Tarixi qoruyan fədakar xanım: Həcər Nəsirova – Leyla Məcidova yazır

Tarixi qoruyan fədakar xanım: Həcər Nəsirova – Leyla Məcidova yazır

 

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ev-muzeyinin baş fond mühafizi Həcər Nəsirova Lənkəranın mədəni, elmi və pedaqoji mühitində özünəməxsus yeri olan, fədakar fəaliyyəti ilə seçilən tanınmış ziyalılarımızdandır. O, uzun illərdir ki, bölgənin mədəniyyət və təhsil sahəsində, eləcə də muzeyşünaslıq işində əzimkarlıqla çalışır, ömrünü tarixi yaddaşın qorunmasına və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına həsr edir.
Həcər Fərhad qızı Nəsirova 1973-cü ildə Lənkəran rayonunun səfalı Rvo kəndində, elmi və mənəvi dəyərlərə böyük ehtiram bəslənilən bir ziyalı ailəsində dünyaya göz açıb. O, 1980–1991-ci illərdə Rvo kənd tam orta məktəbində ilk təhsilini alaraq parlaq bilik və dünyagörüşü ilə fərqlənib. Sənətə, mədəniyyətə olan dərin marağı onu Mirzağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr sənəti” fakültəsinə gətirib çıxarıb. 1997-ci ildə ali təhsilini “Teatrşünaslıq” ixtisası üzrə müvəffəqiyyətlə başa vurub.
Həcər Nəsirovanın şərəfli ömür yolunun ən məhsuldar, yaddaqalan mərhələsi 2007-ci ildən etibarən əfsanəvi sərkərdə Həzi Aslanovun ev-muzeyi ilə bağlanır. Muzeyə ilk olaraq ekskursiyaçı kimi dəvət alan Həcər xanım öz olan böyük sevgisi, peşəkarlığı və irsinə göstərdiyi sonsuz ehtiramı ilə qısa zamanda və ziyarətçilərin dərin rəğbətini qazanıb. Bu məsuliyyətli fəaliyyətin nəticəsi olaraq o, 2014-cü ildə muzeyin baş fond mühafizi irəli çəkilib. 2021-ci ilin may ayından etibarən bir müddət muzeyin direktor vəzifəsini müvəqqəti icra edən Həcər xanım, hazırda da baş fond mühafizi kimi böyük həvəslə çalışır, tarixi eksponatların göz bəbəyi qorunub gələcək nəsillərə ötürülməsində misilsiz xidmətlər göstərir.
Muzeyşünaslıq fəaliyyəti ilə yanaşı, Həcər xanım həm də geniş publisistik və bədii yaradıcılıqla məşğul olan qələm sahibidir. Onun elmi-publisistik məqalələri “İctimai fikir”, “Elm və zəka” kimi tanınmış jurnallarda, “Azərbaycan övladı”, “Azərbaycan oğlu” qəzetlərində, eləcə də “Ictimaifikir.az” və “Heqiqet.az” xəbər portallarında müntəzəm olaraq dərc edilir. İctimai aktivliyinə və səmərəli fəaliyyətinə görə o, bu nüfuzlu media platformalarının fəxri üzvü seçilib.
Həcər Nəsirova “Zirvədəki Azərbaycanlılar” çoxcildliyinin müxtəlif hissələrinin, “Nizami Gəncəvi İli”nə, “Şuşa İli”nə və müqəddəs Zəfərimizə həsr olunmuş dəyərli kitabların həmmüəlliflərindəndir. Xüsusilə, onun tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun 110 illik yubileyinə töhfə olaraq qələmə aldığı “Həzi Aslanovun qəhrəmanlıqla dolu həyat yolu” adlı fundamental kitabı bu gün qardaş Türkiyə Respublikasının Kurtuluş Savaşı Muzeyinin ekspozisiyasında sərgilənir və ölkəmizin hərb tarixini beynəlxalq aləmdə ləyaqətlə təmsil edir.
Çoxşaxəli və səmərəli fəaliyyətinə görə Həcər Nəsirova “Müstəqil Azərbaycan-100”, “Zirvədəki Azərbaycanlılar”, “Dəmir Yumruq” medallarına, eləcə də “Azərbaycan qadını”, “Vətənpərvər xanım”, “Zəfər yolu”, “Nizami Gəncəvi-880” kimi məsuliyyətli və fəxri media mükafatlarına layiq görülmüşdür. Şərəfli ömür yolu sübut edir ki, o, yalnız öz sahəsinin peşəkarı deyil, həm də nümunəvi ana, iki oğul böyüdüb boya-başa çatdıran ləyaqətli Azərbaycan qadınıdır. O, bu gün də doğma Lənkəranın mədəni həyatına dəyərli töhfələr verməkdə, yaradıcılıq uğurları ilə el-obasını sevindirməkdədir.
Dəyərli Həcər xanıma möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, fədakar fəaliyyətində və yaradıcılıq yolunda yeni-yeni uğurlar arzulayırıq!

Lənkəran Dövlət Universitetinin dosenti,
Tarix üzrə fəlsəfə doktoru,
Tarix-Diyarşünaslıq Muzeyinin direktoru
Məcidova Leyla Qadir qızı

Share: