40 il boş qalan qəbrinin üstündə şam yandıran adam…

(Bilal Alarlı- 65)

Qismətimdə günçıxandan günbatanadək getmək, oranın cürbəcür adamları ilə ünsiyyətdə olmaq da var imiş. Və bu gün günbatanda gördüyüm adamlarla müqayisə edəndə anlayıram ki, sən demə dünyanın ən yaxşı adamları da elə gündoğanda imiş.

Bu gün sizə onlardan biri- Cəlilabadın Alar kəndində yaşayan Bilal Alarlı haqqında söhbət açmaq istəyirəm. Həyatı rəngarəng keçib; xoş günləri də olub, düz söz üstündə iztirablara sinə gərdiyi vaxtları da. Hətta sovet hökumətinə qarşı çıxdığına görə zindanda da yatıb. Amma heç zaman sarsılmayıb, həvəsdən düşməyib. Cənub bölgəsi ilə əlaqədar mükəmməl araşdırmaları var. Və bu araşdırmaların arxasında böyük zəhmət, sarsılmaz iradə durur…
Sadə olduğu qədər də mürəkkəb adamdır. Sadədir ona görə ki, heç zaman təkəbbür göstərmir, təmtəraqdan uzaq qaçır, mürəkkəbdir ona görə ki, onu fikrindən döndərmək olmur, yalançılara, rüşvətxorlara, zalımlara qarşı amansızdır…
Səxavətli və qonaqpərvərdir. Qonağının nazını çəkməkdən yorulmur, onun xidmətində dayanmaqdan zövq alır. Evindəki ən gözəl nemətləri süfrəsinə gətirməyə tələsir, gedərkən qonağına öz əli ilə həyətyanı sahəsində əkib becərdiyi nemətlərdən pay verir…
Cənubluların ona borcu çoxdur. Şəxsi vəsaiti hesabına cənubdakı rayonlara səfər edib müfəssəl tədqiqatlar aparır. Bəli, onun öz hesabına nəşr etdirdiyi kitablar gələcək nəsillər üçün elmi mənbə, istinad yeridir…
Bilal Alarlı Allahın möcüzəsidir, ikinci həyatını yaşayır. On beş yaşında klinik ölüm keçirib. Onu ölmüş bilib, qəbrini də qazıblar. Kənd camaatı onu basdırmaq istəyəndə o, birdən komadan ayılıb. Sonra düz 40 il boş qalmış qəbrinin üstündə hər İlaxır çərşənbədə şam yandırıb. Üç ali məktəb bitirib, aspiranturada oxuyub, dissertasiya müdafiə edib, 35 kitabın müəllifidir…
Bəli, Bilal Alarlı gündoğanda yaşayan insanların ən yaxşılarından biridir. Dünyada nə qədər yaxşı söz varsa ona şamil etmək olar. Sentyabrın 8-i Bilal müəllimin 65 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayıram.
Çox yaşa, dostum!
Elman Eldaroğlu
Share: