O, mənim doqquz il öncə tanıdığım bu günə qədər hər görüşümüzdə xatırladığım Aqildır. Asta yerişli, sakit səs tembiri, qarşı tərəfi səbrlə,təmkinlə dinləyən və əmin olduğu qərarından bir addım da geri çəkilməyən,ilk baxışda sərt görünsə də uşaq kimi saf qəlbli Aqil. Bir də…..iyirmi doqquz ildir gözlərinin dərinliyində silinməyən, lövbər salmış yeddi qardaşını ağır həsrətini yansıdan Aqil……Aqilcan,bu gün sənin günün…uca Tanrının bəxş etdiyi ömür yolunun 50 -ci ilinə qədəm qoydun. Sən o qədər əziz,doğmasan ki, bəlkə sən özün mənə kömək edəsən..İnsan əzizinə,doğmasına nə arzulasın?.. Sən bizim üçün nə qədər əzizsənsə yeddi şəhid qardaşlarının doğmaları üçün ən böyük təsəllisən. Sən illərdir oğul həsrətindən üşüyən ürəklərinə isti nəfəssən.. Sən təkcə Nəfisət ananın deyil,Elza ananın,Xanım ananın,Ziyafət ananın, Saima ananın,Firəngiz ananın OĞLUSAN.. Sənin munis əməllərindən heç nə sadalamayacam .’’Görsənən dağa nə bələdçi’’ deyib babalarımız.Təkcə mənim deyil,hamımızın tanıdığı bir Qazi Aqil Mürsəl oğlu Əhmədov var hansı ki, bütün həyatını illərdir yeddi şəhid qardaşının həyatından bir an da ayırmadı……. Aqilcan, bir ananın ləyaqətli övladına nə arzu edərsə mən də sevə-sevə həm də bir az da kövrək göz yaşlarımla səni bağrıma basıb arzularımın müstəcəb olmasına AMİN deyirəm. Yeni yaşın mübarək Aqil oğlum.
PS Bilirəm ki, Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda səkkiz igid kəşfiyyatçının keçdiyi şərəfli döyüş yolu haqqında insanlar məlumatlıdır. Ancaq bu gün bir daha xatırlatma yerinə düşər.
1997-ci il aprel ayının 7də 8 nəfərdən ibarət X\T dəstənin kəşfiyyatçıları dövlət əhəmiyyətli tapşırığı yerinə yetirmək üçün Xocavənd rayonu istiqamətində düşmən arxasına keçir. Kəşfiyyatçı qrup döyüş tapşırığını uğurla yerinə yetirıb geri qayıdarkən düşmən mühasirəsiylə üz-üzə qalır. 3 gün qeyri-bərabər döyüşdə igid kəşfiyyatçılarımız qarşı tərəfin xeyli silah sursatlarını ,texnikalarını məhv etmiş və əsir düşməmək üçn son qumbaraları ilə özlərini partladaraq şəhid olmuşlar. Düşmən gülləsindən ölümcül yaralanan Aqil Əhmədov meşədə huşsuz vəziyyətdə əsir götürülür. 1 il 11 aylıq məşəqqətli əsir həyatından sonra Qırmızı Xaç cəmiyyətinin xəttiylə vətənə dönür. Yeddi şəhid ölümlərindən sonra Azərbaycan Bayrağı ordeni ilə təltif olunur. Yeddi igid kəşfiyyatşımız 28 ildir ki yan-yana 2-ci Fəxri Xiyabanda uyuyur. Bu yerdə 8 igid kəşfiyyatçılarımızın adlarını qürurla çəkmək istərdi.
1leytenant Elxan Ataxan oğlu Ağayev( Xüsusi Təyinatlı Dəstənin komandiri )
2 leytenant Vüqar Rzaxan oğlu Yarəhmədov.(Komandirin müavini)
3 çavuş Dinar İbrahim oğlu Mustafayev
4 çavuş Anar Üzeyir oğlu Rzayev
5 çavuş Aqşin Əli oğlu Həsənov
6 çavuş Nizami Səfi oğlu Ələkbərov
7 çavuş Fariz Şəmil oğlu Cavadov
və düşmən gülləsindən yaralanaraq meşədə saatlarla hüşsuz qalıb 1 il 11 aylıq əsirlikdən qayıdan 8 ci çavuş Aqil Mürsəl oğlu Əhmədov…….
PS 2017-ci ilin soyuq qış səhəri idi. Uzun illərdir tanıdığım Qarabağ qazisi Hüseyn Adəmoğlu telefon açıb ‘’Jalə xanım vaxtınız varsa bu gün bir qazimizlə sizi tanış etmək istəyirəm’’ dedi. Əlbəttə razılaşdıq və bu gələn qonağın Aqil Əhmədov olduğunu sonra bildim. Səkkiz kəşfiyyatçı dastanını da həmən gün Aqil anlatdı. Sizin anoloqu olmayan qəhrəmanlığınız gələcək nəsillərə misilsiz bir örnəkdir..Tarix yazan oğullar haqqınız ödənilməz!!!! 29 il öncə siz yalnız cismən həlak oldunuz. Əsl doğum tarıxınız,həm də əbədi doğum tarıxınız 10 aprel 1997 ci il. … Qürurla bir daha yad edirik.


Jalə Cəfərova,
Filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist





















