
Layihə rəhbəri Leyla Rəcəbzadə bildirib ki, Layihənin əsas məqsədi müxtəlif yaş qruplarından olan uşaqların psixoloji rifahını gücləndirmək, onların emosional sabitliyini, özünəinamını və sosial mühitə uyğunlaşma bacarıqlarını inkişaf etdirməkdir. Müasir dövrdə uşaqlar məktəb, ailə və sosial münasibətlərdə bir çox psixoloji çətinliklərlə qarşılaşır. Bu layihə vasitəsilə uşaqlara öz hisslərini tanımaq, ifadə etmək, münaqişələri sülh yolu ilə həll etmək və stresslə sağlam şəkildə mübarizə aparmaq öyrədiləcək. Layihə çərçivəsində 3 ay ərzində 3 psixoloji təlimtəşkil ediləcək. Təlimlər oyun terapiyası, hisslərin rənglərlə ifadəsi, özünüifadə və yaradıcılıq, komanda oyunları, dostluq və empatiya, emosional intellektin inkişafı, özünüidarə, hədəf qoyma və stressin idarə edilməsi kimi mövzular əhatə edəcək. Təlimlər interaktiv üsullarla – oyunlar, qrup tapşırıqları vasitəsilə aparılacaq. Eyni zamanda valideynlərlə maarifləndirici söhbətlər keçiriləcək, onlara uşaqlarla düzgün ünsiyyət və dəstək yolları haqqında məlumat veriləcək.
Leyla Rəcəbzadə qeyd edib ki, Layihənin icrası zamanı uşaqlar hisslərini tanıma və ifadəetmə bacarığı qazanacaq, öz hisslərini daha düzgün və sağlam şəkildə ifadə etməyi öyrənəcəklər. Stress, qorxu və aqressiv davranış səviyyəsində azalma müşahidə olunacaq – uşaqlar mənfi emosiyalarla mübarizə aparmağı öyrənəcəklər. Uşaqlarda özünəinam və sosial bacarıqlar artacaq, onlar dostları və ailə üzvləri ilə daha rahat ünsiyyət quracaqlar.Empatiya və birgə fəaliyyət vərdişləri formalaşacaq – uşaqlar qrup işlərində daha aktiv və əməkdaşlığa meylli olacaqlar. Valideynlər uşaqların emosional vəziyyətinə daha diqqətli yanaşacaq, müsbət davranış modellərindən istifadə etməyi mənimsəyəcəklər. Məktəb və ailə mühitində uşaqların davranışında pozitiv dəyişikliklər müşahidə olunacaq, sosial münasibətlərdə gərginlik azalacaq.Psixoloji maarifləndirmə mədəniyyəti güclənəcək – həm uşaqlar, həm valideynlər emosional sağlamlığın əhəmiyyətini daha yaxşı anlayacaqlar.






















