Yeni yaşınız mübarək, Bəsti xanım!

 

Uzun illərdir ki, Akademik Milli Dram Teatrında çalışır. Eyni zamanda 2013-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur. 1998-ci ildə isə “Azərbaycanın xalq artisti” fəxri adına layiq görülüb…

Sovet dövründə “Pionerlər evi” adlandırılan uşaq yaradıcılıq mərkəzləri var idi. Həmin mərkəzlərdən dərnək rəhbərləri məktəblərə gəlib istedadlı uşaqlar seçirdilər. O vaxt onu və 10-15 məktəblini rəhmətlik Əfsər Cavanşirovun “Bənövşə” Uşaq Xoruna seçirlər. Əvvəlcə xorda oxuyur, üç ay sonra rəqs dərnəyinə keçir. Həmin dərnəyə 6 il gedir. 1974-cü ildə “Nəsimi” filmi ekranlara çıxanda 8-ci sinifdə oxuyurdu. Bu filmə o dövrdə böyük maraq vardı, bir gün uşaqlarla yığışıb həmin filmə baxmağa gedir və o filmdə epizodik rolda çəkilən Telman Adıgözəlova vurulur. Sonradan ona görə, o filmə azı 7-8 dəfə baxır. Etiraf edir ki, onda aktyorluğa həvəsi məhz Telman Adıgözəlova vurulması yaradıb…

Deyir ki,- “İnsan taleyi, qisməti ilə birgə doğulur. Güzgüyə baxanda görməsək də, xırda detallarına qədər həyatımız alnımıza yazılıb. Hər bir insanın öz missiyası var. Qadın var, həyatda çoxuşaqlı ana olmaq üçün, qadın da var, dünyanı idarə etmək üçün doğulub. İstər şüurlu, istərsə də şüuraltı öz missiyalarımızı həyata keçirmək üçün addımlayırıq. Mənə gəlincəsə, uşaq yaşlarımda aktrisa olacağımı müəyyənləşdirməmişdim. O dövrdə bakılıların ailəsində qız uşaqlarının belə bir fikrə düşməsi yolverilməz idi. Bu arzunu qızların böyük əksəriyyəti uşaqkən öz içlərində öldürürdülər. Mən evin üçüncü övladıyam, 8 il sonbeşik olduğum üçün çox ərköyün olmuşam. Bu ərköyünlük mənə çılğınlıq, davakarlıq xüsusiyyətləri aşılayıb. Və mən öz arzuma çatdım…”

Cazibədar və gözəldir. Çox iradəli, döyüşkən xanımdır. Heç vaxt ruhdan düşmür. Həyatda bir əsas devizi var: olur yaxşısı olsun, olmursa da heç olmasın. Onun üçün orta hədd yoxdur. Özünü heç vaxt zəif qadın hesab etməyib. Bəlkə də bundan irəli gəlir ki, həyatda olduğu kimi, səhnədə də güclü qadın obrazlarını yaradıb…

“Həyatda çox şeylər olur. Gənclik illərində bir nəfərlə ailə qursam da bu icdivac, sevgi uzun çəkmədi. İndi yalnız qızımı sevirəm. Ondan əvvəl rəhmətlik anamı çox sevirdim. Mən çox yaxşı övlad olmuşam. Bunu tam əminliklə deyə bilərəm. Mən ideal anayam. Amma mən ideal sevgili olmamışam. Əslində mən çox mərd insanam, sevəndə varlığımla sevirəm. Lakin mən bu dünyada arzularımdakı obraza rast gəlmədim. Sevdiyim insan buna layiq olmadı. Seçimim düzgün idi, hər şey qarşılıqlı məhəbbət əsasında baş verib. Bu sevginin uzunmüddətli olmamasının səbəbkarı mən olmadım. Həmin adam illər keçəndən sonra öz səhvini etiraf etdi, dedi ki, anasının sözünə qulaq asıb. Lakin qatar artıq getmişdi. Bu məhəbbətim alınmayandan sonra mən şüurlu surətdə yenidən sevməkdən imtina etdim. Çünki dünyada ən böyük dərd sevgi iztirablarıdır. Ondan sonra mənə rast gələnlərdən, hətta övladımın atasını diqqətlə “görmək”dən qorxdum…”- söyləyir.

Haqqında söhbət açdığım Bəsti Əli qızı Cəfərova 1959-cu ildə Bakıda dünyaya gəlib. 1976-cı ildə 82 nömrəli orta məktəbi bitirdikdən sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1980-cı ildə həmin ali elm ocağını bitirdikdən sonra təyinatla Akademik Milli Dram Teatrına göndərilib. 2016-cı ildən Prezidentin Fərdi Təqaüdünü alır…

Deyir ki,- “Mən teatra gələndə kollektivə Əli İsmayılov rəhbərlik edirdi. Hərçənd ki, sonradan teatra rəhbərlik edən adamlar- Həsənağa Turabov, Əliabbas Qədirov, Maqbet Bünyadov, İsrafil İsrafilov və Azərpaşa Nemətovla da münasibətim çox yaxşı olub, amma etiraf edim ki, Əli İsmayılovun zamanı üçün çox darıxıram. Çünki o dövrdə çox gözəl yaradıcı atmosfer, nəhəng sənətkarlar vardı, mən onlardan öyrənirdim. Bunun üçün heç vaxt səhlənkarlıq etməmişəm, nizam-intizamlı olmuşam, işimə cidd yanaşmışam…”

Teatrın yeni rəhbərliyindən razılıqla danışır. “Mehriban Ələkbərzadə işgüzar xanımdır, gəlişi ilə teatra yeni nəfəs gətirib, gözəl ab-hava yaradıb. İnanıram ki, onunla işləmək bütün kollektivə xoş olacaq.”- deyə münasibət bildirir…

Ümumiyyətlə xalq artisti Bəsti Cəfərova səhnəmizin unikal aktrissalarından biridir. Bunu teatrda, eyni zamanda filmlərdə yaratdığı obrazlar da dil açıb söyləyirlər. Onu bu ölkədə tanımayan çətin tapılar. Sevənləri, o cümlədən heyranları çoxdur. İyunun 13-də 64 yaşı tamam olur. Ona möhkəm cansağlığı, uzun ömür, səhnə və pedaqoji fəaliyyətində uğurlar arzulayıram.
Yeni yaşınız mübarək, Bəsti xanım!

Hörmətlə, Elman Eldaroğlu

Share: