Mirzəkişi Fətəlioglu
(şeirlər)
Alma-ayrılıq imiş
Bağbandan gizlincə bir alma dərdim
Qıymadım böl deyəm ,yar deyəm, sənə.
Gecəli, gündüzlü sevdiyim səndin
Yarım da olmadın, yar deyəm sənə.
Bilirdim dəsmaldan ayrılıq gəlir
Sən demə alma da ayrılıq imiş.
Qırx ildir həsrətin içimi dəlir
Hicran-ayrılığın sarı simiymiş.
Deyirsən rəsmim var səninlə qoşa
O rəsmi indiyə saxlamağın nə.
Sən ki, qırx il öncə bəxtini daşa
Vurub bu yaşında ağlamağın nə.
Yaman nigaransan,yaman pərişan
Olan olub,keçən keçib, ağlama.
Qırx il öncə ürəyimi yandıran
Bu gün növbə rəsmi yandır, saxlama.
2014
Gətirmə…
Gətimə ağlına yıxılmağı sən
Yıxılana balta çalan çox olur
Olmuş olsa başına yüz and içən
Yıxıldın yuxu tək onlar yox olur
Yel vurmuş dən sayaq ümid,gümanın
Heçə dönür,puça dönür bir anda
Sanki buz bağlayır damarda qanın
Yıxandan o kəslər öndə qaçanda
Gündən yarasalar gizləndiyi tək
Qoçaq sandıqların qaçağa dönür
Sanki köksün altda çırpınan ürək
Qəzaya uğramış uçağa dönür.
Sıxır məngənə tək tənhalıq,təklik
Elə bil çovğunda yol azmış kimi
Donur gözlərdə yaş,sümükdə ilik
Dərd üstə dərd gəlir dərd azmış kimi
Söyüb,söylənirsən öz ünvanına
Loxmalıq dostların yad,yağı imiş
De kimi çəkəsən haqq divanına
Hamısı bir bezin qırağı imiş
Gətirmə ağlına yıxılmağı sən
Ya olum,ya ölüm anında belə
Üzdə mələk kimi gözə görünən
Səni oda atar,ya verər selə.
2016
BU YAZ GƏLİŞİ….
Yağışlar yağacaq bu yaz gecəsi
Bu yaz gəlişini görəsi olsam
Məni sevən qızı, sevdiyim qızı
Elə ürəyimcə öpəsi olsam
Yaşamağa dəyər, yazmağa dəyər.
Yağışlar yağacaq bu yaz gecəsi
Arazın qoynuna, Kürün qoynuna
Yüz illik arzular çin olsa nə dərd
Sarılıb, sarmaşsaq qardaş boynuna
Yaşamağa dəyər, yazmağa dəyər.
Yağışlar yağacaq bu yaz gecəsi
Tumurcuq boxçalı bağçaya, bağa
Buzlu bulaqların donu çatlayıb
Yaz yeli dönərsə saçda darağa
Yaşamağa dəyər,yazmağa dəyər.
Yağışlar yağacaq bu yaz gecəsi
Göylər diksinəcək durna səsindən
Torpaq quzulayıb,buğumlanacaq
Yer-yurd oyanacaq yaz nəfəsindən
Yaşamağa dəyər,yazmağa dəyər.
Yağışlar yağacaq bu yaz gecəsi
Nə fərqi ya gecə,ya sübh şağında
Şəhid məzarları şəhid olursa
Düşmən tapdağında Qarabağımda
Yaşamağa dəyməz,yazmağa dəyməz.
2016
Ömrümü…
Kərəm eylə, Yaradanım,
yaşayım kasıb ömrümü.
Olumundan, ölümündən
taleyim asıb, ömrümü.
Bircə anlıq mısqal sevinc
olanda da ollam ğirinc.
Aylar,illər kərpic-kərpic
doğrayıb,kəsib ömrümü.
Xoş gün, xoş üz məndən uzaq
qarşı yollar tələ,duzaq
Dərd qəmdəki çayır sayaq
yerikib,basıb ömrümü.
Doğulandan bu günədək
bildiyini edir fələk
Əcəl mənlə yeriyərək
əzrayıl pusub, ömrümü.
2016. Oktyabr.
Demirəm…
Demirəm yol azıb, naçar qalmışam
İns-cinssiz səhrada- ilğım selində
Demirəm budaqdım sındırılmışam
Ya qəza, yada ki, nadan əlində
Demirəm taledən küsgün adamam
Demirəm qismətdən qaçan olmuşam
Demirəm pak, təmiz, düzgün adamam
Məchul mətləbləri açan olmuşam
Demirəm qəlb qırıb, göz yaşartmadım
Demirəm günahım səhvim anılsın
Demirəm attdığm bircə səhv addım
Ehtiraf xətrinə bağışlanılsın
Demirəm qələtim, xətam olmayıb
Haqq qazandırmışam haqsıza bəzən
Ağ atım olmayıb, butam olmayıb
Yüz yalan satmışam yüz qıza bəzən
Qırışlar pozubdur alın yazımı
Yazan yazdığını oxuya bilməz
Dərd, qəm toxuduğun -ömrü uzunu
Barama qurduda toxuya bilməz
Məlum həqiqətdir olsam da ötkəm
Cismimin kəfənlik ağ bezi qalıb
Qəbir- doğanaqdır, ömürsə- örkən
Ordan keçməyinin gec-tezi qalıb.
Mən, Dəniz, Sənsiz
Dəniz yerində
durmuşam sahilində.
Yanaqların sayaq qızılı,
dodaqların sayaq butası sıxılı
qızılgül əlimdə-sən yoxsan.
Bilmirəm gecikirsən
yoxsa tərəddüd edib
həyacan keçirirsən.
Gedim, getməyim -görüşə.
Gözləyirəm
önümdə Xəzər
dalğalı, ləpəli, qağayılı.
dalğaları-şahanə
ləpələri-yorğun
qağayıları oğrun-oğrun
göz qoyur sulara.
Mənimsə bənizim solğun,
fikirlərim ağ-qara.
Sinirlərim səbrimi
çəkib tarıma,dara.
Atıram qızılgülü
sənsizliyin şahidi-göydə Günəş,
günəşdən o yana Allah,
duz dadlı sulara.
Başsız yelkən kimi
qızılgül batır, çıxır
dalğalar qızılgülı,
sənsizlik qəlbimi sıxır.
Dalğalar şahə qalxır
sinəmdə ürək sayaq
Ləpələr dalğaların
son səs, son nəfəsimi
yoxsa, ağ çiçək sayaq
dağılır sahil boyu.
Dəniz yerində
durmuşam əli yalın sahilində
ilk nübar gözləyən ağac kimi
yaranı sağaldan ilac kimi
sən mənim ehtiyacım
mən sənə möhtac kimi
sən yoxsan-önümdə dəniz
Göydə Allah-səssiz
yerdə mən -SƏNSİZ.
Axırın necə olacaq
Şübhə dolu,şəkdi mənə.
Telefon açdım
Telefon açdım sənə
ürəyimdən keçəni
ürək edib açammadım-
hərbi sirrkimi.
Dilimdən asılı qaldı
deyəcəklərim soyuq ağır gir kimi.
Dişlərim bir-birinə sıxılı qartal caynağı tək
dodaqlarım əsim-əsim əsir nanə yarpağı tək.
Telofon əlimdən düşür
küsəyən uşağı xatırladır-acıq etmiş kimi
Bəlkədə acığımıza susur telofon
qaralır ekran.
Sən orda məndən nigaran
mən burda içimdən
uçaq kimi qəzaya uğrayan.