“8 ildir binamız təhvil verilmir, yüzlərlə sakinin həyatı təhlükədədir” — Fotolar

“Yaşadığımız bina 2015-ci ildə tikilib təhvil verilsə də, 8 ildən artıqdır ki, tikintini həyata keçirən “Zaman” Elmi-İstehsalat Müəssisəsindən (EİM) onu təhvil ala bilmirik. Həyətimizdə sakinlərin ümumi mülkiyyətinə verilməli olan ofis qanunsuz yollarla şirkət tərəfindən ələ keçirilib. Bütün binanı içməli su ilə təmin edən anbarın üzərində yerləşən ofisin təyinatı dəyişdirilərək yaşayış obyekti edilib, anbara giriş və havalandırma sistemi bağlanıb. Hazırda ərazidə yaşayan 850 sakinin həyatı təhlükə atındadır”. 

Bu şikayətlə “Qafqazinfo”ya Binəqədi rayonu, Mirmahmud Kazımovski 54/56 ünvanında yaşayan bir qrup sakin müraciət edib. 

Onların sözlərinə görə, binanın həyətindəki ofis 600 kub-metrlik su anbarı və nasosxananın üzərində tikilib. Ərazinin təhlükəsizlik kamerası, komendant və iclas otağı bu ofisdə yerləşir. 

Sakinlər iddia edirlər ki, “Zaman” EİM tikinti şirkətinin rəhbərliyi həmin ofisə saxta yolla çıxarış alıb: “Əvvəlcə həmin obyekti kafe kimi işlətmək istəyirdilər, hazırda isə yaşayış yeri kimi istifadə olunur. Hətta həmin ofis binasına arxa tərəfdən giriş qapısı açıblar. Su anbarının havalandırma yeri və giriş-çıxış qapısı tutulub. Biz anbara daxil ola bilmirik, bunun üçün onlardan icazə alıb içəri girməliyik. Bu günərdə su anbarı daşmışdı, onlar da yatmışdılar deyə içəri girə bilmədik. Su boşuna axıb getdi. Ən dəhşətlisi odur ki, həmin yerdə ev heyvanları da saxlayırlar. Bir neçə it və tısbağaları su anbarının girişində, havalandırma sisteminin üzərində gəzirlər. Həmçinin obyektdə hamam, tualet də var ki, oradan anbara çirkab suların sızma ehtimalı var. Qanunvericiliyə görə, sanitar qovşaq, mətbəx içməli su anbarının üzərində yerləşə bilməz. Hazırda çox təhlükəli vəziyyət yaranıb.

Əslində, Mənzil Məcəlləsinin 35-ci maddəsində qeyd olunub ki, 1-dən artıq sakinə xidmət göstərən tikili və qurğular, o cümlədən, zirzəmi, mansard, ofis binası sakinlərin müştərək əmlakıdır və onların icazəsi olmadan sənədləşdirilə bilməz. Tikinti şirkətinin rəhbərliyi həmin obyekti ələ keçirmək üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etsə də, qanunsuz olduğuna görə oradan imtina vermişdilər. Bu dəfə su hövzəsinin üzərində yerləşdiyini gizlədərək məhkəməyə müraciət etdilər və 1 saylı Bakı İnzibati-İtisadi Məhkəməsinin qərarı ilə çıxarış əldə etdilər. Məhkəmə saxta sənəd əsasında qərar çıxardı”. 

Sakinlər bildirirlər ki, problemlə əlaqədar Fövqəladə Hallar Nazirliyinə (FHN) rəsmi məktubla müraciət edilib. FHN-in Tikintidə Təhlüksizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları əraziyə baxış keçirərək sakinlərin dediyi nöqsanları təsdiqləyib. Aidiyyəti qurumlara problemin həlli ilə bağlı məktub göndərilsə də, hələ də heç bir tədbir görülməyib: “FHN-dən mütəxəssislər gəldi, həmin yerə baxış keçirildi və məktubda qeyd etdiyimiz bütün nöqsanlar aşkarlandı. Binamızın zirzəmisində qeyri-qanuni mebel sexi fəaliyyət göstərir, zirzəmini bölüblər, yanğın təhlükəsizliyi problemi yaranıb. Bir neçə anbar yeri düzəldib icarəyə veriblər. Bütün siqnalizasiya, yanğınsöndürmə qurğularının hamısının qarşısı bağlanıb. Həmçinin binamızın mansardında konstruksiya dəyişiklikləri olunub və bütün bunlar FHN-in məktubunda öz əksini tapıb. Baxmayaraq ki, FHN həmin problemləri aşkarladı, müraciətimizlə bağlı bizə rəsmi cavab verildi və nöqsanların aradan qaldırılması üçün məktubun bir nüsxəsi BŞİH-ə, Binəqədi İH-yə və hüquq-mühafizə orqanına göndərildi, hələ də heç bir tədbir görülmür”.

Sakinlər həmçinin qeyd ediblər ki, tikinti şirkəti binanı 3 ildir qeydiyyatdan keçirdikləri cəmiyyətə təhvil verməkdən boyun qaçırır: “2021-ci ildən “Binəqədi-28” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətini (MMMC) təsis etmişik. Ədliyyə Nazirliyində qeydiyyatdan keçdik, vergi orqanında qeydiyyata durduq və qanuni şəkildə fəaliyyət göstəririk. Amma “Zaman” EİM bizə daima maneə törədir, fəaliyyət göstərməyə imkan vermir. Prezidentin sərəncamı da var ki, çoxmərtəbəli yaşayış binası tikilib təhvil verildikdən sonra 1 ay ərzində MTK sakinlərə təhvil verib çıxmalıdır. Lakin “Zaman” rəhbərliyi qanunları saymır. Rəhbərlik tərəfindən bizə deyilir ki, sizə verilən sənədi qəbul etmirik. Müxtəlif bahanələrlə təhvil verməkdən imtina edilər”.

Sakinlər hazırda 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etdiklərini deyirlər. Onlar 3-cü tərəf kimi prosesə qoşulduqlarını, məsələnin araşdırılması üçün ekspertizanın təyin olunmasını tələb edirlər. 

Problemlə bağlı “Zaman” EİM-nin rəhbəri Elşən Aslanovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında sakinlərin iddialarının əsassız olduğunu bildirdi: “Onu sakinlərin adından bir nəfər deyir, siz gəlin, yoxlayın. Burada obyektlərin hamısının dövlət tərəfindən verilən sənədi var. Su anbarının üzərində tikilən binanın 22 təşkilatdan icazəsi var. Qanunu, hər bir sənədi olan evə irad tuturlar. Əvvəl də şikayət olunub, İcra Hakimiyyətindən, FHN-dən gəlib baxıblar ki, sənədimiz var, üzr istəyib gediblər. Bütün deyilənlər barədə məlumatlıyıq. Sakinlərin iddiaları əsassızdır. Burada sənədsiz heç bir iş görülməyib. Həmin obyektə dövlət tərəfindən çıxarış verilib və özəlləşdirilib. Həmçinin, binanın zirzəmisi, mansardı da özəl yerdir, onların sahibləri var”. 

Sözügedən binanın illərdir niyə sakinlərə təhvil verilməməsinə gəlincə isə E. Aslanov bildirdi ki, “Binəqədi 28” MMMC özü binanı təhvil almır: “Siz bunu onlardan soruşun. Biz yalvarırıq ki, gəlin təhvil götürün, gəlib götürmürlər. Təhvil-təslim olunmamış, yalandan xəbərimiz olmadan bir firma açıblar və fəaliyyət götərirlər. Biz də deyirik gəlib təhvil götürün, gəlmirlər, uzadırlar”. 

Problemlə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan sözügedən binalarda yaşayan sakinlərin yuxarı dövlət qurumlarına və Rayon İcra Hakimiyyətinə ünvanladıqları əvvəlki müraciətləri əsasında ərazidə araşdırma aparıldığı bildirildi. Araşdırma zamanı binaların qaz, su, işıq və istilik xətti ilə təchiz olunmasına baxmayaraq, sayğaclaşdırma işlərinin başa çatdırılmadığı və binaların idarə edilməsi ilə bağlı sakinlərlə müəssisə arasında mübahisənin yarandığı məlum olub.

Məsələ ilə əlaqədar sakinlər Rayon İcra Hakimiyətinə dəvət olunub və “Zaman” EİM ilə razılaşdırılaraq bağlanmış müqavilə öhdəlikləri ilə bağlı aralarında yaranmış mübahisəli məsələlərə aydınlıq gətirilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmələri, kommunal xidmətlərin dəyərinin ödənişində mövcud olan problemlərin araşdırılması və hüquqlarının bərpası barədə qanunvericiliyin tələbləri ətraflı izah edilib: “Göstərilənlərlə yanaşı qaz, su, işıq və istilik sayğaclarının quraşdırılması işlərinin başa çatdırılması, həmçinin baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi “Zaman” EİM-in rəhbərliyinə tapşırılıb. Yol verilən hüquqazidd əməllərin və digər qanun pozuntularının araşdırılaraq qanunamüvafiq tədbirlərin görülməsi üçün Binəqədi Rayon Polis İdarəsinə məktubla müraciət olunub. Həmçinin əlavə məlumat üçün bildiririk ki, sözügedən tikililərin inşası uzun illər öncə aparılıb və hazırda hər hansı əlavə dəyişikliklərin edilməsi halları müəyyən edilməyib. Rayon İcra Hakimiyyəti tərəfindən qeyd olunan məsələ ilə bağlı hər hansı bir rəy bildirilməyib və heç bir icazə sənədi verilməyib. Gələcəkdə aparılacaq hər hansı qanunsuz tikinti işlərinin qarşısının alınması məqsədilə sahə nəzarətə götürülüb”. 

Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, sözügedən məsələ məhkəmə orqanları tərəfindən araşdırılır: “Hazırda “Zaman” EİM rəhbərliyi ilə “Binəqədi-28” MMMC arasındakı mübahisəli məsələyə məhkəmə orqanları tərəfindən baxılır”.

Saxta sənəd ittihamları ilə bağlı 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciətimizə isə belə cavab aldıq: “Həmin iş icraatdadır və məhkəmə araşdırması davam edir”.

Gülnar Əliyeva


Share: