“Vahid məktəbli geyimi bərabərlik və nizam-intizam rəmzidir”

“Vahid məktəbli geyimi bərabərlik  və nizam-intizam rəmzidir”

“Dəmir Yumruq” Vətən Müharibəsi Veteranlarına Dəstək İctimai Birliyi vahid məktəbli geyimlərinin tətbiqinə qarşı yönələn etirazlarla bağlı Azərbaycan ictimaiyyətinə və valideynlərə müraciət edib. 

Birliyinin Mətbuat Xidmətinin rəhbəri, professor Elçin İsgəndərzadə saytımıza bildirib ki, Vətən müharibəsi iştirakçıları, qazilər və veteranlar vahid məktəbli geyimlərinin tətbiqinə qarşı bəzi əsassız etirazları narahatlıq və təəssüf hissi ilə izləyirlər:

“Biz torpaqlarımızın azadlığı uğrunda döyüşəndə çiyin-çiyinə dayandığımız silahdaşlarımızla əynimizdə vahid hərbi forma vahid idi. O forma bizi bərabərləçdirdi, bizi bir yumruq etdi və bizə qələbə qazandırdı. Bu gün məktəblərfə tətbiq edilən vahid geyim də məhz həmin fəlsəfənin – bərabərliyin və nizam-intizamın rəmzidir. Bəzi şəxslərin bu geyimləri dini dəyərlərə zidd kimi qələmə vermək cəhdləri tamamilə yanlışdır. Vahid məktəbli geyiminin tətbiqi İslam dininin əleyhinə deyil, əksinə, onun uca dəyərləri ilə tam bir ahəng təşkil edir.


Vahid məktəbli geyimlərinin tətbiqinə etiraz edənləri bu addımlarından çəkinməyə çağırır və aşağıdakı xüsusları diqqətə çatdırırıq. Nizam-intizama və elmi rəhbərliyə hörmət: İslam nizam və intizam dinidir. Dövlətin elm ocaqları üçün təyin etdiyi qaydalara riayət etmək, cəmiyyətdə xaosun qarşısını almaq hər bir vətəndaşın borcudur. Şagirdlərin fikrini “nə geyinim?” qayğısından azad edərək tamamilə elmə yönəltmək dinimizin elm öyrənmək çağırışına tam uyğundur. Məktəb fərqli sosial təbəqələrdən olan uşaqların bir araya gəldiyi müqəddəs bir məkandır. Vahid geyim imkanlı və imkansız ailələrin övladları arasındakı fərqi vizual olaraq silir, uşaqların psixologiyasını sinfi ayrı-seçkilikdən qoruyur. Forma geyinmək gənc nəslə erkən yaşlarından qanuna, nizama hörmət etməyi və rəsmiyyəti öyrədir. Dövlətin məktəb üçün təyin etdiyi formaya qarşı çıxmaq, intizamsızlığa zəmin yaratmaqdır. Məktəb dəb nümayişi yeri deyil, elm ocağıdır. Vahid geyim şagirdlərin fikrini hər gün geyim qayğısından azad edərək tamamilə dərslərinə fokuslanmağa kömək edir”.

Müraciətdə qeyd edilib ki, biz Vətən uğrunda can qoyan döyüşçülər kimi gələcəyimiz olan uşaqların intizamlı, bərabərhüquqlu və sağlam mühitdə böyüməsini arzulayırıq. Vahid geyim islahatını dəstəkləmək hər bir vətəndaşın və valideynin mənəvi borcudur:

“Gəlin şəxsi ambisiyaları və bəhanələri bir kənara qoyub, Qələbəmizin memarı cənab Ali Baş Komandanın ətrafında sıx birləşərək övladlarımıza bərabərliyi və intizamı məhz məktəb illərindən peşəkar şəkildə aşılayaq! Vətən müharibəsi zamanı vahid hərbi forma döyüşçülər arasında bərabərliyin, birliyin və nizam-intizamın rəmzi olub. Eyni fəlsəfə məktəblərdə tətbiq edilən vahid geyimlərdə də öz əksini tapır”.

Qeyd edək ki, müraciətdə vahid məktəbli geyimlərinin dini dəyərlərə zidd olması ilə bağlı fikirlərin yanlış olduğu vurğulanıb, bu geyimlərin İslam dininin elmə, nizam-intizama və bərabərliyə verdiyi önəmlə uzlaşdığı bildirilib.
Birlik vahid məktəbli geyimlərinin bir sıra üstünlüklərini diqqətə çatdırıb. Vurğulanıb ki, vahid geyim şagirdlər arasında sosial fərqlərin zahiri görünüşdə ön plana çıxmasının qarşısını alır, maddi imkanlarından asılı olmayaraq bütün uşaqların bərabər mühitdə təhsil almasına şərait yaradır. Eyni zamanda, məktəblərdə nizam-intizamın möhkəmlənməsinə və şagirdlərin diqqətlərini təhsilə yönəltməsinə kömək edir.

Müraciətdə bildirilib ki, məktəb dəb nümayişi məkanı deyil, elm və təhsil ocağıdır. Buna görə də şagirdlərin intizamlı, bərabərhüquqlu və sağlam mühitdə böyüməsi üçün vahid məktəbli geyimlərinin tətbiqinə dəstək göstərilməsi vacibdir.
Sonda valideynlər və ictimaiyyət nümayəndələri şəxsi mülahizələri bir kənara qoyaraq, vahid məktəbli geyimlərinin tətbiqinə dəstək verməyə, gələcək nəslə bərabərlik və intizam dəyərlərini aşılamağa çağırılıblar.

Müstəqil.Az

 

Share: