Treyleri ilə böyük səs gətirən “İkinci Pərdə”nin təqdimatı…

Dünən treyleri ilə böyük səs gətirən “İkinci Pərdə” filminin təqdimat mərasimi keçirilib.

Müstəqil.Az xəbər verir ki, xeyli sayda insanın qatıldığı gecədə “IMAX” kinoteatrının dörd zalı da tamaşaçı ilə dolu olub. Dəvətnamə üçün ayrılan bir zaldan əlavə digər zalların hamısına bilet satışı gerçəkləşib.

Təqdimat mərasiminə qatılanlar arasında Xalq artisti Sənubər İsgəndərli, Əməkdar artistlər Ayşad Məmmədov, Bəhram Bağırzadə, Cabir İmanov, aktyorlar Kamran Ağabalayev, Türkay Cəfərli, Tural Əhməd, aparıcılar İlkin Həsəni, Şəhriyar Əbilov, Zümrüd Bədəlova, Zümrüd Qasımova, aktrisalar Zemfira Əbdülsəmədova, Pərvin Abıyeva, Oksana Rəsulova və başqaları olub.

Ekran işində baş rolları Əməkdar artist Hikmət Rəhimov, aktrisa Günay Əhməd və aktyor Qorqud Cəfər oynayıb. Film ərinə onun uşaqlıq dostu ilə xəyanət edən Samirə və bunu öyrənib çətin imtahan qarşısında qalan Timadan bəhs edir. Rejissoru Emil Quliyev olan ekran işində baş rol ifaçısı Samirəni oynamaq üçün aktrisaların heç biri razılıq verməyib.

Son günədək Günay Əhməd də canladırdığı obrazın etdiklərinə haqq qazandırmadığı üçün rola çəkilmək istəməyib, amma sonda buna razı olub. O, bu barədə film bitəndən sonra alqışlarla səhnəyə çıxan komandanın çıxışı zamanı məlumat verib:

“Eminə, Orxana və Zaur Şəfiyevə təşəkkürümü bildirirəm. Tərəf müqabillərimlə işləməkdən böyük zövq aldım. Hər birimizin həyatında Tima, Samirə və Arif kimi insanlar var. Çox istərdim ki, onlar bu filmə baxdıqdan sonra özləri üçün nəticə çıxarsın.

Əslində ekran işini izləyənlər Samirə və Arifi qınayacaq. Amma düşünürəm ki, burada Timanın da gühanları var. Emil şahiddir ki, son günə qədər Samirəyə heç cür haqq qazandıra bilmirdim. Anlayırdım ki, əgər aktrisa obraza haqq qazandıra bilmirsə, onu oynaya bilməz. Lakin son gün bu obraza çəkilmək üçün razılaşdım. Ancaq bu, onun etdiyi hərəkətə bəraət qazandırmır”.

Rejissor Emil Quliyev çıxışında bütün komandaya təşəkkür edib.

Filmin mənfi qəhrəmanı Qorqud Cəfər isə çox həyəcanlı olduğunu dilə gətirib:

“Mənfi qəhrəmanlar adətən təqdimatlarda danışmır, çünki onlar həmişə səhv olur. Sadəcə onu demək istəyirəm ki, kino və teatr xəyanəti sevmir. Çox həyəcanlıyam, dünəndən bəri özümə gələ bilmirəm. Hər bir insan müəyyən yerə çatanda müxtəlif köməklər olur və talehi dəyişir. Mənə isə bu işdə müəllimlərim Zemfira Əbdülsəmədova, Çingiz Rəsulzadə kömək etdi. Çingiz bəy “Kuklalar” filminin rejissorudur. Nə qədər düşmüşəmsə, həmişə qalxmaqda mənə yardımçı oldu. Ömrümün axrına qədər ona minnətdar olacağam. Komanda ilə işləməkdən və döyülməkdən zövq aldım”.

“İkinci Pərdə”nin ən yazıq və bəxtsiz obrazı İbişi canlandıran aktyor Elşən Əsgərov saytımıza açıqlamasında ilk dübet filmi olduğunu bildirib:

“Bu, ilk filmim idi. Obrazıma yüksək səviyyədə hazırlaşmışdım. İbişin mənfi, yoxsa müsbət obraz olduğunu hələ də aydınlaşdırmamışam”.

E.Əsgərov “Filmdəki kimi həyat yoldaşınız olsaydı, onun kaprizlərinə dözərdiniz?” sualına belə cavab verib:

“Qətiyyən, dözə bilməzdim. O, həyat yoldaşı deyil axı. Həyat yoldaşı o adın haqqını verməlidir”.

Qeyd edək ki, ekran işində həmçinin, aktyorlar Tural Əhməd, Azər Aydəmir, Zaur Şəfiyev, Elşən Hacıbabayev, Ziya Ağa, Rövşən Ağayev, aktrisalar Cəmilə Tağızadə, Gülnarə Abdullyeva, Səbinə Həsənova və başqaları rol alıb. Filmin baş prodüseri Orxan Mərdandır.

Share: