“BİR BEYTİN İZAHI…” – Həcər…

 

BİR BEYTİN İZAHI

Klassik ədəbiyyat nümunələrini şərh etmək, və ya anlamaq çətin olur çox zaman. Bəzən bir beytə bir neçə şərh verilir, mübahisələr yaranır. X sinif ədəbiyyat dərsliyində (2014-cü il) M.Füzulinin bir beytinin izahı verilmişdi :

Çıxma yarım gecələr, əğyar tənindən saqın
Sən məhi övci məlahətsən, bu nöqsandır sana.

Beytin izahını ədəbiyyatşünas bu cür verir ki, sən bədirlənmiş ay kimi gözəlsən.Yarımçıq (hilaltək) çıxma, əğyar sənə tənə edər. Yəni deyər ki, bədirlənmiş ay kimi olduğun halda, niyə gecə yarımçıq, hilaltək çıxmısan? Beytin izahında birinci misradakı “Çıxma yarım gecələr”dən fikri tamam yayındırıb müəllif.
Beytin açıqlaması məndə sual doğurdu: gözəl xanım gecə göyə çəkilmişmi, meraca çıxmışmı ki, gecələr yarımçıq yox, bədirlənmiş ay kimi çıxsın? Beytin açıqlaması haqda izahı bu cür təklif edir və ədəbiyyatsevərlərin müzakirəsinə verirəm.Fikirləriniz mənim üçün maraqlı olar.
Orta əsrlərdə Şərqdə qadınların küçəyə çıxması, aralıqda dolaşması yaxşı qarşılanmırdı. Hətta Füzuli “Leyli və Məcnun” poemasında:

Xoş ol kəsə ki, qızını gizlər
Gizlində gərək həmişə qızlar,-deyir.

İlkin orta əsrlərdə Çində qızların ayaq barmaqlarını içəri qatlayıb bələyirmişlər ki, böyüyəndə ayaqqabı geyinə bilməsin , yəni evdə otursun daimi. Ata evində də, ər evində də.
Adı çəkilən beytdə şair sevgilisinə müraciətlə (yarım xitabı ilə) öz narahatlığını bildirir. Sən gecələr çölə-bayıra, aralığa çıxma. Bədirlənmiş ay kimi gözəlsən.Gecə sənin işığın hər yerdən, hara getsən, səni məlum edir, görünürsən və əğyar ( istəməyən, pis danışanlar, düşmən) sənin haqqında pis danışar. Bədguluq sənin adına nöqsan, ləkə gətirər . Ona görə də, yarım (sevgilim), gecələr çölə-bayıra çıxma. Orta əsrlər Şərqində qadınların nəinki gecələr, heç gündüz də evdən bayıra çıxması yaxşı qarşılanmırdı. Və aşiqin sevgilisi üçün narahatlığı başa düşüləndir. Beytdə həm məşuqənin gözəlliyi, həm də onun üçün aşiqin qayğısı ifadə olunmuşdur.
İzzəddin Həsənoğlunun orta məktəb dərliklərinə salınmış qəzəlinin bir beytinin də açıqlaması o qədər səthi və uyğunsuz verilmişdi ki, o böyüklükdə alimlərin bu cür izahına çox təəccüblənirdim.

Şəha, şirin sözün qılır bir zamanlar Misirdə kasid
Nə kasid? Kasidi-qiymət. Nə qiymət? Qiyməti-şəkkər.

Bütün beytləri iki qrammatik sual və cavab şəklində qurulmuş qəzəl ədəbiyyatımızda çox məşhurdur və bu beytin açıqlaması Quran qissələri ilə bağlıdır. Əbdürrəhman Caminin “Yusif və Züleyxa” poemasında da bundan danışılır. Tacir Yusifi quyudan çıxarıb Misirdə qul kimi satanda bütün qulların qiyməti aşağı düşür. Heç bir qula pul verən olmur. Hamı Yusifi almaq istəyir. Həsənoğlu o qissəni xatırladaraq deyir ki, Yusif bazarda qulların qiymətini aşağı saldığı kimi, sənin də bir kəlmə sözün dünya bazarında şəkərin qiymətini aşağı salıb.Yəni şəkərə heç kim pul vermək istəmir.Hamı var-dövlətindən keçib sənin bir kəlmə şirin sözünü ən şirin şəkər kimi almaq istəyir.
M.Füzulinin digər bir qəzəlində:

Oxun gəldikcə sinəmdən sədalərdir çıxan, bilmən
Dil eylər nalə, ya peykan dəyər sinəmdə peykanə?-

beytinin açıqlamasında peykan sözü ilə qüdrətli şair maraqlı poetik mənzərə yaradır. . Peykan həm kirpik, həm də oxun dəmir ucluğu deməkdir. Şair burada aşiqin daim ah çəkməsinin səbəbinin izahını verir. Sevgilinin hər baxışı zamanı kirpikləri onun sinəsini oxtək yaralayır. Və hər an ah çəkməsinin səbəbini iki cür izah edir: görən, “oxun gəldikcə” -məşuqə hər baxanda ah çəkməyimin səbəbi nədir? Ürəyim ağrıdan fəryad edir, yoxsa baxışın zamanı atılan oxlar sinəmdəki oxlara dəyib səs çıxarır? Şair beytdə peykan sözünün hər iki mənasından məharətlə istifadə etmişdir.
Klassik ədəbi nümumələrin izahı şərhçidən sufi-irfani ruh və təfəkkür tələb edir. İzahlar bəzən çoxvariantlı olur. Lakin ən uyğun və bədii cəhətdən daha çox zövqlü, yerində olan və yüksək səviyyəli şərhlər oxucunun diqqətinə çatdırılsa, daha yaxşı olar.

Həcər 
Müstəqil.Az
Share: