“Suvar” Ləzgi Xalq Mahnı və Rəqs Ansamblı yaradıcılıq fəaliyyətinin 30 illiyini yubiley konserti ilə qeyd edib. 30 may tarixində Heydər Əliyev Sarayında keçirilən konsertdə kollektivin illər ərzində formalaşmış zəngin səhnə ənənələri və rəngarəng rəqs nömrələri tamaşaçılara təqdim olunub.
Gecədə müxtəlif qonaqlar iştirak edib və maraqlı çıxışlar səsləndirilib. Tədbirdə iştirak edən qonaqlar öz təəssüratlarını və təbriklərini bölüşüblər.
Millət vəkili Azər Badamov: “Bu gün Ümummilli Lider Heydər Əliyevin adına olan möhtəşəm Sarayda Azərbaycanın zəngin mədəni palitrasında özünəməxsus yeri olan “Suvar” Ansamblının 30 illik yubileyi qeyd olunur. Bu yubiley təkcə bir kollektivin yaradıcılıq bayramı deyil, həm də ölkəmizin multikultural dəyərlərinin, xalqlarımız arasında dostluğun və həmrəyliyin təntənəsidir. “Suvar” Ansamblı 30 il ərzində ləzgi xalqının zəngin folklorunu, musiqisini və rəqs mədəniyyətini yaşadaraq gələcək nəsillərə ötürmüş, eyni zamanda bu irsi Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi kimi təqdim etmişdir. Azərbaycan tarixən müxtəlif xalqların, dillərin və mədəniyyətlərin qarşılıqlı hörmət və etimad şəraitində yaşadığı bir məkan olub. Bu gün “Suvar” Ansamblının fəaliyyəti bir daha göstərir ki, mədəni müxtəlifliyimiz bizim ən böyük sərvətlərimizdən biridir. Ləzgi mədəniyyətinin yaşadılması və inkişafı eyni zamanda ümumi Azərbaycan mədəniyyətinin zənginləşməsinə xidmət edir. Ansamblın hər çıxışında biz təkcə gözəl musiqi və rəqslər deyil, həm də xalqımızın birlik ruhunu, qarşılıqlı ehtiramını və milli həmrəyliyini görürük. Məhz bu dəyərlər Azərbaycan cəmiyyətinin gücünü və dayanıqlığını təmin edir. Bu əlamətdar yubiley münasibətilə “Suvar” Ansamblının rəhbərliyini, sənətçilərini və kollektivin uğurlarında əməyi olan hər kəsi ürəkdən təbrik edir, onlara yeni yaradıcılıq nailiyyətləri, möhkəm cansağlığı və bol uğurlar arzulayıram. Qoy “Suvar” Ansamblının sənət yolu bundan sonra da ölkəmizdə xalqlar arasında dostluğun, mədəni həmrəyliyin və qarşılıqlı hörmətin daha da möhkəmlənməsinə xidmət etsin. 30 illik yubileyiniz mübarək olsun!”.

“Suvar” Ansamblının yaradıcısı Sədaqət Kərimova:“Suvar mənim bir övladımdır, mən hər zaman onlara ana kimi yanaşmışam. Suvar çox çətin yollardan keçdi, amma yenə də öz qamətini və fəaliyyətini qoruyub saxladı. “Suvar” ansamblının hazırkı rəhbəri Zavir Nəcəfov hər zaman mənə dəstək göstərib, yaxşı və pis günlərdə kollektivin yanında olub, tələbələrimizə dayaq durub. Bir müddət sonra ansamblı ona təhvil verdim. Nə yaxşı ki, o, çox gözəl rəhbər olmağı bacardı. Ansamblın inkişafı üçün əlindən gələni edir. Mən hər zaman onlarla qürur duymuşam.”

“Suvar” Ansamblının solisti Elvina Heydərova:““Suvar” Ansamblı mənim üçün sadəcə bir kollektiv deyil, həyatımın və yaradıcılıq yolumun ayrılmaz hissəsidir. Bu ansamblda keçirdiyim illər ərzində çox gözəl xatirələr qazanmışam. Birlikdə çıxdığımız səhnələr, yaşadığımız həyəcanlar, sevinc dolu anlar mənim üçün çox dəyərlidir. “Suvar” mənə təkcə sənət yolu deyil, həm də doğma insanlar, səmimi münasibətlər və böyük bir ailə qazandırıb. Bu kollektivin solisti olmaq mənim üçün hər zaman qürur mənbəyi olub. Bu gün xüsusilə ansamblın yaradıcısı Sədaqət Kərimovaya dərin minnətdarlığımı bildirmək istəyirəm. Onun zəhməti, uzaqgörənliyi və milli mədəniyyətimizə olan sevgisi sayəsində “Suvar” Ansamblı yaranıb və bu günə qədər böyük uğurlarla yoluna davam edir. Onun qoyduğu yol və dəyərlər bizim üçün hər zaman örnəkdir. Eyni zamanda, bu möhtəşəm yubiley konsertinin təşkilinə böyük əmək sərf edən ansamblın rəhbəri Zavir Nəcəfova da təşəkkürümü bildirirəm. Onun əməyi, qayğısı və kollektivə olan sevgisi sayəsində bu gözəl gecə ərsəyə gəlib. Belə insanların sayəsində “Suvar” yaşayır, inkişaf edir və yeni uğurlara imza atır. “Suvar” Ansamblının 30 illik yubileyi münasibətilə bütün kollektivimizi ürəkdən təbrik edirəm, hər bir üzvə can sağlığı, yeni yaradıcılıq uğurları və bol alqışlar arzulayıram.”

Polkovnik Rəşad Aslanov: “Suvar” Ansamblına mən də öz növbəmdə uğurlar arzulayıram. Xalqımızı, ölkəmizi dünyanın müxtəlif ölkələrində uğurla təmsil etməsi bizim üçün böyük uğur və fəxr hissi yaradır. Onların keçdiyi bu uzun və uğurlu yolun davamı daha da parlaq olsun. Bu gün artıq uzun illərdir ki, bu ansambl öz səsi ilə səs salır. Sədaqət Kərimova, Zavir Nəcəfov başda olmaqla bütün kollektivi, yaradıcı heyəti eyni zamanda xalqımızı təbrik edirəm. Uğurlar daim sizinlə olsun.”

Konsert müxtəlif rəqs nömrələri və səhnə çıxışları ilə coşqulu atmosferdə yadda qalıb. Tədbirin sonunda ansamblın rəhbəri Zavir Nəcəfov Dağıstanın xalq artisti, “Ləzginka” ansamblının veteranı və “Vətən” ansamblının bədii rəhbəri Ali Maqomedoviç tərəfindən Dağıstan Xoreoqraflar Cəmiyyəti adından medalla təltif olunub. Sonda Zavir Nəcəfov öz arzularını bölüşüb: “Ölkəmizi dünyanın müxtəlif ölkələrində layiqincə təmsil etmək bizim missiyamızdır. Nə yaxşı ki, bunu bacarmışıq və daha da inkişaf etməyimiz üçün əlimizdən gələni edəcəyik.” Son olaraq biz də öz növbəmizdə “Suvar” ansamblı təbrik edir, fəaliyyətində böyük nailiyyətlər diləyirik.

Havar Şəfiyeva




















