Zemfira Ziyadqızının “Yaquar pəncəsi” adlı kitabı haqqında… – Mətanət Duyğulu

Şair – publisist Zemfira Ziyadqızının “Yaquar pəncəsi” adlı ikinci poeziya toplusu bu günlərdə işıq üzü gördü.

Kitabın ilk oxucusu kimi haqqında təqdimat yazıb oxucuları bilgiləndirməyi özümə borc bildim. Elə bir aforizmində dediyi kimi:
Hər insan ömrü bir kitabdır. Onun müəllifi tanrı, obrazı insan, oxucusu zamandır!…
Zemfira Ziyadqızı –
Poeportretdən fraqmentlər və yaxud klassizm və çağdaş poeziyanın birgə qaynağından öz üslubunu yaradan, pərvanətək sözün əbədi şöləsində yanmağı ölməz həyat hesab edən şair. Sözə müqəddəs məbəd kimi yanaşıb, sözün qarşısında diz çökməyi özünə şərəf sayıb, “Ey əş’ari söz” qəzəlində bu inancını bariz sərgiləyir.

Söz–O məhtab ki, diz üstə düşək daməninə,
Qəlbə ayinə tuta, çünki o da hücrəlidir.

Fəcri-sadiqdən ala nuru, təcəllayə gələ,
Sözün ol qüdrəti aya,
nə qədər cilvəlidir–

deyərək sözə nə qədər ilahi bir anlam yükləsə də insanın sözdən daha yüksəkdə durduğunu aşağıdakı beytdə vurğulayır:

Sözə aludə ikən varlığı inkar eləmə,
Əvvəl Adəmdi gələn, söz ki dəhan cövhəridir.

Şairin çoxşaxəli yaradıcılığı onun poetik ruhunun, dərinliyindən, impulsiv, emosianal və estetikasından xəbər verir. Bir şəhid şeirində söylədiyi kimi:

Dərdin də öz bəstəsi,
Layla dillisi varmış.
Yandırıb dağı- daşı,
Səcdəyə qaldırırmış.
“Lay-lay balam, a lay-lay
Körpə balam a lay-lay”
Bu yarımçıq ömrünə,
Hansı libası biçək.
Sən şəhid şərbətini,
Biz əsilsiz vədlərin
Yalan andını içək–

Deyən şair Vətənin yaraları ilə birlikdə Azərbaycançılığın da Türkçülüyün də bir ad altında birləşib ulu bir ehram olacağını sarsılmaz bir ümidlə öz qələmində “Türkün səsi” adlı şeiri ilə möhürləyir:

Sönməz bir günəşəm, əbədiyyətəm,
Şərqindən qərbinə barış xəttimdir.
-Yarasa gözlülər, elə sanmayın!
Qürubum, batışım nəhayətimdir.

Ruhumun cövhəri o, Çingizxandan,
Basılmaz qüdrətim, boz qurddan gəlir.
Türkəm, nə’rəsində aslanlar yatan-
Soyum, Oğuzxandan, Qorquddan gəlir–

O, həm bu xalqın kökünün daha ulu olduğunu və zamanla Türkün qalibiyyətinin zəncirvari ardıcıllığını sıralayır. Şairin, poeziyanın bütün janrlarına müraciəti və aldığı nəticələr heyranedicidir. “Azadlıq doğulur xərabələrdən” şeirində şair zamanının ağrılarını dilə gətirir:

İnsanlıq doğulub nəfəs alacaq,
Qılınclar qınına qoyulan gündən.
Əzablı yolların yolçularıyıq,
Azadlıq doğulur xərabələrdən.

“İtib-batmaq üçün doğulmamışam”
Qayadan çınqıyan iti, sərt daşam.
Darayıb vətənin saçın hörəndə,
Ayaqlar altında tapdanmamışam!!–

Deyərkən də özünü yox, istibdadın pəncəsində qandallanan Xəlil Rza Uluturkün daxilən kükrəyən azadlıq hayqırışını öz  daxilindən keçirərək qələmə alıb.
Şair “Dustaq qələmlər” adlı şeirində Zindan həyatı yaşayan şair və ədibləri sadalamaqla Xəlilin də zundan adlı ehkamına etiraz edir.

Xəlilin ruhunda çırpınır  üsyan,
Nifrəti susdurur “canavarları”
Duyğular qabarır dəli dalğatək,
Yıxır göz önündən daş divarları.

Qələm gözlərindən, silah qınından,
Azadlıq…hayqırıb qan çiləyəndə,
Yazır “Lefortovo gündəliyini”,
Qandal ayağında, “Vətən” dilində.

Şair “Söz məbədi”  və “Məhbus kağızlar” adlı şeirində isə dahilərin ucaltdığı müqəddəs məbədi məddah qələmlərdən qorumağa çağırır:

Tarix yanlışı sevməz,
Söz məbədi uludur.
Dili, ana dilimdir.
Dili, Nizami dili,
Dərdi, Füzuli dərdi,
Dərki, Nəsimi dərki,
Məcazı, Sabirindir.
== ==
Nə böyük təntənə, nə böyük şüar!
-“Bu gün qonağımız şair filankəs”,
Bu yazıq millətin nədir günahı,
Evindən efirə “yol” çəkdirən kəs?

Hələ dahiləri demirəm, əsla!
Utanın Xəlildən, Sabirdən barı,
Bar verən ağacın ömrü bitərsə,
Kökündən yaşarar yaşıl yarpağı.

Sənətkar ölməzdir, sənət ölməzdir,
Sizləri süpürər zaman yelləri,
Kimsə qapısından içəri qoymaz,
“Taleyi qaralmış” ağ vərəqləri.(Məhbus kağızlar)

Zemfira Ziyadqızının poetik yaradıcılığının istər ideya-məzmun, istərsə də bədii forma axtarışları, zəngin söz ehtiyatı və həyata mütəfəkkür baxışları ona dərin fəlsəfi fikirlərlə yanaşı, hikmətin sirlərini də pıçıldayıb. İ. Nəsiminin “Mənəm mən” qəzəlinə eyni rədiflə yazdığı nəzirədə bunu görmək çətin deyil.

Ustad‐sühan¹, sühan “mənəm, mən!”
Aləmdə rihan², rihan mənəm, mən!

Nəsimi nəhrinə yaxınlaşarkən də Ustadına xələl gətirməyəcəyindən də əmindir
Əruzun həm ahənginə xələl  gətirmədən  həm də hikmətin qapılarını açıb sözün dərinliyinə varan şair qəmi poeziyanın anası adlandırır və elə “Qəm” adlı qəzəlində bunu isbat edir:

Mən ki qəmdən küskünəm yarəb, məni tərk eyləmiş!
Qəm məni söz mülkünə diz çökdürən mehrab imiş.

Nuş edir könlüm qəmin, ol bəzmi-vəslətdən yana,
Qəm rübabından keçən şair, məgər, zərrab*² imiş.

Zemfira, bir şəm ki qəlbindən yana pərvasına*³!
Sellənən göz yaşları üşşaq*⁴ imiş, nəvvab*⁵ imiş.

Onun “Qəm nədir” sual–cavabı altında yazdığı kiçik şeirdə qəmin insan həyatında bütün mahiyyətini ustad baxışlarla açıqlayır:

QƏM NƏDİR?

Qəm nədir?– Biçarəni məftun edən!
Qəm nədir?– Öz ruhunun üsyanıdır.
Qəm nədir?– Məna qatan, məzmun edən!
Qəm nədir?– Söz bağının bağbanıdır,
Qəm nədir?– Eşq əhlini Məcnun edən!
Qəm nədir?– Aşiqlərin loğmanıdır,
Qəm nədir?– Bir hücrəyə məskun edən!
Qəm nədir?– Dərd əhlinin dərmanıdır.
Qəm nədir?– Göz yaşların məmnun edən!
Qəm nədir?– Zülm əhlinin yorğanıdır.
Qəm nədir?– Ol ruhu kafi-nun* edən!
Qəm nədir?– Dərvişlərin sarbanıdır.
Qəm nədir?– Məsudları məhzun edən!
Qəm nədir?– Tüm ahların tüğyanıdır.
Qəm nədir?– Zemfiranı əfsun edən!
Qəm nədir?– Qəvvas edən ümmanıdır.
*– Nəsimiyə işarədir.

Zemfira Ziyadqızı dövrünün ziyalısı kimi tarixi məsuliyyətini dərk edərək öz yaradıcılığında tarixi dönəmlərə, və faktlara dəqiq nöqteyi-nəzərdən, sağlam düşüncə ilə  yanaşır, hadisələri düzgün mühakimə edir. Bu dərketmə qabiliyyətini tanrı ilə bağlayıb məsnəvi janrında yeni yazdığı “Hikmətnamə” əsərində belə deyir:

Dahilər ucaltmış söz məbədini,
Nəsillər gətirsin nəhayətini.
Bir zərrə xidmətim var isə yəqin,
Bu böyük lütfüdür uca xaliqin.
Bir zərrəm qarışsa söz xəznəsinə,
Kəbətək dönərəm hər qətrəsinə.
Düşsəm kandarına qum danəsitək,
Ruhum məcazından xanə hörəcək.

Kiçik bir parça ilə şairin təzə başladığı 3-cü kitabına giriş etməklə sizləri bu söz xəzinəsinə zamanı gəlincə müsafir etməkdir niyyətim.
Onun şeirlərində ilahi sevgidən yaranmış qüdrət var, səcdə var, tanrı ilə bağlılıq, məsuliyyət var. Bu Zərrənin Kan”a bağlılığıdır deyir şair.

O sənsən:–nəhayətsiz bir ümman,
O mənəm:–sığındığım tək liman.
O sənsən:– mavi ləpələrində,
O mənəm:– güzgülənən asiman.
O sənsən:– ilahi eşqin özü,
O mənəm:– eşqindən zərrə izi.
O sənsən:– hər zərrədə bir nişan,
O mənəm– qüdrətinlə sayrışan.
O sənsən:– tanınan yüz bir adla,
O mənəm:– çöhrəsində təcəlla.
O sənsən:– siratəl-müstəqimə (doğru yol göstərən)
O mənəm:–siratəl-əlləzinə (hidayət olunmuş)

Bu kiçik parçada  şair Tanrı–İnsanın  Yerlə-göyün, vəhdətini tərənnüm edir, tanrıya qayıdışı ulu dahi Nəsimi dərki ilə – zərrənin Kan”a can atdığını səmavi eşq ilə dilə gətirir. Yeri gəlmişkən elə ilk kitabının da adına Tanrı–İnsan anlamı verən HU–MAN verməsi o vəhtətə işarədir.
Zemfira Ziyadqızının vətənə, insana, həyata olan sevgisi bambaşqadır. Sözə ilahi nur kimi baxıb- “Bir qığılcım yetər tanrı pıçıltısını duymağa” deyir. Elə bədahətən yazdığı “Duy xaliqin hikmətin” (HU–MAN) şeirində Tanrının dilindən bir mesaj verir  sanki.

Səni bənzər yaratdım öz ruhumdan dəhana,
Qüdsiyyətə yetirdim qoydum ali məqama,
Mahiyyət elmi verdim, sahib etdim cahana,
Üç canlıdan fərqlənən bir hissiyyat əql var.

Şair zamanının gənclərini iti zəkaya və güclü təfəkkürə yetməsinin gələcək nəsillərin daha düzgün yetişməsində rolunu bir aforizmlə vurğulayır. “Hər valideynin beyni öz uşaqlarının kitabxanasıdır?” deyir.
Nə qədər ciddi ədəbiyyata köklənsə də, şairin formaca lirik- romantik  şeirləri, bu ciddiliyə bahar nəfəsi gətirən fəsli‐gülşəni xatırladır:

Heç özüm də bilmirəm,
Yenə harda itmişəm.
Sürüşüb kipriyimdən,
Yanağına düşmüşəm.

Didərgin ahım gəzir,
Gecələr yanaq-yanaq.
Neçə əsir talelər,
Sübhədək islanacaq.

Bənövşə boynun büküb,
Lalənin bağrı qandı.
Heç duydunmu bu ürək,
Sübhədək necə yandı.

Sən gedən o yolların,
Köçü qəlbimdən keçmiş.
Sənə dəli deyirdim,
Dəli həsrətin imiş.
* * *
Bu sevgimiz şirin layla, nağıldı,
Külək kimi saçımıza dağıldı,
Ərköyündü, dəlisovdu, cığaldı,
Bir az sənə, bir az mənə bənzəyir.

Zemfira Ziyadqızı poeziyanın bütün incəliklərini özündə ehtiva edən şeirlərini, özünün tanrı qarşısında etirafı, oxucu qarşısında hesabatı sayır. O inanır ki, hər janrda yazdığı əsərlər, poemalar, hekayələr, sərbəst şeirlər, esselər, şeir və qəzəllər, duetlər, aforizmlər toplusu olan “YAQUAR PƏNCƏSİ” zamanla hər bir gəncin həyat yoluna yeni və daha fərqli işıq tutacaq.

“Yaquar pəncəsi” adlı poemadan kiçik parçalarla çıxarış edərək diqqətinizə sərgiləyirəm.
“Tanrı insan yaratdı hökmünün qüdrətiylə,
İnsan dünya yaratdı ağlının siqlətiylə”
Poemadan iki misranı önə çəkməklə
Şairin ruhunun ilahi qüdrətdən güc aldığını, ruhuna çökən qəm yükünü ilahi söz nurunda cilaladığının şahidi oluruq. Ona verilmiş bu söz səltənətini rəbbinin ona böyük lütfü sayır, sözə poeziya adlı musiqi bəstələyir, sözə tapınır, sözün işığında qəlbən, fikrən təmizlənir, nirvaniləşir şair. Onun şeirləri ilə baş- başa qalınca gözünün önündə sinema zalı canlanır sanki. Ruhun, varlığın sözün sehrində əriyib itir. Hadisələr real bir şəkildə sənin ətrafında cərəyan edir kimi dalırsan. Şairin, poeziyanın bütün janrlarına müraciəti və aldığı nəticələr heyranedicidir. Onun oxucu kütləsinə təqdim etdiyi “Yaquar  pəncəsi”— “Kainatın doğuşu”,  “Xosrov və Şirin”, “Şəhid balası”dan  sonra 4-cü  poemasıdır.
“Yaquar pəncəsi” “Yaradılış”ın məsnəviyə çəkilmiş nəzmidir. Qeyd edim ki, Yaradılış kitabında bu hadisələr 5,10 misralıq kiçik hekayələr kimi yazılsa da Zemfira Ziyadqızı öz təxəyyülündə, onun obraz dilini məsnəvi şirinliyində, hadisələrə geniş format verərək yazıb. Əsər boyunca şairin bütün söz ehtiyatının nəhrini görmək mümkündür. Adəm və Həvvanın yaranışından taki Qabilin Habili öldürdüyünə qədər ən kiçik detallarına qədər dəqiqliklə işlənmiş bu əsərdə, “Yaquarın yəni Nəfs”in insanın qəlbinə atdığı pəncədir ki şeytan ilk nəfs toxumunu Həvvanın qəlbinə əkdi. Həvva nəfsinə yenik düşüb buğda ağacının meyvəsini yeməklə öz nəslini əbədi həyatdan, ucunda ölüm olan bir həyata sürüklədi. Zemfira Ziyadqızının poemaya verdiyi bu kiçik proloqda bütün əsərin fəsil-fəsil ardıcıllıqla açılan kodları var.
Nəfs (proloq)
Fələk dərs çıxarmayır,
Zamanın gərdişindən.
Səpir fitnə toxumu,
Əl çəkməyir işindən.
Kainatın ən ali,
Varlığı olan insan.
Elə öz düşmənidir,
Əzəl başdan binadan.
Doğru bir deyim vardır,
“Yaquar pəncəsində”.
Insan ölüb gedəcək,
Nəfsinin kölgəsində.
Bu geniş kainatı,
Özünə dar biləcək.
Tamah tutacaq yerin,
Nəfs ağılı siləcək.
Özün hesab edəcək,
Zamanın hökmüdarı.
Vaxtı gəlib çatanda,
Zaman kəsər qərarı.

“Yaquar pəncəsi” uzun axtarışlardan keçib 33 mənbəyə istinadən işlənib. On fəsildən ibahətdir. Adəmin cənnətdən qovulması əslində yerdə cənnətin vizual görüntüsü, bənzəri kimi yaradılmış Eden bağından göstərilir. Təbiətin və insanın yaradılışı əks olunan Eden bağı cənnət misallı təsvir olunub.  Şair təbiətin ilk yaranışını belə təsvir edir.

Yaman qaranlıq idi,
Yer üzünün səması.
Rütubət bürümüşdü,
Ağır idi havası.
Həmən başlayım işə,
Deyib, qərarı verdi.
O günəşin üzünü,
Yerə tərəf çevirdi.
Qaranlıqlar söküldü,
Günəş hərarətindən.
Yer üzü silkələnib,
Nəfəs aldı dərindən.
Sonra ayın üzünü,
Çevirdi ki günəşə.
Günəşin şüaların,
Əks eləsin hər gecə.

Şair oxucusunu həm də astronomik bilgilərə  cəlb edir. Ayın tamamilə sönük cisim olduğunu və günəşin kiçik bir qövsünün  şüasını özündə əks edib yerə ötürməsini vurğulayıb. Adəmin peyğəmbərliyini qəbul etməyən İblisə qəzəblənən tanrı Yehova, ona Şeytan adını verib cənnətdən qovur. Qisas hissi ilə yanan Şeytan tanrıya and içir ki Adəm oğlundan və onun gələcək  nəslindən qısasımı alacağam.

Od bürüdü iblisi,
Dedi- And içirəm mən.
Qisas alacağam bil,
Bütün Adəm nəslindən.
Səpib fitnə toxumu,
Işləyəcəm qanına.
Qardaş öz qardaşının,
Qıyacaqdır canına.
Nəfs adında elə bir,
Toxum səpim mən gərək.
Insan onun əlində,
Əsir olsun qəbrədək.
Yeyib, içib doysa da,
Gərək gözü ac olsun.
Düşüb nəfsin toruna,
Şeytana möhtac olsun.
Gərək mənə bənzəsin,
Adəm oğlunun huyu.
Içində yaradacam,
Dibigörünməz quyu.
Və yaxud:

Ağlını oğurlayıb,
Ömrü viran edəcəm.
Sonra baxıb halına,
Qəşş edərək güləcəm.
And içirəm atəşə,
Qaynadacam hiylə, şər.
Bir birinin qanını,
Tökəcək bütün bəşər.

Şair burda həm də insanın hər iki dünyaya aid olduğunun fərqindədir. Ruhu ilahi qüdrətdən olsa da, insan cismi xaassəcə torpaq olduğu üçün forma dəgişkənliyi yaşayır.
Şair insanın ali yaradılış olmasına rəğmən nəfsinə yenildiyini, şeytanın ilk qurbanı olan Həvvanın aldadıldığını, qadınların kişilərə nisbətən yersiz maraqlarının şiddəti kimi səciyyələndirir.

Adəm çox rahat idi,
Söz vermişdi başından.
O buğda ağacı da,
Çıxmışdı yaddaşından.
Yaşayıb gözəl bağın,
Səfasını sürürdü.
Neçə gündü Həvvanı,
Çox narahat görürdü.
Sorğu-sual eylədi,
Dedi- söylə sən nədən?
Solub rəngin saralıb,
Seçilmirsən xəstədən.
Hanı o alma yanaq,
Gül üzün yaraşığı.
Söylə nə dərdin vardır,
Ay gözümün işığı.

Bu kiçik parçada da Adəmin öz zövcəsini qınayaraq doğru yol tutmamasını, tanrı qəzəbinə gələcəyinin qorxusunu təlqin etsə də sonradan özü də o buğda meyvəsinin “qurbanı” olur.

Dedi- Dözə bilmirəm,
Maraq öldürür məni.
Nədən yasaq eylədi,
Tanrı həmin meyvəni?
Tamah boyumu aşıb,
Nəfsə uyub bu bədən.
Inan dözə bilmərəm,
Yeməsəm o meyvədən.
Adəm onu danladı,
-Ağlına gəlir nələr?
Məgər azlıq eyləyir,
Bu bağdakı meyvələr?
Yasaq meyvədən yesək,
Çəkəcəyik cəzasın.
Çünki tanrı malıdır,
Almamışıq rizasın.
Artıq  gec idi- toxum,
Cücərib boy atmışdı.
Nəfs adında o “pələng”,
Caynağın çıxartmışdı.

Onların yasaq meyvədən yediklərini duyan tanrı hər üçünə cəza kəsir.

Ilana kəsdi cəza,
Bir ömürü beləcə.
Sürünüb qarnı üstə,
Yaşayacaqsan heçə.
Ruzin torpaq olacaq,
Yatağın torpaq altda.
Həyatınsa sürünüb,
Keçəcək ayaq altda.
Ildə bir yol sıyrılıb,
Atsan da öz dərini.
Yenə o şeytan huyun,
Dəyişməz xislətini.
Həvvaya söylədi ki,
Nədən fitnəyə getdin.
Əbədi bir həyatı,
Nəfsinə qurban etdin.
Sənin cəzan ağırdır,
Bil ki bu dünyaya sən.
Əzab əziyyət ilə,
Uşaq gətirəcəksən.
Adəmə kəsdi cəza,
Şümlayıb yer əkəcək.
Bir qarın çörək üçün,
Çox əziyyət çəkəcək.
Əzəldən söyləmişdim,
Axı unutduz nədən?
Öləcəksiz əgər siz,
Yesəniz o meyvədən.
Sizin günahınızı,
Nəsliniz daşıyacaq.
Sonunda ölüm olan,
Bir həyat yaşayacaq.

Poemanı oxuyarkən İlk əzəldən əxlaq kodeksinin torpaq xüsusiyyətlərinə bənzəri göz önündədir. Həvva nəfsinə, Adəm Həvvaya yenilir. Sərt qaya da nə qədər sərt olsa belə, suya yenilib əriyir.

Tanrı qəzəblənib Adəm və Həvvanı cənnətdən qovur.

Kədər içində Adəm,
Ətrafa saldı nəzər.
Gördü o gözəl bağdan,
Qətiyyən yox bir əsər.
Tikanlı alaq otu,
Bürümüş hər tərəfi.
Qəlbi yanlb göynədi,
Yadına düşdü səhvi.
Dedi aldanmasaydım,
Həvvanın göz yaşına.
Bu əzab, əziyyətlər,
Gəlməz idi başıma.

Artıq kəsilən cəzaya uyğun bir həyatın ssenarisini şair öz təfəkkürünə istinadən axına uyğun şəkildə izaha buraxır.

Onların çoxlu sayda,
Uşaqları doğuldu.
İlk oğlunun adını
Sevərək Qabil qoydu.
Törəyib artdı insan
Aradan keçdi bir il.
İkinci uşaq oldu,
Dünyaya gəldi Habil.

İblisin ən güclü silahı paxıllıq hissinin insanlığı baltaladığının addım-addım şahidi oluruq.

Şeytan yoldan çıxarıb,
Nəfsinə etdi kölə.
Verdi qəti bir qərar,
Gərək ki Habil ölə.
Yerdən bir daş götürüb,
Vurdu onun başına.
Qətiyyən rəhm etmədi,
Öz doğma qardaşına.
Bununla insan oğlu,
Törətdi ilk cinayət.
Gələcək nəsillərə,
Edəcəkdi sirayət.

Sanki şair zaman arasındakı məsafə kəsiyini aradan götürmüş və keçmişlə bu günümüzü tərəzinin  gözlərinə qoyub mizanı yoxlayır və “hələ də həmin ilk-i yaşayırıq” deyir.

Çiynindən yerə qoydu,
Qatil öz qurbanını.
Bircə tez azad olub,
Qurtaraydı canını.
Əliylə qazdı çala,
Qəlbi yandı ağladı.
Cəsədi ora qoyub,
Üstünü torpağladı.

Şair insanın hər çirkin əməlindən sonra peşimanlıq hissi keçirdiyini,  anlıq bir duyğumu, ya paxıllığın fərarının gözü kor etməsimi? – deyə yenə də günahları o saf ruhumuza libas biçilən torpaq cismimizin ayağına yazır.

Adəm çox əlləşsə də
Bu dərdiylə baş-başa.
Yenə inanmamışdı
Qardaş qıyar qardaşa.
Çalışırdı bu fikri,
Atmaq üçün başından.
Hər an dolaşıb durur,
Çıxmırdı yaddaşından.

Yaradılışı nəzərən öz təcrübəsindən keçirib yazanda da sanki ruhən o zamana qayıdır və hadisələrə öz baxış bucağından yanaşır. O cərəyanın içinə düşür və hələ də şeytanın vəsvəsəsində  törədilən qanlı müharibələri insan zəkasının “Bermud üçbucağı” hesab edir.
Qabilin gözlərinə baxınca üzündə yazılan günahını görən Adəm Qabili lənətləyib evdən qovur.

Qabili lə’nətlədi,
Dedi indi get yaşa.
Günahkar vicdanınla,
Bir ömürlük baş-başa.
Çəkil get uzaqlara,
Şəninə saldın ləkə.
Bir daha yol vermərəm,
Kimsə zülmünü çəkə.

9 cu fəsildə Tanrı Yehova qadağan olunmuş ağacın sirrini açır.

Indi deyim bilin siz,
Nədən, o meyvəni mən.
Yasaq edib ayırdım,
Bağdakı meyvələrdən?
“Qadağandır” sözünü,
Deməsəydim insana.
Iradə anlayışı,
Çixmaz idi meydana.

Deyərək əslində insanı öz hisslərini tanımağa, həyata, hər cür mübarizəyə hazırlayır.

Adəm duyub anladı,
Tanrı mükəmməldi çox.
Əslində bu ağacın,
Başqasından fərqi yox.
Tanrı istəmiş insan,
Öyrənsin duyğuları.
“Qadağan” sözüylə o,
Oyandırmış marağı.

Əsəri oxuduqca şairin söz ehtiyatının daha dərin qatlarına enib sözdən ucaltdığı ehrama heyrət duymamaq mümkünsüzdür.
Son fəsil – Epiloq poemanın adının hardan gəldiyini və həqiqi mənasının kodlarını açır nəhayət.

Bayquş boylanıb baxdı,
Insanın daxilinə.
Dedi insan ömürlük,
Əsir düşüb nəfsinə.
Içində yaranıbdır,
Nəfs adında bir quyu.
Doldura bilməyəcək,
Çalışıb ömrü boyu.
Nəfs adında o pələng,
Qəlbə atıb pəncəsin.
Insana ömrü boyu,
Çəkdirər işgəncəsin.

Poemaya bu kiçik fraqmentlərlə toxunaraq sizləri tanış etdim.
Tam 10‐ fəsil boyunca məsnəvinin bütün çalarlarını nəfisliklə işləyən şairin bu böyük poeması və 5-fəsildən ibarət “XOSROV və ŞİRİN poeması  onun  poeziyasının möhtəşəm portreti kimi ədəbiyyata töhvəsidir.

MƏTANƏT DUYĞULU.
AYB – üzvü, yazıçı, şair – publisist

Share: