Hafiz Ataxanlı- 60
Bəli, Hafiz Ataxanlının 60 illik yubileyini qeyd etməyə başlamağın vaxtı gəlib çatıb. Axı, aprelin 22-nə nə qalıb ki. Bir yazını Aslan Quliyev, birini Əli Nəcəfxanlı, birini Əyyar Cəfərli, digərini Mürtəza Bünyadlı, daha o birilərini isə Tapdıq Əlibəyli, Rəfael Həbiboğlu, Faiq Novruzov, Samir Əsədli, İdris Heydərli və sair dostları yazsa, “Tarixi Hafiz” kitabını bağlamaq olar. Nə isə, “qoy mən olum alma dərən”- deyib, bu dəfəki söhbətimi Hafizin 60 illik yubileyinə həsr edirəm..
Bəzən mənə elə gəlir ki, o, həzrət Musanın məşhur əsasıdır, bu dəfə əjdahaya yox, insana çevrilib. Çünki əjdaha kimi mübariz, əzmli, məğlubedilməzdir. Allah onu yaranışından fərqli yaradıb. Təsəvvür edin ki, on milyon əhalisi olan bir məmləkətdə ürəyi sağda, qaraciyəri solda olan nadir adamlardan biri də odur. Üstəlik mədəsi, dalaq və böyürəkləri yüz səksən dərəcə bucaq altında ənənəvi yerindən kənara çıxmış vəziyyətdədir. Xarakterinə gəldikdə isə mülayim, davranışında mədəni, təmkinli, eyni zamanda çox dinamikdir. Daim hərəkətdə olmağı xoşlayır. İdeyaları o qədər çoxdur ki, hər birini həyata keçirə bilsəydi, ölkədə ən məşhurlardan biri olardı. Yazıb yaratmaq təşnəsi onu heç vaxt rahat buraxmır, gözəl qələmi var. İstedadı çoxşaxəlidir, amma bu xəzinəni kəşf edib, layihələrini həyata keçirməsində ona yardım etmək istəyən adam yoxdur. Kaş həzrət Musa sağ olaydı…
Deyir ki:- “Əgər Allah mənə yazmaq qabiliyyəti veribsə, artıq bu, uğurdur. Sənədli film sahəsində peşəkaramsa, bu da bir uğurdur. Qaldı rəsmi göstəricilərə: Lider televiziyasında ərsəyə gətirdiyim filmlərə görə, “Zərdabi” mükafatı almışam. 2002-ci ildə Nizami Gəncəvi ili ilə bağlı Sumqayıt Dövlət Dram Teatrında dövlət sifarişi ilə şairin fikir konsepti əsasında “Xəzinə” adlı iki hissəli pritçam hazırlanıb və bu günə kimi tamaşaçıları cəlb edir. Zəfər bayramını tərənnüm edən “Missiya” qəhrəmanlıq dramım da uğurlu səhnə taleyi yaşayıb. Hər ay repertuar planına salınır. Hər iki tamaşanın rejissoru teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmovdur. Gəncə Dövlət Kukla Teatrında isə əməkdar artist Fərmayıl Paşayevin traktovkasında, Zulfiyyə Əliyevanın ifasında “Dərdlərimin çamadanı” monotamaşam hazırlanıb və yüksək səviyyədə qarşılanıb. Türkiyədə də Azərbaycan tetrında səhnələşdirilən işlərim bəyənilib. Bunu hələlik sirr kimi saxlamağa üstünlük verirəm. Və bir də təmiz adımı qoruyub saxlamışamsa, bunu da bir uğur hesab edirəm…”
…“Moskva göz yaşlarına inanmır” filmindəki çilingər Qoşa kimi, bir vaxtlar Nəzərli, İmamnəzərli imzaları ilə tanınsa da, bu gün Ataxanlı təxəllüsü ilə yazıb yaradan Hafiz Eynullayev 1966-ci il, aprelin 22-də, həftənin şənbə günündə Yardımlı rayonu, Ostair kəndində dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra Bakıya üz tutub. Mədəniyyət və İncəsənət Unuversitetini bitirərək, kütləvi tamaşalar rejissoru ixtisasına yiyələnib. 1985-1987-ci illərdə Latviyada hərbi xidmətdə olub. Hərbi xidmət vaxtı “Çasovoy Rodina” və “Za Rodina” qəzetlərində yazıları ilə çıxış edib. Hərbi jurnalistikada təhsil almaq təklifi alsa da, o, bundan imtina edib…
Tələbəlik illərindən AzTv-də süjetlər hazırlayıb. 1991-ci ildə “Azərbaycanfilm” kinostudiyasında direktorun köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. Sonradan AzTv-nin “Gənclık” baş redaksiyasında, “Telefilm” yaradıcılıq birliyində redaktor, “Xəbər” xidmətində xüsusi müxbir, Sumqayıt Dövlət Dram Teatrında ədəbi işlər üzrə rəhbər, “Dünya” televiziyasında baş redaktor, “Dolab- İnterkinovideo” şirkətində baş direktor, “Lider” televiziyasında, “Azərbaycan” sənədli filmlər departamentində redaktor, baş redaktor, “İctimai Televiziya”da redaktor, “Spase” televiziyasında redaktor, “AzTv- Mədəniyyət” kanalında baş redaktor müavini vəzifələrində çalışıb. Hazırda “Dövlət Film Fondu”-nda işləyir. Eyni zamanda “Yaddaş”, “Salnamə” studiyalarında, “Butafilm” şirkətində, ADA Universitetində, DSX-da və bir çox özəl studiyalarda çəkilən filmlərin ssenari müəllifi, rejissoru, prodüseri olub. Bir neçə il öncə mənim maddi dəstəyimlə “Başsağlığı və doğum haqqında şəhadətnamə” adlı hekayə və povestlərdən ibarət kitabı çıxıb. “Mir Cəlal dünyası” kitabını rus dilindən tərcümə edib. Ona yaxın kitabın redaktorudur, İki pyesi Sumqayıt Dövlət Dram Teatrında, bir monotamaşası Gəncə Dövlət Kukla Teatrında hazırlanıb…
“Ədəbiyyata, qələmə vicdanla xidmət etmək mənim həyat kredomdur. Tvlərdə işlədiyim vaxtlardan üzü bəri gənclərin doğru yola istiqamətlənməsinə, püxtələşməsinə hər zaman yardımçı olmuşam. Müəllim olmasam da belə, yetişmiş tələbələrim çoxdur və onların uğuru ilə qürur duyuram. Hesab edirəm ki, milli- mənəvi dəyərlərə sadiq qalmaq, milli mədəniyyəti peşəkar formada təbliğ etmək, sözün müqəddəsliyini qorumaq xidmətdir…”- söyləyir.
Arzuları çoxdur. Onların həyata keçməsi üçün hər gün qıldığı namazda Allaha dua edir. Ən böyük arzusu isə “Azərbaycanın Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülməkdir. Amma dilinə gətirmir, təvazökarlıq edir. Düşünür ki, qismətdən artıq yemək olmaz. Allahın onun üçün yazdığı ssenari nədirsə o cür də olacaq…
Deyir ki:- “60 yaşım var, istənilən gənclə kreativ düşüncəyə görə mərcə girə bilərəm. Axı, kreativ düşüncə arzular bolluğu yaradır. Azərbaycan kinosunu “Oskar”lı görmək istəyirəm. Təbii ki, birinci növbədə müasir milli kino sənayemizin konsepsiyası olmalıdır. Əlimərdan bəy Topçubaşov haqqında ADA Universitetinin sifarişi ilə sənədli film çəkmişəm. Amma bədii filmlik materiallar və ideyalar qalıb qışqırır. Zəfər günü ilə bağlı “Payızın 44 anı” bədii filmi barədə düşünürəm. Gəncə üsyanı və Difailərlə bağlı bədii filmlərin ssenarisini yazmaq təşnəsi də məni rahat qoymur. “Mən səndən ayrılmazdım” adlı bədii filmin tretmenti hazırdır. Türkiyə ilə müştərək olmalıdır. İki qardaşdan böyüyünü Türkiyədən Mustafa Uzunlar, kiçik qardaşı Azərbaycandan Əbdülqəni Əliyevin oynaması nəzərdə tutulub. Amma təəssüf ki bu hələ bir arzu olaraq qalır. Bir də teatrlarımızda yeni bir sistemin qurulmasını arzulaylram. Teatrda menecment- prodüser sistemi qurulmalıdır. Baş prodüser olmalıdır Ədəbi hissə müdirlərinə əsər seçimi üçün sərbəstlik verilməlidir. Azərbaycanda tez-tez beynəlxalq festivallar keçirilməlidir. Amma obyektivlik birinci meyar olmalıdır. Münsifin tələbəsi və ya özəl teatr studiyası müsabiqəyə iş təqdim edibsə, o münsufdən hansı ədalətli rəy gözləmək olar? İllah da bizdə, yəni formalizm xatirinə yox, bütün addımlar teatrın inkişafı naminə atılmalıdır…”
Bəli, haqqında sevə-sevə danışdığım Hafiz Ataxanlı Allahın möcüzələrindən biridir. Möcüzə təkcə onun orqanizmindəki fərqlilikdə deyil, bütövlükdə varlığındadır. Aprelin 22-si Hafiz Ataxanlının doğum günüdür, bu dəfə 60 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram…
…Başladıq…
Hörmətlə, Elman Eldaroğlu

















