Ədəbiyyat İnstitutunda “Nizami ilinə” həsr edilmiş ilk elmi istiqamətli tədbir keçirildi

Ədəbiyyat institutunda “Nizami ili”nə həsr edilmiş ilk elmi istiqamətli tədbir   keçirilib

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Nizami ili”nə həsr edilmiş ilk elmi istiqamətli tədbir keçirilib. Cənab Prezident İlham Əliyevin 5 yanvar 2021-ci ildə Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamından sonra  ölkədə elmi istiqamətli ilk tədbirlərdən biridir.

Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ili “Nizami ili” elan etməsini ölkəmizdə klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının tanıdılmasına müstəqil Azərbaycan dövlətinin göstərdiyi xüsusi diqqətin və böyük qayğının əməli ifadəsi olduğunu bildirib. O qeyd edib ki, Nizami Gəncəvinin zəngin bədii irsini müasir dövrdə azərbaycançılıq və müstəqil dövlətçilik işığında yenidən tədqiq və təbliğ etməyə, onu dünyaya məhz Azərbaycan şairi kimi  daha çox tanıtmağa ehtiyac vardır.

Akademik İsa Həbibbəyli həmçinin ölkə başçısının  Sərəncamından sonra, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 8 yanvar 2021-ci il tarixli Qərarı, bundan irəli gələn tədbirlərin icra vəziyyəti və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. On beş bəndlik Qərara əsasən humanitar və ictimai elmlər bölmələrini əhatə edən elmi tədqiqat institutları digər elmi təşkilatların alimlərini də cəlb etməklə bir sıra tədbirlərin təşkilini və keçirilməsini təmin etməlidir.

O, “Nizami ili” çərçivəsində Ədəbiyyat İnstitutunda həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planı haqqında da məlumat verib. Bu işlərin həyata keçirilməsində Nizamişünaslıq şöbəsi ilə müvafiq şöbələrin birgə əməkdaşlığının səmərə verəcəyi qeyd olunub.

İlk olaraq “Nizami Gəncəvi ensiklopediyası”nın (2021-2023) hazırlanıb çap edilməsi məsələsi müzakirə olunub, bununla bağlı təkliflər nəzərə alınıb. “Böyük Azərbaycan şairi Nizami Gəncəvi: bəşərilik və müasirlik” mövzusunda konfransın keçirilməsi qərara alınıb. Nizamişünaslıq şöbəsi tərəfindən birinci cildi nəşr edilən “Nizami Gəncəvi almanaxı”nın müxtəlif dillərdə ikinci sayının çap olunmasının nəzərdə tutulduğu bildirilib. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu ilə birlikdə 2017-2020-ci illərdə həyata keçirdikləri “Nizami Gəncəvi və Şota Rustaveli” monoqrafiyasının 2021-ci ildə Bakıda və Tiflisdə Azərbaycan, gürcü və ingilis dillərində kitab halında nəşr edilməsinin nəzərdə tutulduğu qeyd edilib. İnstitut əməkdaşlarının KİV-lərdə, xüsusən televiziya və radioda ilk mənbələrə, orijinal mətnlərə istinad edərək Nizami Gəncəvi haqqında çıxış etmələrininin vacibliyi bildirilib. Ali məktəblərlə birgə konfransların, ümumtəhsil məktəblərində isə tədbirlərin təşkilinin həyata keçirilməsinin vacibliyindən danışılıb.

Tədbirdə akademik İsa Həbibbəyli ilə yanaşı, Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslı və şöbənin bəzi əməkdaşları, Orataq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor İmamverdi Həmidov iştirak edərək öz təklif və tövsiyələrini diqqətə çatdırıblar.

 

 

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

Share: