“Yolçu ruhlar”ın sorağında

“Yolçu ruhlar”ın sorağında

Bu gün A. Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında gənc yazar, “Zərif Qadınlar” ədəbi qrupunun və “Sehirli misralar” ədəbi mühitinin üzvü Gülü Mustafayevanın “Yolçu ruhlar” kitabının təqdimat mərasimi keçirildi. Tədbirdə Naxçıvan ədəbi mühitinin tanınmış yazarları, ziyalılar, kitabsevərlər, müəllifin doğmaları və yaradıcılığına dəyər verən oxucular iştirak edirdilər.


Tədbiri giriş sözü ilə Naxçıvan Yazıçılar Birliyinin sədri, şair-publisist Asim Yadigar açaraq müəllifin yaradıcılığı və “Yolçu ruhlar” kitabının ideya-bədii xüsusiyyətləri haqqında ətraflı məlumat verdi. Bildirdi ki, Gülü Mustafayeva gənc yaşına baxmayaraq sözə məsuliyyətlə yanaşan, duyğularını səmimi və obrazlı şəkildə ifadə edən istedadlı qələm sahibidir.
Daha sonra çıxış edən qonaqlar müəllifi yeni kitab münasibətilə təbrik edərək ona yeni yaradıcılıq uğurları arzuladılar. Tədbirdə müəllifin yaradıcılığından nümunələr səsləndirildi, kitabın mövzusu və bədii məziyyətləri haqqında maraqlı fikirlər bildirildi.


Sonda çıxış edən müəllif Gülü Mustafayeva tədbirin təşkilatçılarına, A. Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasının kollektivinə, Naxçıvan Yazıçılar Birliyinə, tədbirdə iştirak edən ziyalılara, qələm dostlarına, doğmalarına və bütün oxucularına dərin təşəkkürünü bildirdi. O qeyd etdi ki, ilk kitabının belə dəyərli insanların iştirakı ilə təqdim olunması onun üçün böyük qürur və məsuliyyətdir. Müəllif göstərilən diqqət və dəstəyin gələcək yaradıcılığı üçün ən böyük stimul olduğunu vurğulayaraq bundan sonra da oxucuların etimadını doğruldacaq əsərlər yazmağa çalışacağını bildirdi.
Səmimi söhbətlər, xatirə şəkilləri və imza saatı ilə başa çatan tədbir gənc yazarın ədəbi fəaliyyətində yaddaqalan bir gün kimi yadda qaldı.
 Sevinc Azadlı

Şair-publisist

Share: