SÖZÜN KEŞİYİNDƏ KEÇƏN ÖMÜR

SÖZÜN KEŞİYİNDƏ KEÇƏN ÖMÜR

Akif Cabbarlı – 75

Bəzən bir insanın ömür yolu təkcə onun şəxsi taleyini deyil, bütöv bir dövrün mənəvi salnaməsini özündə yaşadır.

Azərbaycan mətbuatının tanınmış simalarından, publisist, yazıçı və televiziya jurnalisti, Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi İdarə Heyətinin , Azərbaycan Kinematoqrafçılar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Akif Cabbarlının 75 illik yubileyi də məhz belə bir ömrün hesabatıdır.
Akif Cabbarlının yaradıcılığı ilə ilk tanışlığım onun 1995-ci ildə “Azərbaycan” nəşriyyatında işıq üzü görmüş “Qızılgüllər açacaqmı?..” kitabı vasitəsilə olub. Zaman keçdikcə bu tanışlıq qarşılıqlı hörmətə, mənəvi yaxınlığa və möhkəm dostluq münasibətlərinə çevrildi. Onun dərin müşahidələri, publisistik düşüncə tərzi və səmimi qələm üslubu onun şəxsiyyətini daha yaxından tanımağıma, yaradıcılığına isə daha böyük rəğbət bəsləməyimə səbəb oldu.
5 iyul 1951-ci ildə Qəbələnin füsunkar təbiəti qoynunda dünyaya göz açan Akif Cabbarlı gənc yaşlarından sözün gücünə inanaraq həyat yolunu jurnalistika ilə bağladı. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində aldığı təhsil onun gələcək fəaliyyətinin möhkəm təməlini qoydu. Lakin əsl məktəb auditoriyalar deyil, cəmiyyətin özü, həyatın müxtəlif qatları və insan taleləri oldu.
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində başlayan yaradıcılıq yolu onu zaman-zaman ölkənin aparıcı media qurumlarına apardı. “Kommunist” qəzetində, sonralar “Xalq qəzeti” adı ilə fəaliyyətini davam etdirən redaksiyada, daha sonra “Azərbaycan” qəzetində çalışdığı illərdə Akif Cabbarlı oxuculara sadəcə xəbərlər yox, həyat həqiqətlərini çatdırdı. Onun reportajları, oçerkləri, publisistik araşdırmaları və analitik yazıları dövrün ictimai nəbzini tutan, insan talelərini ön plana çıxaran sanballı nümunələr kimi yadda qaldı.
Akif Cabbarlının publisistikası hər zaman məsuliyyət hissi ilə seçilib. Onun qələmi hadisələri təsvir etməklə kifayətlənməyib, problemlərin mahiyyətinə enib, ictimai düşüncəni hərəkətə gətirməyə çalışıb. Söz onun üçün peşədən əvvəl vətəndaşlıq mövqeyi, vicdan borcu olub.
Televiziya fəaliyyəti də onun yaradıcılığının mühüm istiqamətlərindən biridir. Azərbaycan Televiziyasında və İctimai Televiziya və Radio Yayımları Şirkətində müxtəlif məsul vəzifələrdə çalışaraq milli televiziyanın inkişafına töhfələr verib. İctimai Televiziyanın mətbuat xidmətinin rəhbəri və “Media və Zaman” proqramının redaktoru kimi fəaliyyəti də peşəkarlığı ilə yadda qalıb.
Akif Cabbarlı həm də məhsuldar qələm sahibidir. “Qızılgüllər açacaqmı”, “Bir ömrün reportajı”, “Cənnətdə nə var, nə yox, Rafiq müəllim”, “Biz o şəhərə gedəcəyik”, “Səngər uvertürası” və digər kitablarında o, publisistin müşahidə dəqiqliyini yazıçının bədii təxəyyülü ilə birləşdirərək oxucularına həm düşünmək, həm də duymaq imkanı yaradıb. Altı kitabdan ibarət yaradıcılıq irsi onun sözə sədaqətinin, ömür boyu apardığı mənəvi axtarışların bariz ifadəsidir.
Çoxillik səmərəli fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, media sahəsinin nüfuzlu “Həsən bəy Zərdabi” və “Qızıl qələm” mükafatlarının laureatıdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalına layiq görülməsi, eləcə də 2025-ci ildə Azərbaycan Milli Mətbuatının 150 illiyiu münasibətilə yubiley medalı ilə təltif olunması onun xidmətlərinə verilən yüksək dəyərin təzahürüdür.
Bu gün Akif Cabbarlı Azərbaycan Kinematoqrafçılar İttifaqının redaktoru kimi fəaliyyətini uğurla davam etdirir. Onun zəngin peşəkar təcrübəsi, sözə və sənətə münasibəti həmkarları və gənc jurnalistlər üçün örnək məktəbidir.
Yetmiş beş il – zaman baxımından böyük bir ömürdür. Ancaq bu ömrün əsl dəyəri yaşanan illərin sayında deyil, həmin illərin necə yaşanmasındadır. Akif Cabbarlı sözə xidmət etməyi həyat amalına çevirən, jurnalistikanı vicdan işi kimi qəbul edən, qələmini həqiqətin və milli dəyərlərin keşiyində saxlayan yaradıcı ziyalılardandır.
Azman aydınımız Akifu Cabbarlını 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, tükənməz yaradıcılıq ilhamı və Azərbaycan mədəniyyətinə, mətbuatına xidmət yolunda yeni uğurlar arzulayıram.

Tapdıq ƏLİBƏYLİ

Share: