RUHUN ŞAD OLSUN, FƏRQANƏ – Balayar SADİQin şeiri

Misralar arxanca yolur saçını,
Harayın yıxılıb torpağın üstə.
Üzü sənə sarı əlin uzadıb,
Bir qələm üşüyür varağın üstə.
 
Göz yaşı qoxulu bu yaz günündə,
Quş kimi çırpınır bir şeirin canı.
Dostların keçəndə “Sahil bağı”ından
Ağaclar soruşar: Fərqanə hanı?!
 
Məzarın başında yoldaşın İlqar,
Öpür yetim kimi misralarını.
Könül dostlarını tərk etmədin ki,
Sadəcə boş qoydun sıralarını.
Aləmzər oxuyur göz yaşlarını,
Çatlamış güzgüdür Qəşəmin səsi.
Şəfəqlə Narıngül qoşa misradır, –
Faiq başdan-başa dərd qafiyəsi.
 
Astaca hönkürür Muğan çölləri,
Ömründən yıxılan şair qızına.
Dostum, ayrılığın yağır qar kimi,
Yenə bir şeir de, dostlar – qızına.
 
 
Share: