Fərqanə Mehdiyevanın əziz xatirəsinə

Həyat vəfasızdır, doğrudan da vəfasızdır. Bir də baxırsan ki, bu gün var olan sabah yoxdur. Neçə gündür ki, şairə Fərqanə Mehdiyeva bu həyata əlvida deyib. Əbədi gözlərini yumub. Biilirdim ki, neçə illərdi, amansız xəstəliklə mübarizə aparırdı. Ruhu, varlığı qəbul etmirdi xəstəliyini.

Hərdən Yazıçılar Birliyində görüşürdük. Xəstəliyi ilə bağlı suallar verirdi, sanki bir yenilik, bir müalicə üsulu eşidəcəyinə ümid edirdi. Təəssüf ki, təbabət bir çox xəstəliklərə qarşı acizdir.
Fərqanə xətrini istədiyim insanlardan biri idi. Bir dəfə əməliyyat olanda evlərinə yanına getmişdim. Söz arası dedi ki, – Ay Nazilə , görəsən hansı günahım olub ki, belə cəzalanmışam. O zaman ona dediyim sözlər hələ də yadımdadır: “Fərqanə, bacı, günahsız mələklərdir, onların da günahı var. O qədər başdan başa günaha batmış insanlar var ki, heç xəstələnmir. Sən elə düşünmə. Kimə neynəmisən ki? Bu bir sınaqdır, imtahandır.Yaxşı olacaqsan”. Onun həssas, incə qəlbi narahat idi ki, bəlkə kiməsə bilmədən nəsə pislik edib, bəlkə kiminsə xətrinə dəyib.

Nazile Gultac adlı şəxsin şəkli.

Əzmkarlıqla mücadilə edirdi, yazıb yaradırdı. Həyatı , insanları sevirdi, Fərqanə. Ruhu şad olsun. Onun aramızdan vaxtsız gedişi məni də üzdü, kədərləndim. Fərqanənin bir şeiri var” Qızları qoymayın şeir yazmağa”. Mən də onu görəndə deyirdim ki, qoy şeir yazsın, qızlar. Gülürdü, əslində demək istəyirdi ki, sıxışdırmayın qızları, onlar zərifdir, izn verin şeir yazsınlar.

Bu şeirimi Fərqanəyə ünvanlayıram. Allah rəhmət eləsin. Onun unudulmaz xatirəsi həmişə bizimlə olacaq.

SİZ QIZLARI QOYUN ŞEİR YAZMAĞA

Qızlar sevgisini şeirlə deyir,
Qızlar sözlərinİ şeirlə deyir,
Qızlar gileyini şeirlə deyir,
Siz qızları qoyun şeir yazmağa.

Özü də, sözü də dəryadı qızlar,
Qəlbində qoşması, laylası sızlar,
Bayatı, oxşama, hecadı qızlar,
Siz qızları qoyun şeir yazmağa.

Fərqanə qızları şeir bilirdi:
“ Qızları qoymayın şeir yazmağa”
O söz istəyirdi, sanki deyirdi:
Siz qızları qoyun şeir yazmağa.

Share: