ömür bağından,
Dəstə bağlamışam, tağ eyləmişəm.
Acılı-şirinli xatirələri,
Bir-birinə qoşub, çağ eyləmişəm.

İllərim sürüşüb, gənclik çağından,
Görünür zirvəsi qarlı dağından,
Bizi keçiribdir, öz sınağından,
Dərdi, intizarı yox eyləmişəm.

Soyuqda, istidə əsən yelləri,
Dağları oynadıb, axan selləri,
Ay ötən illərim, qara telləri,
Hər günə dəyişib, ağ eyləmişəm.

Deməyin, dostlarım ömrü talaylb,
Ocağı ömrümdə çatıb, qalayıb,
Gecəylə gündüzü qatıb, calayıb,
Hər tingdən, fidandan bağ eyləmişəm.

Qlrx illik görüşdə ürəklər coşa,
Bir ömür yaşadıq, sənətlə qoşa,
Çox şükür illəri vermədik boşa,
Sevgini böyüdüb, dağ eyləmişəm.

Yaşayıb bir ömür, sürmüşük səfa,
Çəksək də bu yolda əziyyət, cəfa
Neçə xəstələrə vermişik, şəfa
Yolun solunu da sağ eyləmişəm.

 

 

 

Xocalı

O yerlərdən itib izim,Xocalı
Danışmağa üzüm gəlmir,neyləyim,
Daha qurtarıbdı sözüm,Xocalı.
Dərdin də heç bundan betəri olmur,
Tanrı payı bizə dözüm,Xocalı.
Başlayıbdı vicdanımın sorğusu,
Utanıram haray çəkəm,doğrusu.
Düşmənindir gülüşünün oğrusu,
Qaralıbdı yanar közüm,Xocalım.
Ar satıllb,namus yeyilib, gedib,
Bir qanlı olaydı deyilib,gedib.
Millətin vüqarı əyilib gedib,
Saxlamır canımı dizim,Xocalı.
O yerlərin bahar çıxıb yadından,
Kürsülərdən danışırlar adından.
Əsir düşən qız-gəlindən,qadından,
Hal sormağa gəlmir üzüm,Xocalı.
İllər ötür,qaysaq tutmur yaralar,
El fəryadı ürəyimi paralar.
Xocalımın şəhid ruhu qaralar,
O yerlərdən itib izim,Xocalı.
Rəfiqə Qasımqızı
Müstəqil.Az
Share: