İranın “NAYA” Telegram kanalı keçmiş İran prezidenti İbrahim Rəisinin ölümünün ildönümü ilə bağlı animasiya yayımlayıb. Tribuna.az xəbər verir ki, həmin animasiyada Azərbaycan da hədəf kimi göstərilib. Belə ki, orada hadisənin Rəisinin Azərbaycan sərhədində baş tutan görüşündən sonra baş verməsinə eyham vurulub. Bununla da Azərbaycana qarşı əsassız ittihamlar yenidən animasiya ilə gündəmə gətirilib. Eyni zamanda, videoda onun ölümündə İsrailin əlinin olduğuna dair görüntülər yer alıb.

Qeyd edək ki, Rəisinin helikopteri İran ərazisində qəzaya uğrayıb. Rəsmi Tehran hadisənin sui-qəsd olduğunu açıqlamayıb. Yalnız 40 günlük müharibədə bəzi iranlı siyasətçilər ABŞ və İsrailin əli olduğunu açıqlayıblar. Lakin Azərbaycanın yenə də əsassız yerə hədəfə çıxarıldığı göz qabağındadır.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, İran saytları Azərbaycana böhtan atır. Onun sözlərinə görə, mərhum prezidentin İran ərazisində helikopter qəzasında həlak olduğu təsdiqlənib: “Buna baxmayaraq, bəzi iranlı rəsmilər iddia edilər ki, İsrailin əməliyyatı nəticəsində prezident və digərləri aradan götürülüb. Ancaq bununla bağlı hər hansı sübut ortaya qoyulmayıb. Hətta belədirsə, yenə də hadisənin Azərbaycanla heç bir əlaqəsi ola bilməz. Çünki İran ərazisində həlak olublar. Ona görə də vaxtaşırı İran rejiminin mühafizəkar qanadına bağlı media resursları vasitəsi ilə Azərbaycana qarşı qarayaxma kampaniyasına start verilir”.
Hüquqşünas bildirib ki, Azərbaycan İranla əməkdaşlığın inkişaf etməsində maraqlıdır, lakin SEPAH-la bağlı dairələr bu münasibətlərin korlanması üçün hər şey etməyə çalışırlar.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli İran media resurslarında Azərbaycana şər-böhtan atılmasının xroniki xarakter aldığını qeyd edib.
Növbəti uydurmanın İbrahim Rəisi ilə bağlı olduğunu deyən VHP sədrinin müavini bildirib ki, İran mətbuatı ən absurd iddiaları tirajlayır: “Hətta utanmasalar sabah da yazarlar ki, Azərbaycan nüvə bombası hazırlayır və İrana atacaq. Yəni Tehranda yerləşən bu redaksiyalar ağzına gələni yazırlar. Halbuki İbrahim Rəisi və digər şəxslərin helikopter qəzasında həlak olduğunu İran rəsmi orqanları açıqlayıb. Bundan fərqli rəsmi iddia ortaya qoyulmayıb. Sadəcə, İranda SEPAH tərəfindən himayə olunan nəşrlər var ki, Azərbaycanı ləkələməkdən əl çəkmirlər”.
S.Əsədlinin sözlərinə görə, İranda bəzi anti-Azərbaycan media resurslarının missiyası var: “Onlar çirkin təbliğat aparır ki, guya İsrail İranla sərhədimizdədir, orada kəşfiyyat işi aparır. Rəisinin ölümünü də bu şəkildə İsrailə bağlamaq istəyirlər. Həmçinin 40 günlük müharibə dövründə sərsəm və cəfəng iddialar tirajlayırdılar ki, guya İrana qarşı hərbi əməliyyatlar üçün Azərbaycan ərazisindən istifadə olunur. Lakin rəsmi Bakı sübut etdi ki, heç vaxt plasdarm olmayıb. Əksinə, İrana humanitar yardım göndərdik, orada qalan xarici ölkələrin vətəndaşlarının təxliyəsinə köməklik göstərdik. O baxımdan, SEPAH və onunla əlaqəli mətbu orqanlar hər dəfə Azərbaycana bir qara yaxmağa çalışır, heç biri də yapışmır. Rəisi barədə səsləndirilən cəfəngiyat da boşboğazlığın əlamətidir”.

“İbrahim Rəisiyə sui-qəsd İsrailin işidir” – bunu ötən il İranın Məsləhət Şurasının üzvü Məhəmməd Sədr deyib. Onun sözlərinə görə, 2024-cu il, mayın 19-da mərhum prezident Rəisinin digər rəsmilərlə birlikdə helikopter qəzasında həlak olması rəsmi Tehrana ünvanlanmış açıq mesajdır.
Yada salaq ki, İranın sabiq prezidenti İbrahim Rəisi 2024-cü il mayın 19-da Şərqi Azərbaycan ostanında baş verən helikopter qəzasında həlak olub. O, Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə “Xudafərin” və “Qız Qalası” su anbarlarının açılış mərasimindən qayıdarkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterdə olan xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmi şəxslər də dünyasını dəyişib.
Emil Salamoğlu
Musavat.com




















