“Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir…”

Zəngin tarixə malik özünəməxsus ənənə və dəyərlərin yaşadılması mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Milli-mənəvi dəyərlərimizin, eləcə də xalqımızın qədim mərasimlərinin, bayramlarının, adət-ənənələrinin mühafizə edilməsi, qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi vacib məsələlərdəndir. Çünki milli adət-ənənələr və qədim mərasimlər hər bir xalqın milli mənəviyyatının zənginliyindən, həmin xalqın tarixinin qədimliyindən xəbər verir. Xalqımızın mərasim, adət-ənənələr, ritual və ayinlərlə zəngin olan ən qədim bayramlarından biri Novruzdur. Novruz bayramına qədər isə dörd çərşənbə qeyd olunur. Bu çərşənbələr su, od, yel və torpaq adlanır.
Bu gün “Yel (külək, hava) çərşənbəsi”dir.
AMEA Folklor İnstitutunun “Folklor və yazılı ədəbiyyat şöbəsi”nin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev Moderator.az-a açıqlamasında yel çərşənbəsi haqda məlumat verib.
Ə.Vəliyev bildirib ki,  yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir:
“Bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Hava çərşənbəsi” kimi də tanınır. İnanclara görə Yel çərşənbəsi yelin təzəcə çıxmış otları, ağaclardakı tumurcuqları, təbiəti oyadaraq Novruzun gəlişi barədə xəbərdar etməsi ilə bağlıdır. “Türk mifoloji təsəvvüründə “Yel baba” dörd cür libas geyinir: ağ, qara, göy və qırmızı. Qara yel Qərbdən, Ağ yel Şərqdən əsir. Xəzri göy libasda, gilavar isə qırmızı libasda görünür. Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə istiqamət dəyişməsi, isti və ya soyuq olması, əslində, onun özünün – küləyin – havanın təmizlənməsi, yenilənməsi kimi qəbul edilir”.
Ə.Vəliyev qeyd edib ki, bu çərşənbədə insanlar evlərində bayram təmizliyi edərlər:
“Yel çərşənbəsi günü evlərdəki yorğan-döşək, xalça-palaz, geyimlər həyətə çıxarılır, barıların, məhəccərlərin üstünə sərilərək çırpılır, təmizlənir. İnama görə, yel çərşənbəsində yorğan-döşək, xalça-palaz, geyimlər havaya verilərsə, təmizlənər. Daha sonra həyətlərdə tonqallar qalanır, evlərdə plov (aş), lobyalı aş, bulğur aşı və s. bişirilir. Süfrəyə daha çox quru meyvələr və dənli bitkilərdən hazırlanmış nemətlər düzülür”.
Ə.Vəliyev belə gündə insanların öz ölülərinin məzarlarını ziyarət etdiyini bildirib:
“Bölgələrdə, xüsusilə də Naxçıvanda Yel çərşənbəsi qəbirüstü ziyarət, əcdadların, vəfat edən yaxın-qohum əqrabanın yada salınması günü kimi də qeyd edilir. Məzarların üstü təmizlənir, ziyarət edilir, üzərində şam yandırılır, səməni qoyulur, vəfat edənlərin ruhuna dualar oxunur. Sonra evdə ehsan hazırlanır. Ehsan yeməyi əsasən plov (aş), halva və s. olur. Ehsan qohum-əqrabalara, qonşulara paylanır. Qadınlar il ərzində yas düşən evləri gəzərək, vəfat edənlərin ailə üzvlərinə, yaxınlarına başsağlığı, təsəlli verir, mərhuma Allahdan rəhmət diləyirlər. Həmin gün həm də “yasdan çıxarma” sayılır. Yasdan çıxarmadan sonra yas saxlamaq məqbul sayılmaz, artıq deyərlər ki, toy, xeyir işlər etmək lazımdır.
Qədim zamanlarda hələ xırmanın mövcud olduğu vaxtlarda Yellə bağlı mərasimlər keçirilirdi. İnsanlar xırmanda taxılın sovrulması zamanı “Yel baba, gəl, ağ atına arpa, saman apar” deyərək küləyi, yeli müxtəlif nəğmələrlə köməyə çağırardılar. İnanclara görə bu mərasimdən sonra yel əsər və insanlar taxılı rahat sovurardı. Bütün dərd qəmimizin, çətinliklərimizin və problemlərimizin, ağrı-acılarımızın küləyin özü ilə lap uzaqlara aparması  diləyilə Yel çərşənbəmiz mübarək olsun”.

Share: