KORONİVİRUS təhlükəsi

(hekayət )

Ön Söz

İlaxır çərşənbəyə sayılı günlər qalırdı. Uhan adlı “xuxanxana”dan yayılan koronovirus adlı bəlanın kölgəsi hızla artaraq, bizim yerlərə qədər uzanmışdı. Xamrava çayının cənub sahilində yerləşən “Cındır coğa” məhəlləsinin yoxsul sakinləri virusun mərhəmətinə sığınıb, şəraitsiz, alayarımçıq evlərində can əlləşdirərkən, çayın şimal sahilində məskunlaşan “elitar təbəqə”nin təmsilçiləri – iş adamlarının, məmurların, bələdiyyə qulluqçularının, fürsətgir tacir və dələduzların möhtəşəm malikanələrində həyat “göz dağı” verirdi.

1

Küçənin virusu topuqdanıydı. Təzəbinə ailələrin məskunlaşdığı coğa uşaqları səhərdən axşama qədər küçələrinin virusluğunda “corab-kos” qovurdular, kefləri istəyən kimi ağnayırdılar, dombalaq aşırdılar, ta o vaxta qədər ki, dönüb olurdular preslənmiş virus kütləsi kimi bir şey; fəhm-fərasət lazım gəlirdi onları bir-birindən fərqləndirməyə. Doğma övladlarını tanımaqda zorlanan mamalar (bu coğanın bütün uşaqları analarına mama, atalarına papa deyirlər), belə hallarda daxillərindəki emosiya “atını” cilovlaya bilmirdilər və bu üzdən başlayırdılar, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə boyun əyib “evdəqal” kompaniyası həyata keçirən hökuməti “yağlamağa”. Lap pisi də oydu ki, uşaqların şitliyi tuta, məzələri qalxa adba-ad sorğudan da yayınalar. Hə, indi gəl ayırd et görüm “hansı küçük, hansı itin balasıdı” öz yerində, dünyanın ən yaramaz və vicdansız adamı Bill Qeytsin, ABŞ-ın prezdenti Donald Trampın arvadı-uşağı qalırdı, kəndi tən ortadan bölən Xamrava çayının qırağında, – özüdə lüt-ətcəbala. Belə vəziyyətdə arvadlar çıxış yolunu ümumi baş sayında tapırdılar: “bir,iki, üç… altı, yeddi… şükür tanrıya hamısı yerindədi!”

Başsaydıdan sonra xurt düşən arvadlar, virus qarışıq havanı sinələri dolusu ağciyərlərinə sömürüb xumarlanardılar, üzlərinə fərəh və iftixarın xəcalət qarışıq rəngi yayılardı və bu rəng pudra vuranın pudrasını, krem çəkənin kremini, pomada sürtənin pomadasını çürüdərdi, sifətlərdə kimyəvi reaksiyaya bənzər proseslər cərəyan edərdi. Təbii ki, bu türlü əndirəbadiliklər uşaqların da gözündən yayınmazdı. Uşaq olanda nə olar? – görünür onlar dəyişikliklərə daha həssas olurlar. Balacalar cizgi filmlərindən öyrəndikləri “döyüşçü panda” duruşu alıb, girişərdilər altdan-altdan pıqqıldaşmağa. Uşaqlarını gülüşlərindən tanımaq ümidi ilə həvəslənən mamalar dərhal qulaqlarını şəkləyərdilər, amma “gülüş xoru” xaric nəfəs və səs buraxmamaqda cox məharətliydi, hər halda virus da öz sözünü deyirdi, o mənada ki, gülüşlərin diapazonu heç dəyişmirdi.

2.

… Hər dəfə hökumətin karantin müddətini uzatması, ən çox “Cındır coğa” məhəlləsinin məktəbdən bezmiş uşaqlarını sevindirirdi. Əgər onların qanadları olsaydı, tərəddüt etmədən “korona”nın vətəni Uhan vilayətinə uçardılar. Bu sevincdən, səhərin gözü açılar-açılmaz göyün üzü virusdan tutuldu, arvadlar özlərindən qeyri-ixtiyari gözlərini ayaqlarındakı corablara dikdilər. Təyin etmək istəyirdilər, bu dəfə hansının corabı kos “rolundadı”. Lakin, müəmmaydı, sehriydi, tanrı möcüzəsiydi, bir sözlə, nə zibildisə, hamının corabı ayağındaydı. Elə bu vaxt arvadlardan biri nə isə fikirləşib güllü donunun ətəklərini başına atdı. Arvadların ən fəhmlisi şaşırmış halda: – aazzz, sənin tumoşun hanı? – soruşdu.

-Tumoşum kos olub, – o, heç nə olmamış kimi – dedi.

Şaşırmış arvadlar bərayi-ehtiyat əyin-başlarına əl gəzdirib, hər şeyin yerində olduğuna əmin olduqdan sonra, xeyli rahatlandılar və yenidən oyunu seyr etməyə başladılar.

Oyun qızışdıqca bədənlər də qızışır, kimisinin boyun-boğazında, kimisinin qasıq nahiyəsində, kimisinin paçasında bənövşəyi rəngdə nəm ləkələr əmələ gəlirdi və bu nəm ləkələr getdikcə böyüyürdü. O qədər böyüdü ki, sonda bənövşəyi rəngdə palçıq oldu. Arvadlardan hansısa: – “palçıq virusdan yaxşıdı” – dedi, başqa birisi: – “elə palçıq da virusdandı” – fikrini səsləndirdi. Zira qadın təxəyyülünün bitib-tükənməyən semantikası ilk insanın yarandığı cənnət torpaqlarına qədər uzandı: heç demə, Adəm babamız da palçıqdan yoğrulmuşmuş, həmin palçığın da tərkibi virusdanmış, mış… muş…

Əlqərəz, arvadlar bir-birlərini palçığın paklığına və müqəddəsliyinə inandırdılar: palçıq pak və müqəddəs tanrı neməti elan edildi. Bu dəfəki sevinc payı arvadlara qismət olmuşdu: “Ay can, ay can… əsl can rahatlığı bundan sonradı!” Bəs necə? Mamalar sürtmək, uşaqlar sürtülmək cəzasından xilas olacaqdı.

3.

… Karantin müddətinin dəfələrlə uzadılmasına baxmayaraq, hər kəsin ürəyi sakit idi. Çoxlu təhlükəli sınaqlardan çıxan, ailə-uşaqları naminə hər cür fədakarlıq göstərən “Cındır coğa” kişiləri özlərini Spartakın əyilməz qulları kimi hiss edirdilər. Əslində əyilməyə səbəb və əsasları da qalmamışdı. Onsuz da, tanrının unutduğu bu coğa, nəinki yerli icra və bələdiyyə qurumlarının, hətta şeytanın da yadından çıxmışdı. Nə yaxşı ki, elan edilmiş birinci karantin müddəti bitər-bitməz coğanın ən fərasətli və diribaş papası bütün kişiləri toplayıb çox məxvi bir toplantı keçirtmişdi. Uzun məsləhət-məşvərətdən sonra qərara alınmışdı ki, fiziki sağlamlığı şübhə doğurmayan kişilər, – gündüzlər yarasa kimi yatmalı, gecələr canavar kimi pusquda qalmalıdırlar. Əsas məqsəd kəndin “elitarlar”ının kommersiya obyektlərini, hin və tövlələrini, eyni zamanda otlaq və əkin sahələrini nəzarətdə saxlamaq, yaşamaq və yaşatmaq naminə hər imkandan yararlanmaq idi. Plan baş tutdu. Polisə şikayət etmək fikrinə düşən qəddar və xəsis “elitarlar”, “cındırlar”ın əlindəki “bioloji silahın”, yəni bir lomba virusun ağızlarına basılacağından qorxub, talehləri ilə barışdılar.

Bir sözlə, coğada işlər elə də pis deyildi, hətta virusdan əvvəlki zamanla müqayisədə müəyyən irəliləyişlər də vardı: məsələn, düz coğanın mərkəzində şirin sulu artezan quyusu qazdıran kişilər, bəlkə də ömürlərində ilk dəfə coğa arvadlarının alqış və tərifindən sərməst olub, iki gecə tətil etmişdilər. Yaxud, ordu sıralarına çağırılmış altı nəfər gənc təmtəraqlı şəkildə sünnətdən məhrum edilmiş, kəndi ikiyə bölən çayın üzərində taxta körpü quraşdırılmışdı. Üstəlik, körpü iqdisadi səmərə baxımından “Cındır coğa” sakinləri üçün əlavə imkanlar qazandırırdı və çox güman, gələcəkdə də qazandıracaqdı. Beləki, coğa uşaqlarının körpü vasitəsiylə şimal tərəfə ayaq açması, bir anda “elitarlar”ın məskunlaşdığı sahilboyu ərazilərdə həyacan və vahimə yaratdı, həm də onların tələm-tələsik ev-eşiklərini boşaltmağına və kəndin dərinliklərinə çəkilməsinə səbəb oldu. Bu isə hər kəsi körpünün gələcək perespektivinə daha çox inandırdı. Ən azından indilik, coğa sakinlərinin tikinti materialları ilə bağlı heç bir problemi qalmamışdı.

4.

… Avqust ayının ortalarına doğru vəziyyət tamam sabitləşdi: “Cındır coğa” məhəlləsində heç kim əlini sabunla yumur, antiseptik və dezinfeksiyaedici məhlullardan istifadə etmirdi. Nə qədər qəribə olsa da, tikanlıvirus və coğa insanları arasındakı şəffaf, izolyasiyasız səmimi münasibətlər əsl dostluğa çevrilmişdi. Bu ərəfələrdə “tumoşu kos olan” mamanın əhval-ruhiyyəsi geniş səmalarda mayallaq vururdu. O, təxəyyülünün gücündən pərvazlanan ideyaları ilə “müqəddəs dələduzluq” sənətinin əsaslarını yaradır, həm də həmişə arzusunda olduğu “Gözəllik salonu”nun sərmayəsini toplayırdı. Onun bu günkü “ovu” ərazinin baş epidemoloqu M.Q idi.

– Azz… sən, o Mamışdı-qamışdı, onun arvadı döysən?

– Hə, bacı. Nə olub ki?

– Belə zəhrimar olub, azar olub! Bayağdannan, sənin o adama oxşamaz ərüə on dəfə vızıt atmışam. Cavab vermey ki, vermey.

– Neynirsən mənim ərimi, ay bacı?!

– Ay xlor yeyən qancıxxx… nəyimə lazımdı sənin iylənmiş ayın. Ona denən, təcili gəlib bizim tualeti dızınfoş eləsin. Gəlməsə mən gələcəm, məənnn!!!

– Bura bax ay ləçər, bəsdi həddini aşdın. Hələ bi de görüm kimsən?

– Mən virusam eee, viii…russs…

– Virus?! Eşidirsən məni, ay virus, irağ-irağ birdən “Cındır coğa”lı olarsan eee…

– Bacı canı, düppə-düz tapmısan.

– Təsadüfən “tumoşu kos olan” xanım olmayasan?

– Özüyəm.

– Ay bacı, day denən ailəmi dağıdacağsan da…

– Başa düşmədim, ay xlor bacı, dızınfos eləməyin sənin ailənə nə dəxli?

– Var dəxli, var. Həm də necə… Məsələ ondadı, mən çox vasvası adamam. Nətəhər eləyim məni düz başa düşəsən. Həə…bax… Mənim kişim bir top klonkaya bükülüb samalyota minə, o samalyot gəlib sizin coğanın üstündən keçə, sonra o, özünü iki tonluq xlor çəninə ata, ardınca iki yüz letir spirtlə “suya” çəkilə, yenə ürəyimə yatmaz. Gör nə deyirəm sənə, mənim kişimi boşla, yaz adımı “xərc” dəftərinə. Eşitdim, “işığçının” arvadı iki yüz manat yazdırıb, mən lap üç yüz yazdıraram. Həə, nə deyirsən?

– Razılaşdığ. Amma, hər ay üç yüz haa… Allah xeyrimizi versin! Heç bir etiraz istəmiyəm.

O, “no” düyməsini basıb dərhal xəttdən “əkildi” və ürkək nəzərlərlə ətrafına boylandı. Çünki adi diqqətsizlik sirrini faş edə bilərdi. Belə olması isə onun planlarına uyğun deyildi. O, diqqətli davranmalı, arzularını gerçəkləşdirəcək paralar gizli cüzdanını xoşbəxt edənə qədər, ehtiyatı əldən verməməliydi. Sonrası onunçün psixi təfərrüatdan oyana keçməyən səmimi qadın dələduzluğunun izharı və yaxud, “elitarlar”la “cındırlar” arasında başlayacaq ikinci kənd müharibəsinə bəhanə yaradacaq cəsarət performansının stixiyası-fason bir şey olacaqdı.

5.

… 2021-ci il. İlaxır çərşənbəyə sayılı günlər qalır. Coğa sakinlərinin ürəyi yeni dünyanın əhvalına uyğun ahənglə döyünür. Onlar yaşamaq naminə bütün qüvvələrini sərf edərək, köhnə zamanlardan qalma nimdaş arzularının müəyyən qismini reallaşdırmağa nail olmuş, bir vaxtlar içində çabaladıqları bədbəxtlikləri, məhv olmuş ümidləri, mərhəmətsiz və qəddar insanlardan aldıqları maddi-mənəvi zərbələri koronavirus məzarlıqlarında dəfn etmişlər. Ən qəribəsi də odur ki, hansısa mamanın tumoşu bir daha kos olmasın deyə alınan idman topları coğa uşaqlarında heç bir həyacan və maraq doğurmamış, “corab-kosa” sədaqətlərini pozmamışdı. Heç demə toplar, viruslarla təmasda onların adət etmədiyi hərəkət və hərəkətsizliklər edirmiş.

Söz yox ki, toplar istifadəsiz də qalmadı, qadınlar iki komandaya bölünüb əltopu oyununun sirrlərini öyrənməyə başladılar. Onlar bu qış qar yağacağına, qar topu oynayıb bütün azar-bezarlarını öldürəcəklərinə çox əmin idilər.

Son Söz

…Təbiət bütün amansız məziyyətlərinə rəğmən insanla müqayisədə daha xeyirxah və mərhəmətlidir. Əgər belə olmasaydı, nə insan, nə də insanlıq qalardı.

İnsanın nə vaxtsa Təbiət üzərində hökmüranlığı məcazdan başqa bir şey deyil. O, Təbiətlə mübarizədə həmişə uduzub və onun məğlubiyyətinin ən bariz nümunəsi min illər boyu yaratdığı dinlər və məzhəblərdir. Tanıdığımız və tanımadığımız bütün kainata belə mülkiyyət hüququ əldə etmək olar, amma bu hüququn “dəyəri” reyestr xidmətinin verdiyi “çıxarış” adlı kağız parçası olacaq. Kağızlarsa yaşamağı, döyüşməyi, mübarizə aparmağı, müqavimət göstərməyi bacarmır, cənablar!

Hüsamə bin Sərxan ( Hüsaməddin Əhmədov )

Cəlilabad rayonu, Qarazəncir kəndi

23-25 aprel 2020-ci il

Share: