ƏDƏBİ ADLAR: Gi de Mopassan

Dünya ədəbiyyatının ən məhsuldar yazıçısını ruhi xəstəxanada heyvaniləşdirən səbəblər

Fransada, Avropada, elə bütün dünyada bu yazıçını “ürəkyeyən” adlandırırlar. Təkcə əsərlərinin birbaşa ürəyə təsir etməsinə görə yox, zamanında gözünə dəyən bütün qadınların ürəyini yediyinə görə. Gi de Mopassan – sağlığında yazdığı çoxsaylı, təsirli əsərlərindən çox, qadınlar üzərində qazandığı qələbə ilə fəxr edən yazıçı.

Rus yazıçısı Konstantin Paustovskinin hekayə və memuarlarından ibarət kitab hazırlayırdım, mənbələrin birində onun dünya şöhrətli yazıçılar haqqında xatirələrinə rast gəldim. Misilsiz xəzinə hesab etdiyim bu gerçək həyat hekayələrinin içində Mopassan haqqında xatirə də vardı. Memuar Mopassanın sevgi macəraları və onların aqibətinə həsr olunmuşdu. Amma bu macəralardan birinin Mopassanın özünün ruhsal aqibətini həll elədiyini görəndə təəssüflənməmək olmur: Mopassan gözünə ətəkli görünən bütün məxluqlara tamah salar, üstəlik onların başına açdığı oyunları fəxarətlə dost məclislərində danışar, əsərlərində istifadə edərdi. Sağlığında məşhur və zəngin olan bu yazıçı, üstəlik yaraşıqlı olunca qadınlar özləri bilərəkdən onun tələsinə düşərdilər. Paustovski qeyd edir ki, bir gün Mopassanın evinə 16 yaşlı bir qız gəlir. Yazıçı onun yeni kitabını imzalatmaq, onu yaxından görə bilmək üçün yalvaran bu qızdan da “faydalanmağ”dan çəkinmir. Evində olan qələm dostunun təkidlə “Qıza dəymə, uşaqdı. Bu səninçün ziyafət qadınları deyil, kasıb, fağır ailədəndi”, deməsinə əhəmiyyət vermədən Mopassan aşiq və ağılsız qızı yatağa çəkir. Bir neçə saatdan sonra isə göz yaşı dayanmayan qızı kobud sözlərlə evindən qovur. Bu iki yazıçı dost hadisədən bir il sonra fahişəxanalardan birində həmin qızı görürlər. Məlum olur ki, etdiyi səhvə görə ailəsi tərəfindən qəbul olunmayan qızın fahişəlik etməkdən başqa çarəsi qalmır. Yazıçı ilə üz-üzə gələn qız “ən ağır günündə məni xatırlayacaqsan”, deməsinə baxmayaraq Mopassan yenə də etdiyinə peşman olmur. Ta ki, ruhi xəstəxanada ağrılardan əziyyət çəkənə qədər… Yaddaşı hələ itməzdən qabaq özünü divarlara çırpan, yerlərdə sürünən, heyvan kimi səslər çıxaran Mopassan tez-tez həmin qızın adını çəkirmiş…

Mopassan haqqında belə bir qeydlə başlamaya da bilərdim. Sonucda əksər dahilər yaşayış tərzi və şəxsiyyəti ilə etalondan çox uzaq olublar. Onların bu dünyaya – ədəbiyyata, incəsənətə verdiyi şəxsiyyət simvolu deyil, yaradıcılıq nümunələridir. Elə özü demiş: “Publikaya bizim kitablarımız məxsusdur, həyatımız yox”. Güman ki, yazıçı gələcək nəslin onun həyat tərzinə ağız büzəcəyini bildiyi üçün qabaqcadan belə bir fikir yürütmüşdü. Amma illər öncə bunu oxuyarkən sarsılmışdım və bu məqaləni hazırlayarkən də Mopassan haqqında xeyli araşdırmaların nəticəsində lavlas kişinin əks cinsinə etdiklərinə bir qadın olaraq susqun qala bilmədim.

Çoxsaylı eşq macəralarına rəğmən, əslində Mopassan qadınları sevmir, onlara nifrət edirdi. Əlbəttə sevgi dolu kişi təhqir etməz, sadəcə qarşılıqlı gözəl duyğular yaşamağa üstünlük verər. Hətta dostlarına belə bir etiraf edibmiş: “Uğruna müharibə edilən gözəl Yelenayla müqayisədə mən dadlı alabalığı seçərdim”. Bundan başqa dəfələrlə qadınlardan yalnız cismani tələbat kimi istifadə etdiyini, onlara qarşı qəlbində heç bir sevgi oyandıra bilmədiyini söyləyərmiş. Bəlkə də bu səbəbdən heç evlənməyib. Onun məşhur bir deyimi var: “Ailələr iki deyil üçlükdən ibarətdir. Üçüncü əlbəttə, aşnadır. Onun mövcudluğunu ərdən başqa hamı bilir. Ər isə axmaq olduğu üçün hər şeydən bixəbərdir. Amma unutmaq olmaz ki, bütün ərlər nə vaxtsa aşna olub və bütün aşnalar da nə vaxtsa ər olacaqlar”. Elə isə rus yazıçısı və tənqidçisi Vsevolod Qarşin demiş: “Necə olur ki, bütün qadınlar gəzəyən, amma bütün analar müqəddəs olur? Axı bu fahişələr də başqalarının analarıdır?

Yeri gəlmişkən, Mopassanın anası da əlavə kişisi olan qadınlardan idi. Bəs bu fransız yazıçı niyə qadınlara bu qədər qəzəbli idi? Halbuki qadınların ən yüksəkdə olanı, yəni anası üçün çox yaxşı bir övlad olmuşdu. Anası xəstələnərkən gecə-gündüz onun başının üstündən əskik olmurdu. Bəlkə də elə bu idi səbəb? Adətən anasına xəstəhal bağlılığı olan oğullar bütün qadınlara barmaqarası baxırlar. Başqa bir səbəb də ola bilər. Mopassanın anası tərk edilmiş qadın idi. O, 11 yaşındaykən atası ailəsini atıb getmişdi. Amma tezliklə atanı əvəz edəcək digər bir kişi – mənəvi ata ortalığa çıxır, daha doğrusu o, əvvəldən mövcud olan “əlavə kişi” idi, sadəcə ərin gedişindən sonra özünü göstərir və ömrünün sonuna qədər Mopassanın və anasının qayğısına qalır. Həmin “əlavə kişi” daha bir dünya şöhrətli fransız yazıçı Qustav Flober idi. Yalnız mənəvi atamı? Təsdiqlənməmiş bir iddiaya görə Flober Mopassanın əsl atasıdır. Mopassanın anası Lora Le Puatven gənckən qardaşı, şair Alfred Le Puatvenin sayəsində ədəbi məclislərə qatılırdı. Burada qardaşının dostu Qustav Floberlə tanış olur və gənclərin arasında böyük məhəbbət yaşanır. Hamı cütlüyün evlənəcəyini gözləyərkən Lora başqa bir Qustava ərə gedir – Qustav de Mopassan (“de” zadəgan soyunu bildirir). Yaxın çevrəsinin dediklərinə görə Lora ərə gedərkən hamilə idi.

Bu nikah uzunömürlü olmadığı üçün tezliklə tək qalan qadın və iki azyaşlı uşağına Qustav Flober himayədarlıq edir. Və 1880-ci ilə qədər, yəni ölənədək onların yanından ayrılmır. Flober oğluna o qədər bağlı idi ki, onu bir an da gözündən qoymurdu, hətta əxlaqsız yerlərə belə onunla bərabər gedirdi ki, cızığından çıxanda saxlaya bilsin. Mopassanın belə məhsuldar yazıçı olmasında Floberin böyük zəhməti var. Hətta bəzən məcburi şəkildə onu yazı masasında oturdub qapını bağlayırmış ki, avaralıq etməkdənsə əsərlər yazsın. Onu dünya şöhrətli yazarlarla – İvan Turgenev, Emil Zolya kimi şəxsiyyətlərlə əhatələyən də məhz Flober idi. Hətta dolayısı yolla da olsa Mopassanın atası olduğunu məclislərin birində təsdiqləyib. Ona gənc Mopassanın çox istedadlı olduğu deyəndə, qımışaraq “Ot kökü üstə bitər” cavabını verib. Mopassan da mənəvi atasını rəsmi atasından daha çox sevib və ömrünün sonuna qədər soyadını daşıdığı atası ilə görüşməyib.

Floberin ölümündən sonra nəzarətdən tamamilə çıxan Gi de Mopassan gəzəri həyatının nəticəsində bir çox xəstəliklər tapdı. Bunlardan ən əsası sifilis idi. Xəstəliyinin erkən vaxtlarında bununla hətta fəxr edərmiş. Çünki Van Qoq, Qogen, Mane, Nitşe kimi məşhurlar da bu xəstəlikdən əziyyət çəkib. Mopassan isə “Mən kral I Fransisklə eyni mərəzi bölüşürəm. Kralsayağı bəladır!”, deyərmiş.

Məşhurluğunun pik vaxtlarında Mopassandan soruşurlar ki, niyə hekayələrini əvvəlcə qəzet və jurnallara verirsən. Onsuz da məşhursan. O, belə cavab verərmiş: “Mən onsuz da yalnız pul üçün yazıram”. Pulu sevən yazıçı onu xərcləməyi də yaxşı bilirdi. Anası və qardaşına gözü kimi baxar, özü şık geyinib bahalı restoranlarda nahar edər, dostlarına maddi yardım edərdi. Mopassanın son əsərləri onun sırf pul üçün yazdığını açıq-aydın göstərir. “Mont-Oriol” və “Bizim qəlbimiz” adlı romanlarında oxucu çaş-baş qalır: yazıçı nə demək istəyir? Qadınlardan əşya kimi istifadə edən, müəllif tərəfindən tənqid olunan qəhrəmanlar axı elə özüdür! Digər tərəfdən isə qəfil incidilən qadınların tərəfində yer tutub, onlara qahmar çıxır. Bəzi tənqidçilər (sonrakı dövrlərdə) bunu məşhurluq fəsadı kimi görürlər. Təkcə Mopassanda deyil, bir çox yazıçılar məşhurlaşandan sonra redaktorlar onun yazılarını düzəltməyə cəsarət etmir, tənqidçilər yaltaqlanır və beləcə müəllifin qələmi yoldan çıxır. Olan isə oxucuya və ədəbiyyata olur.

Mopassan 33 yaşında məşhurlaşıb, 42 yaşında dünyasını dəyişib. Qısa ömründə dünyaya çox böyük ədəbi irs qoyub. Qəzetlərdə dərc etdirdiyi oçerk və felyetonları saymasaq təkcə 1500 hekayəsi var. Bu məhsuldar rekordu heç Balzak, Düma (ata), Dikkenz də qıra bilməyib. Xəstəliyinin gücləndiyi vaxtlarda dünyanı qarış-qarış gəzib müalicə axtararkən yaşadığı həyat tərzindən çox peşman idi. O, sadə insanları, kübar həyat tərzindən çox-çox uzaq bir yaşamı görüncə nələri itirdiyini anlayırdı. Bütün yığılıb qalmış günahlardan, yükdən, pislikdən, göstərişdən uzaqlaşmağı qərarlaşdırmışdı. Tam da cismini və düşüncəsini buna hazır etmişkən, ömrü yarıda qırıldı.

Şəfiqə ŞƏFA

Share: