“Yerim divarların soyuq sinəsi, Dırnağım nə qədər dağ çəkib ona…”-Günay Günəş…

Müstəqil.Az gənc şair Günay Günəşin şeirlərini təqdim edir:

 

“Gərək yığışdırıb xatirələri,
Geriyə baxmadan gedim bir təhər.”
 
Durub düşündükcə ötən günləri,
Keçmişin izləri evimi yıxır.
Açıram kül olmuş xatirələri,
Baxıram, hələ də tüstüsü çıxır.
 
Elə anlar var ki, unutmaq olmur,
Başımı heç nəylə qata bilmirəm.
Səhərlər özümə verdiyim sözü,
Nədənsə gecələr tuta bilmirəm.
 
Gecənin bir vaxtı, hamı yuxuda,
Mən sərxoş halımla gecələrdəyəm.
Sən isti yataqda, isti qucaqda,
Mən yenə yağışlı küçələrdəyəm.
 
Tanıya bilmirəm özüm özümü
İlahi bu nə hal , mən nə gündəyəm?.
Məni ayaqlarım hara aparır?
Yenə həmin küçə, həmin tindəyəm.
 
Doğmalar içində qərib kimiyəm.
Artıq sıxır məni , bu böyük şəhər.
Gərək yığışdırıb xatirələri,
Geriyə baxmadan, gedim bir təhər.
 
05.10.18.
        Mən ki, rəssam deyiləm!…..
 
Səndən sonra bu evin divarları çat verib,
Bir bəhanə axtarır dağılmağa, uçmağa.
Xəyallar üsyan edir, didim – didimdi qəlbim,
Daha gücüm yetməyir ağrılardan qaçmağa.
 
Bu otağın hər küncü, bir canavar böyüdür,
Çılpaq divarların da üşüyürdü əlləri.
Bəlkə isinmək üçün kiçik oyun oynayum,
Bir kətana sığdırım, xöşbəxt keçən illəri.
 
Artıq rəssam olmuşam, əlimin qanı ilə,
Gözlərini çəkirəm, divarımdan asmağa.
Bəlkə gülə gözlərin, bir ovuc ümid ola,
Gücüm çata, otağa bir pəncərə açmağa.
 
Budur şəkil içində dondururam sevgimi,
Kətan üstən baxıram gözlərinin əksinə.
Çərçivənin bu üzü məni çəkir içinə
Çərçivənin o üzü səni sıxır köksünə.
 
Sənin soyuq divarda əriyirdi gözlərin,
Damcıların üstümə damdıqca, boğuluram.
Çərçivədən kənara daşır şəkil baxışın,
Mənsə hər gün bu yerdə öldükcə, doğuluram.
 
Yavaş yavaş silinir, yox, saxlaya bilmirəm ,
Bir kətana dəfn olan, sevgimizin rəsmini.
Eşidirəm, hələ də, gecələri ağlayan,
Hər gün yuxuda səni , sayıqlayan səsimi.
 
Əllərimi kəsmişəm , yığa bilmirəm səni,
Bulaşır gözlərinə əlimin soyuq qanı.
Mən ki rəssam deyiləm, yenə həmənki kimi
Gözlərini çəkməyə məndə cəsarət hanı?
 
       Dəlilər darıxmaz..
 
Mən sevdam əlindən dərdimə sürgün,
Məni ürəyimin qarğışı tutub.
Düşmüşəm dünyanın lap dərininə,
Tanrı da elə bil məni unudub.
 
Fikirlər köçünü yığıb bu gecə,
Gəzir qarış – qarış aranı dağı.
Mən ki, bu dünyanın ən dəlisiyəm,
Dəlilər bu qədər darıxmaz axı .
 
Hər gün bir az daha halım pisləşir,
Mən yaxşı olmağa illərdi yadam.
Evimdə yurd salıb qarabasmalar,
Nə qədər “bismillah” deyər bir adam.
 
Tökülür gözümdən sənsiz yuxular,
Kabuslar əlindən gəlmişəm cana.
Yerim divarların soyuq sinəsi,
Dırnağım nə qədər dağ çəkib ona.
 
Mənə yuxular da, yalan danışır,
Bir dənə çin olan röyası yoxdu.
Dünyanın rəngarəng daxmaları var,
Daxmanın bir dənə dünyası yoxdu.
 
© Günay Günəş.
Müstəqil.Az
Share: