Zərif ruhlu Sona xanım…

Zərif ruhlu Sona xanım…

Onun adı Sonadır, yəni Sona xanım. Bu söz Azərbaycan şifahi xalq ədəbiyyatında və poeziyasında zərifliyi, isməti və xüsusi gözəlliyi simvolizə edir…

Orta məktəbdə oxuduğu vaxtlarda o dövrün “Pioner” qəzetində “Haradan başlanır vətən?”- mövzusunda keçirilən inşa müsabiqəsinin elanını görüb, müsabiqədə iştirak etmək qərarına gəlir və tezliklə elanda göstərilən ünvana inşa yazıb göndərir. İnşada qeyd edir ki:- “Vətən mənim üçün yaşadığım evdən, həyətimizdən və hər gün altında oynadığım tut ağacından başlayır.” Çox keçmir ki, inşa əks-səda doğurur və müsabiqənin qaliblərindən biri də, o olur.
Ümumiyyətlə, vətən mövzusu ona çox əzizdir və bədii yaradıcılığının əsas qayəsini təşkil edir. Bəlkə də bu səbəbdəndir ki, hətta elmi işinin də mövzusu vətənlə bağlı olub…
“Ən böyük sevgi vətənə, torpağa olan sevgidir. Bu danılmaz sevgidir. Məsələ bundadır ki, bu söz çox deyildiyindən onun səmimiliyinə inam azalıb. Bütün sevgilər ötür. Anaya, torpağa olan məhəbbət isə ötüb keçmir.”- söyləyir.
Kövrək qəlbi var. Özünü yağışa bənzədir. Adə­tən, kövrələndə istəmir ki, kimsə buna şahid olsun. “Mə­nim də qəl­bim­də yağışa bən­zər hal­lar tez-tez olur. Əgər ley­san ya­ğır­sa, tez kə­sir, am­ma na­rın ya­ğış ya­ğır­sa, onun kəs­mə­si, ki­ri­mə­si gec olur.”- deyə duyğularını dilə gətirir…
Deyir ki:- “Həmişə çalışmışam ki, ünsiyyətdə olduğum insanlarda yalnız yaxşı xüsusiyyətlərini görüm, belə olanda ünsiyyət də normal alınır. İnsanlar ünsiyyətdə bir-birinə müsbət enerji ötürə bilirsə qarşıya çıxan bütün maneələri aşmaq olur. Yox, əgər münasibətdə qarşınızdakının mənfiliklərini axtarsanız, ünsiyyət qura bilməyəcəksiniz, çünki müsbət enerji mübadiləsi olmayacaq. Nə yazıq ki, bəzən işıqlı gördüyün adamla münasibətdə bütün fikirlərin alt-üst olur. İnsan odur ki, buna baxmayaraq özündə qala bilsin, dəyişməsin.”
O, 1962-ci ilin may ayının 29-da, həftənin ikinci günü Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda dünyaya gəlib. Astroloji inanclara və xalq təqviminə görə, həftənin 2-ci günü (çərşənbə axşamı) dünyaya gələnlər Mars planetinin təsiri altında olurlar. Onlar yüksək enerjili, döyüşkən, cəsur və mübariz xarakterləri ilə seçilirlər. Həftənin 2-ci günü doğulanların əsas xüsusiyyətləri bunlardır: Təbiətcə çox cəsur və qorxmazdırlar. Daim hərəkətdə olmağı sevirlər, liderlik və rəqabət tələb edən sahələrdə uğur qazanmağa meyillidirlər…
Sona xanım 1984-cü ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini fərqlənmə diplomu ilə bitirib. 1984-1994-cü illərdə Üzeyir Hacıbəyov adına Naxçıvan Musiqi Texnikumunda müəllim, 1995–1999-cu illərdə “Səs” qəzetində müxbir vəzifələrində çalışıb. 2005-ci ildə jurnalist kimi fəaliyyətinə görə “Tərəqqi” medalına, daha sonra “Əməkdar jurnalist” adına layiq görülüb. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib. 1999-cu ildən tarixi “Kaspi” qəzetinin təsisçisi və ideya rəhbəridir. 2011-ci ildən 2018-ci ilə qədər Milli Televiziya və Radio Şurasının sədr müavini vəzifəsində çalışıb. Filologiya üzrə fəlsəfə doktorudur. Bir sıra kitabların müəllifidir…
“Qa­dın güc­lü ol­ma­lı­dır. Bi­zim gü­cü­müz ya­xın­la­rı­mı­za bö­yük ener­ji ve­rir. Biz güc­lü­yük­sə, hə­yat yol­da­şı­mız güc­lü­dür, ata­mız güc­lü­dür, qar­da­şı­mız güc­lü­dür. Qa­dın güc­lü, in­tel­lek­tu­al, his­siy­yat­lı olan­da ət­ra­fı­na da bu­nu ötü­rə bi­lir. He­sab edi­rəm ki, bu fik­ri sə­bəb­siz de­mirəm. Bə­zən elə mə­qam­lar olur ki, o za­man ağıldan əla­və, in­tui­si­ya da la­zım gə­lir və qa­dın­da bu, da­ha güc­lü­dür. Bə­zən qadın­la­rın in­tui­si­ya­sı ağıl­dan bir qə­dər irə­li­də ola bi­lir. Bu mə­na­da, qa­dın­lar daha in­tui­si­ya­lı­dır və bu­nun­la on­lar da­ha bö­yük iş­lər gö­rə bi­lirlər…”- söyləyir.
Zərif ruhu var, qəlbi o qədər təmizdir ki, hamıya-hər kəsə xoşbəxtlik arzulayır. Necə deyərlər, dili dualı xanımdır…
…Bəli, bu dəfə sizə ürək­lə­rə yol ta­pan, şeirləri ilə kö­nül­lə­ri tər­pə­dən alim, şair Sona Vəliyevadan danışıram. O, sadə­li­yin­də əzə­mət, qü­ru­run­da mər­hə­mət gəz­di­rən zə­rif­lər­dən­dir. Bar ve­rən ağac ki­mi bə­rə­kə­ti ço­xal­dıq­ca, başı­nı aşağı tu­tub, ürə­yi­ni Allaha, kön­ül qa­pı­sı­nı isə insan­la­ra açıb. Bir sözlə, o xoş­bəxt­dir…
Mayın 29-u naşir, şair, publisist Sona Vəliyevanın növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram…
Hörmətlə, Elman Eldaroğlu
Share: