Zamana sığmayan quruculuq missiyası – Leyla Məcidova yazır

Zamana sığmayan quruculuq missiyası – Leyla Məcidova yazır

 

Ömür var ki, sadəcə təqvim yarpaqlarının rəqəmlərində yaşanır, sükutla başlayıb sükutla bitir. Ömür də var ki, hər ili bir salnaməyə, hər addımı xalqa və dövlətə xidmət edən uca bir körpüyə çevrilir. Belə mənalı və şərəfli ömür payının sahiblərindən biri də varlığı ilə əqidə saflığını, ziyalılıq işığını və dövlətçilik təfəkkürünü özündə birləşdirən tanınmış ictimai-siyasi xadim, VI və VII çağırış Milli Məclisin deputatı, elmi təfəkkürü ilə siyasətin üfüqlərini zənginləşdirən Sadiq Haqverdi oğlu Qurbanovdur. Onun həyat yolu bütöv bir nəslə örnək olacaq qədər zəngin, fəaliyyəti isə müasir Azərbaycanın inkişaf tarixinə yazılacaq qədər əhəmiyyətlidir.
Ulu Naxçıvanın, Şərur rayonunun qədim Ələkli kəndinin havası, suyu və torpağındakı o müqəddəs ruh bəlkə də hələ uşaq yaşlarından onun taleyinə bir mübarizlik, bir quruculuq missiyası yazmışdı. Elmə, biliyə olan sonsuz marağı onu Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə gətirəndə, o, təkcə rəqəmlərin deyil, həm də həyatın dəqiq qanunauyğunluqlarını dərk etməyə çalışırdı. Elmdə zirvəyə ucalmaq hər kəsə nəsib olmur, lakin Sadiq müəllim gənc yaşlarında namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi dərəcəsini qazanmaqla daxilindəki böyük potensialı nümayiş etdirdi. Bir insanın həm dəqiq elmlərə, həm hüquq elminin incəliklərinə, həm də dövlət idarəçiliyinə eyni dərəcədə vaqif olması onun dünyagörüşünün hüdudsuzluğundan xəbər verir. BDU-nun Hüquq fakültəsini bitirməsi və Prezident yanında Dövlət İdarəçilik Akademiyasında aldığı mükəmməl təhsil onun gələcək böyük siyasi fəaliyyətinin möhkəm bünövrəsi oldu.
Sadiq Qurbanovun adı Azərbaycanın müasir tarixinə həm də böyük bir siyasi məktəbin, Yeni Azərbaycan Partiyasının ilk və ən sadiq qurucularından biri kimi həkk olunub. O, ulu öndər Heydər Əliyev ideyalarına qəlbdən bağlanan, o müqəddəs məfkurənin işığını gənc nəslə ötürmək üçün çırpınan bir ürəyin sahibidir. Təsadüfi deyil ki, o, YAP Gənclər Birliyinin təşkilat komitəsinin ilk sədri kimi çətin və şərəfli bir missiyanı öz çiyinlərinə götürmüş, minlərlə gəncin dövlətçilik ruhunda formalaşmasında müstəsna rol oynamışdır. Partiyanın İcra Katibliyində şöbə müdiri, nazirlikdə sektor rəhbəri və digər mühüm dövlət və ictimai vəzifələrdə çalışarkən Sadiq müəllim hər zaman dövlət maraqlarını uca tutmuş, vətəndaş məmnunluğunu öz fəaliyyətinin qayəsi hesab etmişdir.
Parlament rəhbərliyində, xüsusilə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri kimi Sadiq Qurbanov bu gün ölkəmizin gələcəyi üçün həyati əhəmiyyət kəsb edən qlobal məsələlərin önündə gedir. Dünyanın “yaşıl iqtisadiyyat” və ekoloji imperativlərlə bağlı yeni çağırışlar etdiyi bir dövrdə, onun rəhbərliyi ilə hazırlanan qanunlar, irəli sürülən təşəbbüslər Azərbaycanın bu sahədəki qətiyyətli mövqeyini möhkəmləndirir. O, təkcə siyasi kürsülərdə deyil, həm də yazdığı çoxsaylı elmi əsərlərdə, xüsusilə cild-cild işıq üzü görən “Neft və davamlı inkişaf: Azərbaycanın enerji strategiyası” adlı fundamental monoqrafiyalarında bir alim bəsirəti ilə gələcəyin mənzərəsini cızır. Onun qələmindən çıxan hər bir sətir, ulu öndər Heydər Əliyevin idarəçilik irsinə və varislik fəlsəfəsinə həsr etdiyi hər bir kitab dövlətə olan sarsılmaz sədaqətin elmi təzahürüdür.

“Torpağın bağrına sığmır hünəri,
Zamanı fəth edir böyük əməli.
Vətən can üstündə can bəsləyəndə,
Ucalır uca tutan o, müqəddəs əli.”

Sadiq müəllimin həyat kredosu məhz bu misraların ruhu ilə səsləşir,onun haqqında yazılan “Sədaqət və cəsarət kredosu” kitabı da bu bütöv şəxsiyyətin daxili aləminin, xalqına olan sevgisinin ən bariz ifadəsidir. O, Şabrandan, Siyəzənə, Salyandan Mavritaniyaya qədər uzanan geniş bir coğrafiyada parlamentlərarası əlaqələrin qurulmasında, insanların dərdinə şərik olmaqda, hər bir seçicinin səsinə səs verməkdə yorulmaq bilmir. Çünki onun güc mənbəyi xalqın sevgisi və dövlətin rəhbəri tərəfindən onun fəaliyyətinə verilən ali qiymətdir ki, bu da “Tərəqqi” medalı və “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə taclandırılmışdır.
Bu gün ömrünün ən gözəl, ən müdrik və məhsuldar çağlarını yaşayan dəyərli ziyalımızı, böyük dövlət xadimini, geniş vətənpərvər insan Sadiq Qurbanovu ad günü münasibətilə ürəkdən təbrik edir, ona Tanrıdan möhkəm cansağlığı, ailə səadəti arzulayıram. İnanıram ki, onun rəhbərlik etdiyi komitənin xətti ilə, dövlətimizin başçısının uzaqgörən siyasəti sayəsində ölkəmizdə həyata keçirilən “yaşıl dünya” naminə həmrəylik missiyası, ətraf mühitin qorunması və davamlı inkişaf ideyaları qarşıdakı illərdə daha böyük uğurlara vəsilə olacaqdır. Qoy gələcək illər Sadiq müəllimin ömrünə yeni-yevi elmi nailiyyətlər, dövlətçilik yolunda parlaq qələbələr və Azərbaycanımızın tərəqqisinə xidmət edən xeyirli günlər bəxş etsin.

Leyla Qadır qızı Məcidova
Lənkəran Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

Share: