Məmurlara dədəm deyən yazarlar

Halbu ki, əvvəllər dədəsi müxalifət olub

Mənim həqiqəti sərt formada deyən yazarlara həmişə hörmətim olub. Bu cür yazarlarımız kifayət qədərdir. Çoxusu ilə hətta dostluq edirəm. Olduqları kimi görsənir, deyir, yazırlar. Hərçənd məmurlar tərəfindən sevilmirlər, dolanışıqları, sosial vəziyyətləri bərbaddır.

Amma bir əqidəyə qulluq edirlər. İqtidar kimi müxalifəti də görürlər, müxalifət kimi iqtidarı da. Hətta onlar əstəğfürullah, “Quran”dan libas geyib, mən “haqq” yoluna qayıtmışam, bundan sonra yalnız mənə deyiləni yazacam və deyəcəm, inanmaram. Çünki onlar ürəklərindəki sözləri hündürdən deyəndirlər. Səhv olsalar belə. Onların fikirləri ilə razı olmaya bilərsən, tənqid edə bilərsən, hətta döyüb-söyə də bilərsən. Amma yazdıqlarını, fikirlərini, əqidələrini əllərindən ala bilməzsən.

Buna görə həmən yazarlar həmişə kənarda qalırlar. Ortada isə… Bəziləri yazanda, hündürdən danışanda ağızlarına çullu dovşan sığmır. İqtidara, məmurlara dədəm deyirlər ( halbu ki, əvvəllər dədəsi müxalifət olub). Onun pulunu ana südü kimi əmirlər. Ürəyində isə kin saxlayır, imkanı olsa çörək verən “dədəsinin” başını tərsinə kəsər. Heç “uf” da deməz. Azdır belələri? Azərbaycan mətbuatının, o cümlədən telekanallarının 60-70 faizi bu cür əqidəsiz, çoxsifətli qələm sahiblərindən ibarət deyilmi? Adamın nə qədər lideri, sahibi olar?! Bir ay birini tərifləyir, pulunu yeyir, bir aydan sonra başqasının atdığı sümük daha yekə olur, mövqeyini 360 dərəcə dəyişib onu tərifləyir. Gecə küçədə duranlar daha halal qazanır, nəinki bu cür nadürüstlər. İndi onlar olub obyektiv, qərəzsiz, dövlətinə xidmət edən, nə bilim daha kim. Sözü düz deyənlər də düşmən. İnsafınız olsun… Bu gün cəmiyyətdə sağlam fikrin, düşüncənin formalaşmasında əziyyəti olan, onlarla jurnalsit var ki, kənarda qalıb, işsiz-gücsüz, evsiz-eşiksiz əziyyət çəkirlər. Ortaya bir ovuc lotu-potu düşüb ağıl öyrədirlər. Bütün günü televiziya ekranlarında, yazılı mətbuatda ağıllı sifət alıb ortadan çıxmırlar. Bəs deyilmi.

Qabağında quyruq buladığınız, yal aldığınız sahibinizi atdılat çölə. Getdi o… Qayıtmayacaq ta… Bundan sonar o cür sahib çətin tapasınız… Abrınız olsun… Verilən paya qane olub çəkilin qınınıza…

Amma yox… Mütləq, yeni sahib tapmalıdırlar. Maraqlıda ondadır ki, tapırlar da… Çünki gündəmdə qalmaq, hələ tam istismar edilmədiklərini sübut etmək üçün bir-birinə dəstək olaraq mətbuatda, televiziya ekranlarından düşmürlər. Özlərini təbliğ edir, verilişlər açıb bir-birlərini qonaq çağırır, haqlarında politoloq, mütəxəssis kimi imiclər yaradır. Və bu vəziyyət neçə illərdir davam edir.

Telejurnalist Şöhrət Əli

 

 

 

 

 

 

Share: