Dünya gözəl, dünya geniş, nəzər sal, Zaman ilə bərabər gəz, eyni qal – Nizaməddin Mədrəhimov

Dünya gözəl, dünya geniş, nəzər sal, Zaman ilə bərabər gəz, eyni qal – Nizaməddin Mədrəhimov

Nizaməddin Mədrəhimov 1989-cu ildə Özbəkistan Respublikasının Fərqanə vilayətinin Dangara rayonunda anadan olmuşdur.
Respublika miqyasında çoxsaylı ədəbi toplularda və mətbuat orqanlarında yaradıcılıq nümunələri ilə fəal iştirak edir. Beş kitabın müəllifidir.

Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetini üçüncü kurs tələbəsidir.

ADINLA YAN-YANA

Gülnar, gül üzün mənim,
Aldı xoş məramımı.
Səni necə səsləyim?
Dilarəmmi, Leylamı?

Yanmaq, inləmək ilə,
Sərgərdan gəzmək ilə,
Həsrətə dözmək ilə,
Keçir günüm, axşamım.

Nə edim, bağrı dağam,
Gülsüz bağçayam, bağam.
Nə dəli, nə sağlamam,
Gedib huşum, anlamım.

Eşq məktubu – kəlmələr,
Gah sevinc, gah da dərdlər.
Şeirlər dolur dəftər,
Mən – şair, sən – ilhamım.

Bədəni tərk edib can,
Tapsaq əbədi dövran.
Adın ilə yanbayan,
Tarixdə adım, sanım.

Gülnar, ay üzün mənim,
Aldı xoş məramımı.
Səni necə səsləyim-
Dilarəmmi, Zəhramı?

BALAM

— İstıyin nədir, balam?
— Kürsüyə çıxmaq, ana.
Şeir deyib şənimə,
Alqışlar yığmaq, ana!

_ Yığsan, yalnız dua yığ
Heç zaman qarğış yığma!
İstəsən lap göyə çıx,
Adamlığından çıxma!

DİNLƏ, EY YAR…

İstəyim – üzünü görməkdir,
Əzabı görə bilməməkdir!

Qəlbimdə, dilimdə məhəbbət,
Ayımda, ilimdə məhəbbət.

Aşkar, açıqlıq istəyirəm,
Mütləq aşiqlik istəyirəm!

Yaşamaq – asanlıq, çətinlik,
Könlündən başqası – bir qəpik.

Çay içsəm, çayımda şəklin var –
Gör nə qədər xoş təsəllin var?

Sevirəm çox ciddi, sevirəm,
Davamlı, əbədi sevirəm!

İstəyim – üzünü görməkdir,
Və sənə baxaraq, ölməkdir!

 

PAPAQ TAPILAR

Baş qoşma, kimlərsə, hədyan deyəndə,
Bir gün gopçunun da ağzı yapılar.
Dost-düşmən içində böyüdüm mən də,
Baş salamat olsa, papaq tapılar.

Boyun əymə təşvişlərə, qəmlərə,
Həyatdakı xırda-çürük kəmlərə.
Yaşa, güvən daha gözəl dəmlərə,
Baş salamat olsa, papaq tapılar.

Ata-ana varlığıdır şahlığın,
Övladlarının gülüşü qəlb çağlığın.
Ən dəyərli var-dövlətin – sağlığın,
Baş salamat olsa, papaq tapılar.

Dünya gözəl, dünya geniş, nəzər sal,
Zaman ilə bərabər gəz, eyni qal.
Qəmə baqma, gülüb qəmdən meydan al,
Baş salamat olsa, papaq tapılar.

Əldən vəzifə getsə, olma xar,
Birinin dərdinə sevinmə aşkar.
Boş yerə çalışma, oturma bekar,
Baş salamat olsa, papaq tapılar.

Sınaqlı dünyada sınanmaqdayıq,
Arada rahatıq, gah qınaqdayıq.
Sınaqdan sınağa güclü, haqdayıq,
Baş salamat olsa, papaq tapılar.

Saxta dostlar bir-bir düşər gen, kənar,
Sümük sağsa, yara rahat üz tutar.
Dost-düşmən içində böyüməyim var,
Baş salamat olsa, papaq tapılar.

DOĞULMUŞAM

Niyə saçın ağ, denəyin,
Mən ağ üçün doğulmuşam.
Acımayın, qəm yeməyin,
Sınaq üçün doğulmuşam.

Sevsəm, adicə sevmərəm,
Yanıb, od tutub sevərəm.
Hərarətəm, alovam həm,
Ocaq üçün doğulmuşam.

Ömür nədir –  yüyrək atdır,
Bəxt, bəla – qoşa qanaddır.
Yatma, özün mənə çatdır,
Oyaq üçün doğulmuşam.

Gah yetən, gah yetməyənəm,
Yetməsəm, dad etməyənəm.
Çox uzağa getməyənəm,
Bir sağ üçün doğulmuş.

Tərcümə: Şahməmməd Dağlaroğlu

Share: