Yeni traulerdə ovlanan balıqlar emal əməliyyatına kimi təzə qalacaq

“Vard Design” gəmiqayırma şirkətinin rəhbərliyinin sözlərinə görə, belə gəminin tikintisi üzrə müqavilənin dəyəri 500 milyon Norveç kronunu ( təxminən 57 milyon 350 min ABŞ dolları) keçəcək.

Uzunluğu 80,4 metr və eni 16,7 metr, suya maksimum oturumu 7 metr olan traulerin 1825 kubmetr həcmdə soyuducu və 365 kubmetr həcmdə hazır məhsullar anbarları olacaq.

Gəmi balıqların həyat fəaliyyətini təmin edən xüsusi sistemlə təchiz olunacaq, bunun sayəsində tutulan dəniz canlıları, emal edilənə kimi təzə qalacaq. Bundan əlavə, modernləşdirilmiş avtomatik balıq emalı xəttinin, həmçinin sonradan tam utilizasiyası məqsədi ilə balıqların baş, içalat və digər tullantılarının saxlanması və təhlükəsiz daşınması üçün xüsusi dondurucu kameraların quraşdırılması nəzərdə tutulur.

Bu, “Vard” gəmiqayırma zavodunda “Nergård Havfiske” üçün tikilmiş eyni tipli üçüncü gəmidir. “Senja” adlı ilk gəmi artıq istismardadır, ikincisi  yanvarın sonuna qədər balıqçılıq şirkətinə təhvil veriləcək.

Yeni traulerin gövdəsi Rumıniyanın “Vard” törəmə müəssisəsinin tərsanəsində tikiləcək, son tamamlama işləri və bütün lazımi avadanlıqların quraşdırılması Norveçin Alesund şəhərindəki “Vard Brattvaaq” gəmiqayırma zavodunda həyata keçiriləcək.

Gəminin 2023-cü ilin sonunda sifarişçiyə təhvil verilməsi planlaşdırılır.

Share: