Bu gün tanınmış şair Damət Salmanoğlunun nəvəsi Muradın 18 yaşı tamam olur. Müstəqil.Az Damət babanın nəvəsinin şərəfinə 5 il öncə yazdığı “Muradın arzuları” şeirini təqdim edir və həm şairin öz adından, həm də doğmalarının adından təbrik edir və bu təbrikə qoşularaq gənc Murada uzun ömür, cansağlığı, səadət arzulayır. Çox yaşasın, xoş yaşasın.
Muradın arzuları
Bu gün bizim üçün çox əlamətdar gündür — əziz Murad nəvəmizin 18 yaşı tamam olur!
Əziz Murad, həyatının bu yeni mərhələsində sənə möhkəm can sağlığı, parlaq gələcək və sonsuz uğurlar arzulayıram. Qoy atdığın hər addım səni xoşbəxtliyə aparsın, arzuların bir-bir gerçəkləşsin. Həyat yolun işıqlı, qəlbin isə daim ümid və sevinc dolu olsun.
Unutma ki, sən artıq öz yolunu qurmağa başlayan güclü bir gəncsən. Hər zaman doğru qərarlar verən, ətrafına nur saçan və sevilən insan olasan.
Doğum günün mübarək, Murad!

Unudulmaz xatirədir,
Mənim uşaqlıq illərim.
Gözəl, şirin bir nağıldı,
Mənim uşaqlıq illərim.
Bilgəhin havası təmiz,
Hər tərəfi mavi dəniz.
Həyətində, bağçasında,
Çiçək açır lalə, nərgiz.
Uşaq idim, dəcəl idim,
Bir az da ərköyün idim.
Nənəmlə parkda gəzəndə,
Öz bildiyimi edən idim.
Hey qaçardım bir at kimi,
Yorulmazdım Qırat kimi.
Deyərdilər: “Murad, az qaç!”,
Mən çapardım Durat kimi.
Tamam olub on üç yaşım,
Bir bacım var, bir qardaşım.
O çağları unutmaram,
Lap olsa da yüz bir yaşım.
Damət Salmanoğlu





















