Fərqanənin xatirəsinə..

Adilə NƏZƏR

Hər insan həyat nağılının xoş sonluqla bitməsini hak edir.

Fərqanə xanım bunu daha çox hak edirdi. Çünki çox ağrılar yaşamışdı – yaxınlarının, doğmalarının, dostlarının və bütün tanıdıqlarının çətin günlərinə ağrımışdı, ən əsası da uzun illər can ağrısı çəkmişdi. Çox dirəndi, vida edərkən belə bizlərə dirənməyi öyrətdi – bilincini itirdiyi mayın ilk iki günü onun özü qədər yorulan, üzülən doğmalarına, dostlarına da dünyanın ən uzun gecəsini yaşatdı. Ağrıdı, ağrıtdı…

O, ağrılarını şeir zamanında unudurdu. Uzun illərdi tutulduğu xəstəlik belə onu şeirdən ayrı sala bilmədi. Çünki çarəsizlikdə qalan boş əllərini ancaq dolu qəlblə tarazlaya bilirdi. “Xəyalı göylərdə yerini yazır, Qovrula-qovrula sirrini yazır, Hələ beş dərdindən birini yazır…” deyirdi.

Mən Fərqanə xanım haqqında danışanda öldü demirəm, çünki o, ölümə çoxdan qələbə çalmışdı yazdıqları ilə. Sadəcə yuxuya getdi, dərin bir yuxuya…

Az yaşadı Fərqanə, tələsik yaşadı. O qədər uzun yaşamamasına rəğmən həm Azərbaycan poeziyasında,  həm də yaşından asılı olmayaraq şair dostlarının qəlbində öz izini qoya bildi.

Qələm dostları onu son mənzilə ürəkləri, gözləri dolu yola saldılar, nağılını xoşbəxt sonlandırmağa çalışdılar. Bilirəm ki, onun ruhu haradasa yuxarıdan bunları görür və razılıqla gülümsəyirdi. Yeri işıqlı olsun.

 

 

 

 

 

 

 

 

 

 

Share: