
Məlum olduğu kimi özbək jurnalist Jahongir Mirzonun tanınmış Azərbaycan şair və publisisti Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Sevinc QƏRIBDən aldığı müsahibə Pakistanin “Sindh courier” saytinda yayimlanıb. Müstəqil.Az olaraq həmkarımıza təşəkkür edir, və müsahibənin Azərbaycan dilindəki variantını yayınlayırıq:
— Hər bir insanın həyatında uşaqlıq illəri xüsusi yer tutur. Sizin həyatınızda unudulmaz uşaqlıq xatirələri varmı?
— Həqiqətən uşaqlıq illəri insanın ən saf və ən öz olduğu dövrü əhatə edir. Yəqin ki, xüsusiliyi də elə bundan irəli gəlir. Əlbəttə, xatirələrim var. Unudulmazlar da, unutmaq istədiklərim də… Uşaqlığını doyunca yaşaya bilməyən minlərlə nəsildaşım kimi mən də vaxtından əvvəl böyüdüm. Müharibə, işğal, məcburi köçkünlük uşaqlığımı, yeniyetməliyimi əlimdən aldı. Uşaq düşüncələrim, xəyallarım yerini həsrətə, nisgilə verdi. O üzdən daha çox xiffət doludu uşaqlıq xatirələrim. Qeyd edim ki, mən əslən Azərbaycanımın Laçın rayonundanam. Orada doğulmuşam, uşaqlığımın bir hissəsi orada keçib. O Laçın ki, 1992- ci ilin may ayında havadarlarının köməyi ilə erməni silahlı birləşmələri tərəfindən işğal edilib, 28 il yağı əsarətində qalıb, yağmalanıb, talan olunub. Mən isə uşaqlığımı və sonrakı yaş dönəmlərimi ağrı, göynək, iztirab içində “yaşamağa” məcbur olmuşam. Yurd itkisi çox ağırdı… Doğrudur, artıq cənnət yurdum azaddır, acı həsrətimizə son qoyulub. Amma yaşamadığım uşaqlığımı geri qaytarmaq mümkün deyil təəssüf ki… İstəməzdim söhbətimizə belə qəmgin notlarla başlayaq, ancaq nə edək ki, bu bir gerçəklikdir.
— Bir şair olaraq “qadın qəlbi”nin möcüzələri və gözəlliklərini şeirlərinizdə necə ifadə edirsiniz?
— Əslində qadın özü bir möcüzədir və gözəllik də məhz qadın obrazının boyuna biçilib. Belə demək mümkünsə, möcüzə olan varlığın iç dünyası, qəlbi, düşüncələri, ruhu ilə ehtiva etdiyi gözəlliklər şeirlərimdə incə bir duyğuyla sərgilənir. Lirik, həzin, bəzən kədərli, bəzən nəşəli, hərdən iç hayqırtısıyla, hərdən sükutla ifadələnir hisslərim. Şeirlərimdəki qadını elə qadın kimi, tam dolğunluğu ilə ifadə edirəm məncə. Bunu daha dəqiq oxucu duyur yəqin ki.
— Sizcə, müasir Azərbaycan poeziyasında qadın şairlərin ədəbiyyatda və cəmiyyətdə rolu nə yerdədir?
— Son illərdəki müşahidələrim və içində olduğum ədəbi aləmin bu günkü mənzərəsi imkan verir deyim ki, poeziyamızda ədəbi və ictimai prosesin izləyicisi yox, birbaşa iştirakçısı olan qadın şairlər yetərincədir. İstər ədəbiyyatda, istərsə də cəmiyyət arasında sözü, düşüncələri, əqidəsi ilə nüfuz qazanmış qadın şairlərin ədəbiyyatda və cəmiyyətdə rolu üst səviyyədədir məncə. Təbii ki, yaradıcı qadın eyni zamanda ictimai təfəkkürlü omağı bacarmalıdır. Çünki, bizim missiyamız təkcə yazmaq deyil. Cəmiyyətlə ünsiyyət vacibdir. Bu gün qadın şairlər də kişi həmkarları kimi cəmiyyətin inkişafına və aydınlanmasına, eləcə də ədəbiyyatın yüksəlişinə öz töhfəsini vermək iqtidarındadır. Sözünün çəkisi qədər şəxsiyyəti, vətəndaşlıq mövqeyi, ziyalılığı ilə cəmiyyətə örnək olan qadın şairlərin ədəbiyyatdan cəmiyyətə boylanışı, eləcə də cəmiyyətə səslənişi düşünürəm ki, hiss olunur, duyulur və müsbət nəticələri görə bilirik.
— Yaradıcılığınızda tarixi iztirab və yurd həsrəti qatları çox güclüdür. Tarixi xatirələri şeirdə canlandırmaq hansı ruh halını və yaradıcılıq səmimiyyətini tələb edir?
— Doğru təsbitdir. Həqiqətən yaradıcılığımın mühüm bir hissəsi torpaq dərdli, yurd həsrətli şeirlərlə əhatələnir və iztirab doludur. Yaşadıqlarımın yazdıqlarıma yansıması təbiidir. Yurd göynəyimi sözə çevirmək bir az da içimdəki yanğını söndürmək, ağrılarımı ovutmaq üçün təsəlli axtarışı idi bəlkə də. Əlbəttə, tarixi xatirələr şeirə çevrilirsə təhrif olunmamış, təxəyyülə deyil, sırf yaşantılara söykənən səmimi hisslərin təzahürü ilə misralanmalıdır. Şeirin xarakterinə uyğun poetik nəsnələr, fəlsəfi düşüncələr formalaşdırmaq artıq müəllifin istedadına bağlıdır. Ruh halı isə elə o tarixin ab-havasına uyğun olmalı, xatirələr fonunda dünəni yaşayırmış kimi daxili narahatlığın misralarda əksini tapmalıdır.
—Bugünkü ədəbiyyatda qadın şairlərə münasibət barəsində nə düşünürsünüz? Sizcə, cəmiyyət qadın şairlərdən nə gözləyir?
— Əslində qədimliyə söykənən Azərbaycan ədəbiyyatında qadın şairlər ötən əsrlərdə də mövcud olub. Müəyyən zamanlarda qadın şairlərə üstdən aşağı baxılıb. Deyim ki, bu təkcə ədəbiyyatda deyil, bütün sahələrdə belə olub. Yəni, qadınların hansısa sahədə kişilər qədər bacarıqlı, istedadlı ola biləcəyinə şübhə ilə yanaşılıb. Müasir dövrümüzdə də bu yanaşma müəyyən qədər qalmaqdadır. Ancaq bu əvvəlki kimi çoxluq təşkil etmir. Qadınlarımız istər elm, istər ədəbiyyat, istərsə də digər sahələrdə özlərini təsdiq və sübut etdilər. İndi qadın şairlərə münasibət yaxşı mənada çox dəyişilib. Düşünürəm ki, artıq qadın şairlərə münasibətdə ayrıseçkilik dönəmi geridə qalıb. Cəmiyyət qadın şairlərdən yaradıcı tərəflə yanaşı vətəndaş tərəfini də diri tutmağı, missiyasına sadiq qalmağı gözləyir.
— Qadın qəlbində baş verən incə hissləri şeirə çevirmək prosesində hansı daxili psixoloji vəziyyətlərlə üz-üzə qalırsınız?
— Şeirin mövzu və xarakterindən asılı olaraq, psixoloji durum da dəyişir. Yəni, incə hisslər dediyiniz sevgi əhatəlidirsə, qeyri-ixtiyari daxilimdə xoşbəxtlik hormonları baş qaldırır. Mövzu ayrılıqdırsa, kədər qatları bulud kimi çökür hisslərimə. Tənhalıq, təklik mövzusu da bir ayrı gərginliklə yazılır.
— Müasir Azərbaycan poeziyası haqqında fikriniz necədir? Sizi sevindirən hansı istiqamətlər var, bəs hansı yönlər sizi narahat edir?
— Müasir Azərbaycan poeziyası haqqında fikirim müsbətdir. Əvvəla ona görə ki, yaradıcı, sözün əsl mənasında ədəbiyyatın üzünü ağ edəcək imzalar var və izlədiyim qədər yeniləri də yetişir. Bu məni sevindirir. Bir də ona görə sevinirəm ki, o imzalardan sərhədləri aşanlar, dünyaya çıxış edənlər var. Növbəti sevindirici məqam isə digər ölkələrlə ədəbi əlaqələrin genişləndirilməsi, fikir mübadilələrinin artmasıdır ki, bu da həm şəxsi ədəbi inkişafa, həm də ümumi ədəbiyyatın inkişafına töhfədir. Narahat olduğum yönlər də var, əlbəttə. Məsələn, “şeir” yazanların çoxalması və ədəbiyyata dürtülmək cəhdi. Söz yığınına şeir adı qoyub, poeziya nümunəsi kimi təqdim edərək oxucunun zövqünü korlayanların mövcudluğu da narahatlığıma səbəb olur. Doğrudur, zamanla ələnəcəklərinə ümidliyəm, ancaq yenə də bu günün oxucu və söz tanıyanlarına ürəyim ağrıyır.
— Əgər həyatınız bir şeir olsaydı, hansı ahənglə yazılardı – lirik, epik, dramatik, satirik, yoxsa sufi ruhunda?
— Yəqin ki, əsasən lirik. Bir az da sufi ruhunda.
— Bir zamanlar türkdilli şairlər bir dildə arzular qurur, bir qəlbdə yaşayırdılar. Bugünkü Azərbaycan poeziyası bu mənəvi birliyə hansı töhfəni verir?
—Bir zamanın arzuları indi gerçək olur. Artıq türkdilli şairlər görüşə, bir-birinin yaradıcılığını yaxından izləyə bilir. İndi heç nə əlçatmaz deyil, daha xəyallarla təskinlik tapmırıq. Qarşılıqlı ədəbiyyat görüşləri, türkdilli müəlliflərin Azərbaycanda, eləcə də azərbaycanlı müəlliflərin dost ölkələrdə tanıdılması, təbliğ olunması istiqamətində görülən işlər bu mənəvi birliyi daha da möhkəmlədir. Kitab festivallarına, poeziya şölənlərinə qarşılıqlı dəvət, təşkil olunan fərdi müəllif görüşləri də bir ədəbi birlik, dostluq nümunəsidir. Qardaş ölkə yazarlarının kitablarının Azərbaycanda çap olunması, ayrı-ayrı müəlliflərin yaradıcılığının mətbuatda işıqlandırılması da bir töhfədir məncə. Azərbaycan ədəbiyyatının, poeziyasının qardaş türk ölkələrində təbliği də mümkün qədər həyata keçirilir.
—Deyirlər ki, şair olmaq – hər gün özünü itirmək, hər gecə yenidən tapmaqdır. Siz bu mənəvi prosesi necə yaşayırsınız? Özünüzü şeirdə tapırsınız, yoxsa itirirsiniz?
— Yəqin, bu deyim “şairlər daha çox gecələr yazır” fikrinə əsaslanıb.
Hər gün deyərkən də gündüzlər nəzərdə tutulub. Çünki məntiqlə yanaşsaq, gecə-gündüz uyğunluğu harmoniya yaradır. Şeir yazarkən mövcud aləmdən təcrid oluram. İçinə düşdüyüm aləm daha çox göylərin xütbəsinə yaxındır. Çünki duyğularıma çökən o səs, bəzən də səssizlik bir ilahi pıçıltıdır. Və mən şeiri misra-misra, söz-söz yaşayıram. Ruhuma diktə olunanlar hiss və duyğularıma ələndikcə yeni bir mən doğulur sanki. Sözə çevrilən duyğularım, məntiqim, fəlsəfəm, düşüncələrim günün hansısa məqamında “itmiş” məni özümə qaytarır, özümdə tapılıram. Demək ki, mən özümü şeirdə tapıram. Özünü şeirdə itirmək də dolayısıyla mənəvi prosesin bir mərhələsidir…
— Uşaqlıq xatirələri sizin poetik dünyanızda necə yer tutur? Sizcə, daxilən uşaq qalmaq şairə hansı gücü verir?
—Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, uşaqlıq xatirələrim bir az ağrılıdı. İşğala qədərki dövrün də müəyyən qismini uşaq kimi yaşamışam. Qarabağ iğtişaşları məhz mənim uşaqlıq illərimdə başladı. Bilirsiniz ki, Azərbaycan 70 il Sovetlər Birliyi adlanan, əslində isə Rusiyanın imperiya siyasətinə xidmət edən ittifaqın tərkibində, daha dəqiq müstəmləkəsində olub. 1990-cı ildə məhz həmin istilaçı dövlətin Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi, Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonlarına yeridildi. Nəticədə dəhşətli 20 Yanvar faciəsi baş verdi. Ardından 1992- ci ilin fevralında erməni və rus silahlı birləşmələrinin amansızca törətdiyi Xocalı soyqırımı mən və yaşıdlarımın uşaq dünyasını tar-mar etdi. Biz travmalı böyüdük…
Əslində, mən uşaqkən də ayrı bir dünyanın içində idim. Yaşıdlarımdan fərqli olaraq, oyun oynamaqdan çox, bir hücrəyə çəkilib xəyallar qurmağı, göylərə sual verməyi sevirdim. Hər kəsin günəşdən “qaçdığı” vaxtlar mən ona sığınırdım. Xatırlayıram, necə yağışın qollarına atıldığımı, yağışın səsinə qarışan şaqraq gülüşlərim bəlkə də ömrümün ən içdən gülüşləri idi. Poetik dünyamda uşaqlıq xatirələrimin izləri aydın görünür məncə. Saf, təbii, səmimi duyğuların yansıdığı yaradıcılıq nümunələrim o xatirələrin ruhu ilə şəkillənib. Uşaqlıq bir başlanğıc, bir özüldür həm də. Qəlbində uşaq duyğularını yaşatmaq və ya o duyğularla yaşamaq real həyatda, yaradıcılıqda şairə mənəvi güc verir. Pak tərəfinə yaslanmaq həm də ruhun dirçəlişi, şeir dünyanın sağlam qalmasıdır.
Söhbətləşdi:
Cahangir NAMAZOV,
Azərbaycan Jurnalistlar birliyinin üzvü.