14 fevral, yoxsa 30 iyun?

Bu gün dünyanın hər yerində 14 fevral sevgililər günü kimi qeyd olunur. Ancaq bu gün elə bildiyimiz kimi çox da məsum deyil. Çünki onun altında yatan niyyət elə də təmiz sevgini özündə ehtiva etmir. Əgər bu günün tarixini araşdırsaq, onun altında yatan niyyətin əxlaqi dəyərlərə nə qədər zidd olduğunu görmək o qədər də çətin olmayacaq. Əsas da türk müsəlman cəmiyyəti üçün bu günün tarixi qəbul edilməzdir. Gəlin bir yerdə bu günün tarixinə bir nəzər yetirək.

 

Tarixi Qədim Romaya söykənən 14 fevral o zamanlar romalılar üçün olduqca önəmli bir gün olub. Çünki bu günün dini bir  əhəmiyyəti var idi. Bu tarixdə Roma xalqı tərəfindən qadınlıq və evlilik ilahəsi olaraq qəbul edilən ilaha hörmət əlaməti olaraq tətil və şənlik edilərdi.

 

15 fevral günündə isə Luperkalia Bayramı başlayırdı. Bu bayram xalqın gənc əhalisi üçün böyük əhəmiyyət daşıyırdı. Bunun səbəbi isə həyatları qəti qaydalar ilə məhdudlaşdırılmış, bunun təbii nəticəsi olaraq birlikdə həyata şansı olmayan gənclərin yalnız bu bayram müddətində olsa belə bir-birlərinin partneri olması idi. Hansı gənc qadının hansı gənc kişi ilə partner olacağı köhnə bir ənənə olan və Luperkalia Bayramının ərəfə günü edilən bir püşk ilə müəyyən olurdu. Romalı gənc qızlar adlarını kiçik kağız parçalarının üzərinə yazıb bir qaba qoyur, gənc romalı kişilər isə qabdan bu kağızları çəkərək üzərində hansı qızın adı yazılıbsa, o qızla bayram əyləncələri boyunca birlikdə cinsi həyat yaşayırdılar.

 

III əsrdə Roma imperiyasına başçılıq edən İmperator II Kladius tarix qaynaqlarında bu hallara son qoymaq istəyən, əxlaqi dəyərlərə önəm verən bir imperator kimi xarakterizə olunub. Onun hətta nizam-intizamın qorunması üçün orduda xidmət edən gənclərə müvəqqəti olaraq evlənməyi qadağan etdiyi də tarixi qaynaqlarda göstərilib.

 

 

O zamanlar hamımızın bu gün adına qeyd etdiyimiz Valentin Romada rahib idi. Valentin imperatorun Luperkalia bayramını qadağan etməsinə baxmayaraq, gizli şəkildə qızlarla oğlanları görüşdürməkdə, onların bu müvəqqəti görüşünü də xristianlıq qaydaları ilə guya qanuniləşdirməkdə davam edirmiş. (Katoliklər də bu fakta dayanaraq iddia edirdilər ki, rahib Valentin xristianlığı təbliğ etdiyi üçün öldürülüb.) İmperator da onun bu hərəkətlərindən xəbər tutaraq zindana atdırır və döydürərək, təhqiramiz formada öldürtdürür. Valentin 14 fevral tairixində xristian məzarlığında dəfn edilir.

Rahib Valentin barədə tarixdə keçən maraqlı faktlardan biri də onun həbsxanadan öz yoldaşlarına, xüsusən də keşiş dostu Mariusa “Valentini unutma”, “Səni sevirəm” deyə məktublar göndərməsidir. Bu fakt ümumiyyətlə, Valentinin eyni zamanda bir homoseksual olduğu fərziyyəsini də önə çəkir.

 

14 Fevral Müqəddəs Valentin Günü müxtəlif xristian məzhəblərində qeyd olunur. Məsələn, Anglikan Birliyi təqvimində bayram günü kimi Lüteran kilsəsinin təqvimində göstərilir . Ancaq 1969-cu ildə 14 Fevral Müqəddəs Valentin günü Ümumi Roma Təqvimindən çıxarılıb. Səbəb kimi isə Müqəddəs Valentin haqqında 14 fevralda Via Flaminiya üzərində dəfn olunmasından başqa heç nə məlum olmadığı göstərilib.

 

Bu qısa tanışlıq bir tərəfdən onu göstərir ki, əslində, Valentine day 14 fevralda yox, 15 fevralda qeyd olunmalıdır. Hər nə zamanda olsa, kökündə əxlaqa zidd hərəkətlər olan bu günün keçirilməsi təmiz sevgiyə hörmətsizlikdir. Çünki yalnız müvəqqəti tanışlıq və cinsi əlaqə əsasında yaşanan hiss necə sevginin göstəricisi ola bilər?

 

Ümumiyyətlə, hansısa hadisə ilə bağlı keçirilən günlər o qədər də düzgün deyil. Hər şeyə aid bir günün olması lazım gələn hərəkətləri,sadəcə, bir günlə yekunlaşdırmaqdan başqa bir işə yaramır. “Analar günü”, “Atalar günü” və başqa bu kimi “xüsusi” günlərin verdiyi mesaj da heç düzgün deyil. Bu günlər bir də satıcıların xeyrinədir.

 

Qayıdaq, sevgililər gününə. Yaxşı lap tutalım belə bir gün qeyd etmək lazımdır. Onda heç olmaya özümüzəməxsus olan bir gündə bunu qeyd edək. Bəlkə də, çoxlarına məlum deyil amma ölkəmizdə “Sevgililər günü” 30 iyuna təsadüf edir. Bu günə, həqiqətən, sevgililər günü demək olar. Çünki bu günün tarixçəsinə baxdıqda saf sevgini görmək olur.

 

 

1989-cu ildə subay olan İlhamın evlənməsi məsələsi Allahverdiyevlər ailəsinin gündəminə gəlir. İlham ailəsinin təklif etdiyi qızların heç birinə razı olmayıb, onun bacısı ilə bir sinifdə oxumuş Fərizənin adını çəkir. 1989-cu ilin martın 19-da nişanı olur. 1989-cu ilin 30 iyununda Fərizə və İlham Bakıda təzə açılmış “Leyla” şadlıq evində toy mərasimi keçirirlər.

 

1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlir. Lakin yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasının yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra, İlham əyninə qara paltar geyinib, qardaşı oğlu Əjdəri də öpüb, evdən çıxır. Axşama yaxın İlham qardaşı Elxanla “Şamaxinka” deyilən ərazidə görüşürlər. İşdən qara fəhlə paltarı ilə gəlmişdi. İlham və onun dostları yardım üçün gedəndə indiki 20 Yanvar dairəsində atəş aça-aça gələn tanklarla qarşılaşırlar. İnsanları qətlə yetirəcəklərini görən İlham silahsız insanlara güllə atmamaları üçün əlini qaldırıb tankın qarşısna çıxır.

 

Sovet ordusunun əsgərləri İlhamı güllələyirlər. İlhamla Fuad Babayevi bir yerdə telefon budkasının yanında vurmuşdular. Güllə ona qabaqdan dəymişdi. O, xəstəxanaya 00:10-da qəbul edildi. İlham çoxlu qan itirdiyindən ona qan vurmaq lazım idi. Onun üzərində əməliyyat edən həkimin sözlərinə görə, İlhamı əməliyyat edəndə işıqlar sönmüşdü. Həkimlər qəzet yandırıb onun işığında əməliyyatı aparsalar da, İlhamı xilas edə bilmədilər. Əməliyyat vaxtı onun qaraciyəri parçalanmışdı. Qarın boşluğu qanla dolu idi. Həkimlər qaraciyəri imkan daxilində hemostatik tədbirlər görməklə, tamponada etməklə reanimasiyaya verdilər. Amma 5-6 saatdan sonra o, keçindi.

 

İlhamın vurulduğunu ilk hiss edən isə Fərizə olur, güllələr atılanda İlhamı vurduqlarını deyir. Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib, hey “İlham, sənə özümü çatdıracağam” deyib, intihar  etmək istəyirdi. O, birinci dəfə özünü yandırmaq istəsə də, qarşısını almışdıalr. Fərizə toy şəkillərini stolun üstünə tökür, onlara baxıb, yarımçıq məktub yazmışdı:

 

“Ana, mənim üçün ağlama. Heç biriniz ağlamayın. Mən İlhamsız yaşaya bilmərəm. Onsuz da…”

Təcili yardım maşını gəlib ona iynə vursa da, qərarında qəti olan Fərizə, gecə hər kəs yatandan sonra, bir qab sirkəni içərək, intihar etmişdi. İntihar zamanı 2 aylıq  hamilə idi. Fərizə həkimə çatmamış, təcili yardım maşınında vəfat etdi.

 

Əvvəlcə İlhamı Xırdalandakı qəbiristanlıqda dəfn etsələr də, sonradan onu oradan çıxarıb, yanvarın 22-də hər ikisini Bakının  Şəhidlər Xiyabanında dəfn etdilər.

 

Gəlin, indi müqayisə edək. Hansı hadisə “Sevgililər günü” adına layiqdir?

 

Sadəcə, cinsi instinktlərin öldürülməsinin əsas götürüldüyü 14 fevral, yoxsa  dünyada istənilən insanın gözüyaşlı oxuyacağı sevgi dastanı kimi yadda qalan 30 iyun?

Hər halda hər kəs öz seçimində azaddır. Əsas odur ki, həqiqətən sevib, sevilək.

 

Share: